Elşad Abdullayevin yaydığı son videonun ictimai müzakirəsində ciddi mesajlar verildi (FOTO/VIDEO)
Əli Kərimli: “Hüquq mühafizə sisteminin, generallarının tamamən içində olduğu cinayətkar dəstədən söhbət gedir”
Cəmil Həsənli: “Azərbaycanda sistemin mahiyyəti rüşvətdir, korrupsiyadır”
Lisenziyası ləğv olunmuş Azərbaycan Beynəlxalq Universitetinin rektoru, hazırda Fransada mühacirətdə olan Elşad Abdullayevin yaydığı sonuncu videonu ötən gün İctimai Palata (İP) müzakirəyə çıxardı. İP Koordinasiya Şurasının üzvü Vidadi Mirkamalın moderatorluğu ilə keçən müzakirələrdə əksər ictimai-siyasi qüvvələrin təmsilçiləri iştirak edirdi.
Ölkədə ciddi idarəetmə böhranı var
Qısa giriş sözündə V.Mirkamal özü də E.Abdullayevin yaydığı videogörüntülərlə bağlı fikirlərini bölüşdü. Bildirdi ki, həmin videolar ölkədə ciddi idarəetmə böhranı olduğunu göstərir: “Görüntülərdən, eləcə də Elşad Abdullayevin özünün apardığı müstəqil araşdırmadan bəlli olur ki, Azərbaycanda qanunverici orqan, hüquq-mühafizə sistemi saxtakarların, cinayətkarların əlindədir”.
V.Mirkamal Azərbaycanda dövlətçiliyin təhlükə altında olduğuna diqqət çəkərək bildirdi ki, boğazdan yuxarı “dövlətçilik siyasəti”ndən danışanlar ciddi dövlət postunda əyləşmiş adamın – hakim Ağababa Babayevin açıqlamaları barədə düşünüb danışmalıdırlar.
Dövlət adam oğurluğu ilə məşğuldur
Daha sonra İctimai Palatanın Koordinasiya Şurasının üzvü, AXCP sdri Əli Kərimlinin mövzu ətrafında çıxış etdi:
– Elşad Abdullayevin yaydığı sonuncu videoda biz görürük ki, Nərimanov rayon məhkəməsinin keçmiş sədri, hazırda isə Ağır Cinayətlərə dair Məhkəmənin hakimi olan Ağababa Babayev birbaşa dövlət səviyyəsində həyata keçirilən cinayətlərdən danışır, özünə məlum olan hallarla bağlı şahid ifadəsi verir. Bu dəhşətli faktla sübut olunur ki, həmin video çəkilənə qədər artıq 3 il 8 aydır ki, oğurlanan, qanunsuz gizlədilən və qaytarılmasına görə yaxınlarından pul tələb edilən Mahir Abdullayev dövlət idarəsində – Daxili İşlər Hazirliyinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılır. Yəni, adam oğurluğunda dövlət orqanının iştirakı bu görüntülərdə birbaşa təsdiq olunub. Geniş ictimaiyyət üçün videonun əhəmiyyəti də bundan ibarətdir.
Məhkəmə sisteminin tam ifşası
Hacı Ağababa bu ölkədə məhkəmə sisteminin oyuncaq olduğunu təsdiq edir. Biz bilirdik ki, məhkəmələr Prezident Aparatının sifarişlərini yerinə yetirir, amma məhkəmə sədri rəsmən təsdiq edir ki, nəinki Prezident Aparatı, hətta hüquq-mühafizə orqanlarının göstərişləri də məhkəmələr üçün məcburi imiş. Məhkəmə sədri deyir: “7-8 ildir nə demisiniz, hamısını etmişik”. Kimin haqqında deyilir bunlar? Daxili İşlər Hazirliyinin rəhbərliyi haqqında. Yəni, məhkəmə sisteminin tam iflas etdiyini bu video aşkar şəkildə sübut edir.
