“Gülər Əhmədova düz deyir, o danışsa, proseslər pis ola bilər”
Hikmət Hacızadə: «Müavinlərin təyinatı Ramiz Mehdiyevin postundan uzaqlaşdırılmasına hazırlıqdır»
Rusiyanın gözlənilmədən Qəbələ RLS-dən imtina etməsi baş verənlərlə bağlı xeyli sual yaradıb. Ekspertlərin söylədiklərinə görə, Qəbələ RLS köhnə tipli stansiya olsa da, hələ on il müddətində Rusiyanın strateji maraqlarına uyğun iònformasiya vermək bacarığında idi. Elə məhz buna görə də Rusiya Azərbaycan tərəfindən hələ dünənə qədər stansiyanın icarəsini endirməsini istəyirdi. Onu da qeyd edək ki, Qəbələ RLS 6000 kilometr radiusda havaya qalxan istənilən obyektin texniki xarakteristikası və uçuş istiqaməti barədə məlumat toplamağa qadirdir.
Hazırda regionumuzda baş verənləri, xüsusilə Iran ətrafında cərəyan edən prosesləri nəzərə alsaq, bu, mühüm əhəmiyyəti olan obyektdir. Politoloq Hikmət Hacızadə ilə müsahibəmizə məhz bu suala aydınlıq gətirməklə bağşladıq:
– Qəbələ RLS-dən Rusiyanın imtina etməsi iki dövlət arasında gərginliyin artmasının təzahürüdür. Bu qərarın verilməsi çox gözlənilməz oldu və baş verənlərdə qaranlıq məqamlar kifayət qədərdir. Ona görə cərəyan edən tendensiyanı olduqca təhlükəli sayıram. Baş verənlər əvvəlcədən danışılmış oyunun tərkib hissəsi deyilsə, iki dövlət arasında hazırda qarşıdurmanın pik həddində olduğunu nəzərə alarıqsa, Rusiyanın son addımı Azərbaycan üçün çox təhlükəlidir. Bundan başqa, Azərbaycanın ətrafındakı geosiyasi gərginliyi də nəzərə almaq lazımdır. Iran, Suriya ətrafında baş verənlərin fonunda Rusiyanın bu addımı gələcəyə hesablanmış kimi görünür. Bu isə düşünməyə vadar edir. Rusiyanın RLS-dən imtinası Azərbaycana baha başa gələ bilər. Putin özü də dəfələrlə bu cür situasiyalarda hansı addımlar atmağa meyilli olduğunu göstərib. Bu addım razılaşdırılmayıbsa, Putin bunun əvəzini çıxmağa çalışacaq.
– Rusiyanın təzyiqləri hansı formada özünü göstərə bilər?
– Rusiyanın Azərbaycana təzyiq etmək üçün kifayət qədər üsulları var. Ilk olaraq Rusiyada yaşayan soydaşlarımız ölkədən çıxarıla bilər. Onsuz da onlara qarşı Rusiyadakı şərtlərin ağırlaşdırılacağı bəyan olunur. Bundan başqa, Rusiya ilə Azərbaycanın sərhədi bağlana bilər və nəticədə Azərbaycan malları gömrükdə yatacaq. Bundan başqa, Rusiya Ermənistana yardımını daha da artıra, Qarabağdakı separatçı rejimi daha açıq formada dəstəkləyə bilər. Etnik azlıqlarla da bağlı Rusiya Azərbaycan üçün problemlər yarada bilər.
Hakimiyyətə hər tərəfdən təzyiqlər güclənir
– Vladimir Putinin səlahiyyətli nümayəndəsi, Rusiya Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyətinin prezidenti Söyün Sadıqovun partiya yaratdığı barədə məlumat yayılıb. Milli Vahid Rusiya Partiyasının əsas nüvəsini Rusiyada yaşayan və bu dövlətin vətəndaşı olan azərbaycanlıların təşkil edəcəyi gözlənilir. Bu təşkilatın Azərbaycanın daxili siyasi həyatına təsiri nə dərəcədə ola bilər?