Pullu adamları hüquq-mühafizə orqanları soyur
Bu videoda başqa bir böyük cinayətdən də söz açılır. Zülfüqarlı qardaşlarının rəsmən 5 milyon müqabilində azad edildiyini və elə onların həbsinin də bu məqsədlə həyata keçirildiyi bildirilir. Özü də kim bunu edir? Elə bir adamlar ki, məhkəmə sədri onların qarşısında səsini çıxara bilmir. Necə olur, cəmiyyətin birmənalı neqativ münasibət bəslədiyi tör-töküntülərin sözü ilə məlum “zəhərlənmə şou”su yaradılır, onlarla adam dindirilir, amma mühüm bir məhkəmə sədrinin bu ifadəsilə bağlı araşdırma başlamır? Hacının ifadəsi həmçinin başqa bir nəfərin də 2 milyon pulunu almaq üçün həbs edildiyini təsdiqləyir. Hakimin dediyindən belə məlum olur ki, həmin adamın da heç bir günahı yoxdur. Sadəcə, yaxşı pulu olduğuna görə sifarişlə saxlanılıb. Rəsmən təsdiqlənir ki, pullu adamlar dövlət səviyyəsində həbs olunur, pulu alınır, sonra buraxılır.
Hacı Məmmədovun dediyi osminoq…
Videonun sonunda belə bir məqam var: Elşad Abdullayev oğurlanan qardaşının təsadüfi adam olmadığını deyir. Məhkəmə sədri də cavabında bildirir ki, “əşşi, bunların təsadüfi adamlarla nə işi var?” Deməli, bütün gözəgəlimli, biznesdə, ictimai-siyasi mühitdə uğur qazananların hamısı hakimiyyətin potensial hədəfdilər.
Xatirimdədir, məhkəməsi zamanı Hacı Məmmədov belə bir ifadə işlətmişdi ki, əsl cinayətkar dəstə ondan kənarda və azadlıqdadır. Demişdi, əsl osminoq azadlıqda öz işini görür. Açığı, mən bu videoda həmin osminoqu gördüm: dövlətin hüquq-mühafizə sisteminin, generallarının da daxil olduğu cinayətkar dəstədən söhbət gedir.
Günün sualı
Baxın, Mahir Abdullayev Milli Təhlükəsizlik nazirinin köməkçisi, mayor olub. Vaxtaşırı dövlət başçısı ilə görüşmək imkanı olan bir nazirin köməkçisini kimlər oğurlayıb o şəkildə saxlaya bilər? Əgər belə bir adamın başına bu cür hadisə gətirilirsə, istənilən azərbaycanlılın taleyi necə ola bilər? Özü MTH mayoru, qardaşlarının biri universitet rektoru, o biri prokurorluğun polkovnik rütbəli əməkdaşı olan bir şəxsi üç il yarım səssiz-səmirsiz oğurlayıb saxlaya bilirlərsə, sıradan bir vətəndaşımızın başına görün nə gətirirlər…
Videodan mesajlar
Bu videokadrlarda bir neçə mesaj da var.
Birinci: Birmənalı şəkildə sübut olundu ki, Azərbaycandakı hakimiyyət sadəcə avtoritar hakimiyyət deyil, təkcə insanların hüquq və azadlıqlarını tapdayan, qələbələri oğurlayan, zorakı deyil, ümumiyyətlə, kriminal dəstədir. Ən ağır cinayətlərin “hüquq-mühafizə” adı altında gizlənmiş strukturlar tərəfindən həyata keçirildiyinin sübutu çıxıb ortaya.
İkinci: Bu videolarda Azərbaycan cəmiyyətinin bütün təbəqələrinə mesaj var. Dövlət idarələrində işləyənlərə mesaj var ki, onların hər biri Mahir Abdullayevin, Gülər Əhmədovanın, Hacı Ağababanın taleyini yaşaya bilər. Onlar dəhşətli dərəcədə kriminallaşan sistemin “vitncik”ləridir.
Bu “vintlər” hər gün o təhlükəni yaşamaqla günlərini keçirirlər.
Üçüncü: Bu videoda sahibkarlara ciddi mesaj var. Sahibkarlar başa düşməlidirlər ki, məhkəmə sədrinin xatırlatdığı – sadəcə pulu olduğuna görə həbs olunub, pulu alınandan sonra azadlığa buraxılan şəxs onların hər biri ola bilər.
Videoya baxandan sonra mən düşündüm ki, biz necə də sadəlövhcəsinə illərdir təəccüblü suallar veririk ki, Elmar Hüseynov qətli və bu qəbildən olan digər ağır cinayətlərin üstü niyə açılmır? Bu təəccüblü sualın cavabı videolarda var. Bu videonu görəndən, hüquq-mühafizə sisteminin hansı günə qaldığını biləndən sonra açığı, artıq belə fikrə düşməyin özü qeyri-ciddidir. Biz kimlərdən gözləyirik bu cinayətlərin açılmasını?
Bu video təkcə Azərbaycan hakimiyyətini ifşa eləmir…
Azərbaycan hökumətinə müxtəlif bəhanələrlə kömək eləyən bütün o xidmətçilərin hamısını bu görüntülər növbəti dəfə ifşa etdi. Biz buradan o adamlara səslənməliyik. Özünü hakimiyyət düşərgəsində hesab edən siyasətçi də, yandaş mediada çalışan jurnalist də, QHT yaradıb hökumətin ömrünü uzatmağa çalışan “vətəndaş cəmiyyəti təmsilçiləri” də fərqlində olmalıdır ki, Azərbaycan cəmiyyəti onların təkcə avtoritar rejimə xidmət eləmədiyini dərk edir. Bu cür davranışla sizlər, vətəndaşları oğurlayan, öldürən cinayətkarların daha uzun müddətə hakimiyyətdə qalmasına yardımçı olursunuz.
“Cinayətkar dəstənin ifşa olunmaqdan xilasına imkan verməməliyik”
Elşad Abdullayev bəyan edir ki, bu videolar illər öncə MTN-ə də təqdim olunub. Və bu günə qədər də videodakı Hacı Ağababa hakimdir, heç bir istintaq getməyib, heç kimə “gözün üstə qaşın var” deyilməyib. Gümanlarımızı kənara qoyaq, ortada rəsmiyyət var. Məlum olur ki, neçə ildir Azərbaycanı idarə edən adamların cinayətlərdən xəbəri var. Ancaq cəmiyyət onları bilməyənə qədər, hökuməti idarə edənlərin təfəkküründə bunlar cinayət sayılmayıb.
Yəni, Elşad Abdullayev boğaza yığılıb, ictimaiyyətə müraciət edib bu videoları açmasaydı, Baş Prokurorluq, MTH, Daxili İşlər Hazirliyi və nəhayət, prezident üçün bu əməllər cinayət sayılmırmış. Artıq bu məsələlər ictimailəşəndən sonra hökumət çalışacaq ki, 5-ci dərəcəli icraçıları qurban verməklə işi bitirsin.
Azərbaycan cəmiyyəti bu cür məsələlərdə həssaslıq göstərməli, səfərbər olmalı və bu işin də ört-basdır edilməsinə imkan verməməlidir. Bir neçə icraçını qurban verməklə nəhəng cinayətkar dəstənin ifşadan özünü xilas etməsinə imkan verməməliyik.
Nəhayət, cəmiyyət özünə qarşı hörmətsizliyi qəbul etməməlidir. Düşünməlidir ki, necə olur, 9 milyonun qarşısında belə cinayətləri törədənlər bizi idarə etmək iddiasında bulunurlar?
Hakimiyyət qorxusundan susur
Hövbəti çıxışçı Qurban Məmmədov bildirdi ki, videoda göstərilənlər azərbaycanlıların çoxdan bildiyi cinayətlərin sübutudur: “Hakimiyyətin yerinə olsaydım, videosu yayılan deputatı da, hakimi də həbsə atar və deyərdi ki, bu adamlar dövlətin adından yalan danışır. Lakin hakimiyyət bunu edə bilmir, çünki qorxur”.
Qorxunun səbəblərini açıqlayan Qurban Məmmədov dedi ki, analoji videolar çox adamlarda – polis rəislərində, prokurorlarda, iş adamlarında da var: “Mənim özümə vaxtilə sahibkarlar yanaşıb deyirdilər ki, onlardan böyük pullar tələb edib əvəzində monopolistlik təklif edirlər. Mən məsləhət verdim ki, gələcəkdə bu işlərin araşdırılması üçün bunların hamısını videoya çəksinlər. Onlar da bunu ediblər. Buna görə də hakimiyyət qorxusundan belə məsələlərdə susur.