– Bu addım mənim üçün tam aydın deyil. Bu məsələnin ətrafında hansı proseslərin baş verəcəyini gözləmək lazımdır. Amma hər bir halda baş verən hadisə Azərbaycan hakimiyyətinə bütün istiqamətdən təhlükələrin artacağını deməyə əsas verir. Rusiyada Azərbaycan hakimiyyəti ilə baş verənləri ciddi izləmək lazımdır. Azərbaycan hakimiyyəti ətrafında eyni zamanda əlverişsiz beynəlxalq vəziyyət də yaranıb. Bu barədə iqtidar ciddi düşünməlidir. Xarici təsirlərə qarşı hakimiyyət yalnız repressiyalarla özünü qorumamalıdır. Vətəndaş cəmiyyətini gücləndirmək, demokratik dəyərlərə söykənmək gərəkdir. Iqtidar heç olmasa öz vətəndaşlarına qarşı müharibəni dayandırmalıdır.
– ABŞ dövlət katibinin demokratiya, insan hüquqları üzrə köməkçisinin yardımçısı Tomas Melia iqtidarın siyasətini dəvəquşu davranışına bənzədib. Onun fikrincə, hakimiyyət insanların fikirlərini ifadə etmək haqlarına hörmət qoymalı, azad mətbuatı boğmamalıdır…
– Bu fikirləri yüksək qiymətləndirirəm. ABŞ diplomatı bir daha göstərdi ki, Azərbaycan demokratiyaya hazırdır və hakimiyyət repressiyalarla özündən narazılığın qarşısını ala bilməyəcək. Hakimiyyət, əlbəttə, qumdan başını çıxarıb ətrafında baş verənlərə nəzər yetirməlidir. Bütün bunlar olmasa, proseslərin sonluğu çox pis olacaq.
– Bu günlərdə paytaxtımızda “demokratiya naminə incəsənət” adı altında yeni kampaniya təsis edilib. Bu kampaniya Insan Hüquqları Klubu, Reportyorların Azadlıq və Təhlükəsizlik Institutu (RATI),ÿMilli və Beynəlxalq Araşdırmalar tərəfindən incəsənət vasitəsilə demokratiya və insan hüquqları ideyalarının təşviqi məqsədilə keçirilir. Kampaniyaya ABŞ və Avropa Birliyi də dəstək verir. Bu təşəbbüsü necə dəyərləndirirsiniz?
– Bu çox sevindirici haldır. Bizim gənclərimiz, mütəfəkkirlərimiz, ziyalılarımız ömürlərinin bir hissəsini bu istiqamətdə mübarizəyə həsr etməlidir. Azərbaycan cəmiyyəti yalnız bu günlə yaşamamalıdır. Bu tip təşəbbüslərlə toplumun demokratiyaya hazır olduğu bəyan olunmalıdır. Bu, dünyaya Azərbaycan həqiqətlərinin çatdırılması, demokratiyanın acınacaqlı durumunun gündəmə gətirilməsi üçün uğurlu yoldur.
Zəruri dəyişikliklərə ehtiyac var
– Azərbaycanda demokratiyanın durumunun son zamanlar daha tez-tez gündəmə gətirilməsi hakimiyyətə nə vəd edir?
– Bu fəallığın artması Azərbaycanda dəyişikliklərin olacağını deməyə əsas verir. Bu dəyişikliklər zərurətə uyğun olaraq həyata keçirilərsə, qansız baş verə bilər. Demokratik dəyişikliklər mütləq olacaq. Sadəcə olaraq biz bu dəyişikliklərin cəmiyyət üçün ağrısız baş verməsini, qansız reallaşmasını istəyirik. Azərbaycanın demokratik kəsimi Suriyadakı kimi qanlı proseslərin olmasını istəmir. Bunun üçünsə, gərək vətəndaş cəmiyyətinin fəallığı artsın. Bütün bunlar baş verməzsə, cəmiyyətdə sosial partlayış baş verəcək.
– “Freedom House” beynəlxalq insan haqları təşkilatı 2012-ci il üzrə dünyada azadlıq hesabatını yayıb. Azərbaycan hesabatda əvvəlki illərdə olduğu kimi, “azad olmayan” ölkələr sırasında yer alıb.ÿSeçki ərəfəsində bu cür bəyanatlar müntəzəm olaraq səslənməsi ölkənin beynəlxalq imicinə necə təsir edir?
– Azərbaycan ətrafında gərginlik artır. Bu gərginliyin seçki prosesinə necə təsir edəcəyini birmənalı söyləmək çətindir. Seçkinin demokratik keçirilməsi üçün normal seçki, ciddi dəyişikliklər istəyi cəmiyyətin böyük əksəriyyəti tərəfindən sərt tələb kimi ortaya qoyulmalıdır. Hələlik Azərbaycana qarşı demokratik tələblər artan xətlə gedir. Ölkə dağılmasın deyə biz ağıllı addımlar atmalıyıq. O zaman bəlkə sülh yolu ilə islahatlara başlaya bildik.
Cəzasızlıq mühitində hüquq-mühafizə orqanları hər vasitəyə əl atır
– Son zamanlar MTN-in fəaliyyəti ilə bağlı mətbuatda müxtəlif məlumatlar dərc olunmaqdadır. Onlardan biri AXCP sədrinə qarşı bu strukturun sui-qəsd hazırlamasıyla bağlıdır. Əli Kərimliyə qarşı indiyə qədər müxtəlif çirkin kampaniyalar olub. Amma hakimiyyətin siyasi opponentini fiziki cəhətdən məhv etmək niyyətinə dair ilk dəfədir ki, baş verir. Ölkənin təhlükəsizliyinə cavabdeh olan strukturun belə fəaliyyətin necə qiymətləndirmək olar?
– Əlbəttə, bu, yolverilməzdir. Azərbaycanda hazırda elə bir durum hökm sürür ki, istənilən adamı öldürə və ya tuta bilərlər. Elmar Hüseynovun qətli bunu təsdiqlədi. Cəzasızlıq iqlimində yaşayan strukturların son nöqtədə belə şeylərə qadir olduqları hamıya məlumdur.
– Ramiz Mehdiyevə dörd müavinin təyinatı seçki ərəfəsində nəyə hesablanıb. Bu “boz kordinal”ın mövqelərinin zəiflədilməsidir, yoxsa gücləndirilməsi?
– Bu addımın 2 izahatı ola bilər. Birinci fərziyyəyə görə, hakimiyyət artan gərginliyi hiss edir və buna görə idarəetmə aparatını gücləndirməyə çalışır. Əvvəllər xariclə əlaqəli olan məsələlərə, neft müqavilələrinə dövlət başçısı nəzarət edirdi, ölkədaxili məsələlərə, seçkilərin keçirilməsinə Prezident Administirasiyasının rəhbəri nəzarət edirdi. Amma belə görünür ki, ölkə daxilində durum gərginləşdiyindən hakimiyyət daha çox diqqəti bu sahəyə yönəltmək niyyətindədir. Ikinci fərziyyə isə ondan ibarətdir ki, bu, Ramiz Mehdiyevin postundan uzaqlaşdırılmasına hazırlıqdır və buna görə də bu sahəyə bələd şəxslər ona müavin təyin olunur.
Gülər Əhmədovaya qarşı kampaniya davam edə bilməzdi
– Gülər Əhmədova ilə bağlı proseslər də maraq doğurur. Qaldırılan cinayət işinin öncə ciddi araşdırıldığı təəssüratı yaradılsa da Gülər Əhmədovanın “ağzımı açdırmayın” mesajından sonra ona qarşı olan hücumlara son qoyuldu. Baş verənlərə münasibətiniz necədir?
– Gülər Əhmədova düz deyir, o danışsa, proseslər pis ola bilər. Görünür, onun da əlində müəyyən faktlar var danışmağa. Ona görə də hakimiyyət təmsilçiləri bunu bildiklərindən kampaniyalarını dayandırdılar.
– Məhərrəm Əliyevin Prezident Administirasiyasına təyinatını necə dəyərləndirərdiniz. Çünki Məhərrəm Əliyevin Ramiz Mehdiyevlə əlaqələrində gərginlik olub və belə bir şəxsin aparata gətirilməsi nə məqsəd daşıya bilər?
– Bilirsiniz, bu məsələlərə dəqiq cavab vermək üçün hakimiyyətdəkilərin ağlı və təfəkkürünə uyğun düşünməlisən. Mən isə bunu bacarmıram. Hakimiyyətin bu addımı Qərbi azərbaycanlıların könlünü almağa hesablana bilər. Çünki hakimiyyət bu dayağını özündən küskün salıb. Məhərrəm Əliyev isə Qərbi azərbaycanlıların lideridir. Məhərrəm Əliyev Əli Insanovun qudasıdır və ondan keçmiş nazirə qarşı ifadə almaq istəsələr də bu baş tutmadı. Elə buna görə Məhərrəm Əliyev sürgün edildi. Indisə onun seçki ərəfəsində qaytarılması təsadüfi deyil. Ya da Məhərrəm Əliyev Ramil Usubova qarşı balansın yaradılması üçün hazırlanır.
Xəyal