Videodan görünür ki, hakimiyyət hakimlərin qürurunu sındırıb. Biz onlarla görüşəndə görürük ki, cavan adamlardılar, amma nevroz, şəkər xəstəliyinə tutulublar, əlləri əsir. Onlardan öz oyunlarında istifadə edənlər xüsusi müzakirə olunmalıdır”.
Qurban Məmmədov hesab edir ki, Elşad Abdullayevin açıqladığı videoları İctimai Palata və digər demokratik qüvvələr disklərə köçürüb, xalqa müraciət formasında əhali arasında yaymalıdır: “Müxalifət bu işi həyata keçirməlidir. Çünki xalqın böyük hissəsi əslində, nə baş verdiyindən məlumatsızdır”.
“Bu, çox təhlükəli haldır”
Ziyalılar Forumunun üzvü, professor Cəmil Həsənli İctimai Palatanın müzakirəyə çıxardığı mövzunun aktual olduğunu vurğuladı. Onun sözlərinə görə, bu məsələnin müzakirəsi bir daha əsl müxalifətin və gücün ünvanını göstərir: “Kim Azərbaycanda dəyişiklik istəyirsə, ədalətin bərpasına cəhd göstərirsə, bu prosesin ağırlıq yükünü öz çiynində götürən İctimai Palataya dəstək verməlidir. Biz aparacağı mübarizədə bundan sonra İctimai Palatanın yanında olmağa çalışacağıq”.
C.Həsənli qeyd etdi ki, Azərbaycanda bütövlükdə Konstitusiya, o cümlədən bu ali qanunun 1-ci maddəsi işləmir. Faktiki, Azərbaycan xalqı hakimiyyəti formalaşdırmaq hüququnu itirib: “Müşahidə elədiyimiz qalan bütün məsələlər də bunun tərkib hissəsidir. Hakimiyyət oğurluqla adaptasiya olub. Korrupsiyanın hesabatını dürüst təqdim eləyənlər hakimiyyətdə qabağa çəkilir, rütbəsi yüksəldilir. Bu da ölkədə mənəvi dəyərlərin pozulmasına gətirib çıxarır. Əlaqədar təşkilatlar zəhmət çəkib əvvəl Elşad Abdullayevin qardaşı ilə bağlı məsələlərə aydınlıq gətirsinlər. Sonra onun oğru olub-olmadığını aydınlaşdırsınlar. Hakimin dediyindən belə məlum olur ki, üç il yarım Mahiri qanunsuz həbsdə saxlayandan sonra gəlib hakimə deyiblər ki, onun haqqında həbs qərarı ver. Vətəndaş oğurlanıb üç il yarım Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsində saxlanılırsa, daha bu idarənin adındakı “Qarşı” sözünü çıxarmaq lazımdır. Azərbaycanda sistemin mahiyyəti rüşvətdir, korrupsiyadır”.
Anti-sovet yazıları və mövqeyinə rəğmən, Cəmil Həsənli etiraf etdi ki, Sovet Azərbaycanında insanların hüquq və azadlıqları müstəqil Azərbaycandakından daha yaxşı qorunub: “Bu, çox təhlükəli haldır. Bu, onunla nəticələnə nilər ki, o hacı hakimlikdən bezdiyi kimi, insanlarımız da müstəqillikdən bezə bilər”.
Hakimlər əsarətdədir
Azərbaycan Hüquqçular Assosiasiyasının prezidenti Ənnağı Hacıbəyli də Elşad Abdullayevin yaydığı son video ilə bağlı fikirlərini bölüşdü: “Bu videoya baxanda görünür ki, ölkədə elə sistem qurulub nə qanun, nə ləyaqət, nə də Həcc ziyarəti hakimi düzgünlüyə gətirə bilməyib. Bununla belə, hakim bezdiyini deyir. O, əslində, ölkədə məhkəmə hakimiyyətini xarakterizə edən faktı qoyub ortaya. İcra hakimiyyəti, qanunverici hakimiyyət, məhkəmə hakimiyyəti – hamısı eyni gündədir”.
Ənnağı Hacıbəyli bildirdi ki, onlar bir neçə il əvvəl hakimlik üçün imtahan verən şəxslərə təlim keçiblər. Təlimlər zamanı həmin şəxslər o qədər proqressiv görünüblər ki, adam düşünürmüş ki, məhkəmə sistemində bunların olması inqilab yaradacaq: “Ancaq illər keçəndən sonra bu adamların da rüşvətə, haqsızlığa qurşandığını gördük. Mən onlardan soruşdum ki, niyə belə oldular? Onlar dedi ki, müəllim, bizim iki yolumuz var: ya hakimlikdən getmək, ya da deyilənlərə boyun əymək. İş ondadır ki, bu adamlar gedə də bilmirlır. Onlara imkan vermirlər ki, gəlib bu sistemin üzvü olsunlar, sonra da rahatca getsinlər”.
“Azərbaycanda hakimiyyətin cinayətkar qolları formalaşıb”
Dinləmələrə Demokratik Qüvvələrin Məşvərət Məclisinin təmsilçiləri – ALP sədri Əvəz Temirxan və ACP sədrinin müavini Vaqif Mahmudov da qatılmışdı. Əvəz Temirxan İP-in bu cür dinləmələr keçirməsini təqdir etdiklərini bildirdi. Qeyd etdi ki, Məşvərət Məclisi bu cür tədbirləri birgə keçirməyə hazırdır.
“Azərbaycanda hakimiyyətin cinayətkar qolları formalaşıb. Son videolar bunun sübutudur. Xalq ayıqdır, sadəcə, müxalifətin birliyinə zərurət var ki, xalq hərəkətə keçsin. Biz bir araya gəlməliyik”, – deyə Əvəz Temirxan əlavə etdi.
Bu vəziyyət beynəlxalq təşkilatlara da çatdırılmalıdır
Ölkənin tanınmış hüquqşünaslarından olan Hamizəd Səfərov da hesab edir ki, E.Abdullayevin yaydığı videolar ölkədəki vəziyyəti cəmiyyətə faktlarla çatdırmağa əsas verir: “Bu videolar hakimiyyətə bir neçə il əvvəl çatdırılıb. Lakin göründüyü kimi, heç bir tədbir görülməyib. Hakimiyyət xalqı saymır. Elşad Abullayev əllərinə düşən kimi onu tutacaqlar. Lakin Gülər Əhmədova hakimiyyəti qorxutduğu üçün onu tutmurlar. Yaranmış vəziyyət beynəlxalq təşkilatlara da çatdırılmalıdır”.
Siyasi hakimiyyətin istefası məsələsi gündəmə gətirilməlidir
Sabiq baş nazir Pənah Hüseyn belə bir ideya ilə çıxış etdi ki, müzakirələrdə səslənən fikirlər, təkliflər sənəd şəklinə salınsın. O həmçinin hakimiyyətin, birbaşa icra hakimiyyətinin istefası tələbinin qoyulmasını təklif etdi: “Bu hakimiyyət üçün daha dəhşətli sürpriz videoların yayılması hələ qabaqdadır. Biz həmin videolardan görünən cinayətlərə və digər saysız-hesabsız qanunsuzluqlara yol verən siyasi hakimiyyətin istefası məsələsini qoymalıyıq. Daha nə olmalıdır ki, bu hakimiyyət istefaya getsin?”
Müsavat partiyası Gənclər Təşkilatının üzvü Kənan Səfərli təklif etdi ki, E.Abdullayevin videoları disklərə yazılaraq, gənclər arasında yayılsın.
İP üzvü, professor Sultanhəmid Məlikov bildirdi ki, baş verənləri xalqa çatdırmağın və insanları hərəkətə gətirməyin yeni mexanizmini tapmaq lazımdır.
Müsavat başqanından Elşad Abdullayevə uğur diləyi
Müsavat Partiyasının başqanı İsa Qəmbər çıxışına Elşad Abdullayevi təbrik etməklə başladı:
– Elşad müəllimi təbrik edirəm. Çünki hesab edirəm ki, yaydığı növbəti video onun kino yaradıcılığının yeni mərhələsidir. Əgər Gülər Əhmədova ilə bağlı videoda səs çətinliklə eşidilirdisə, görüntü, ancaq bir kamera ilə çəkilirdisə, artıq hakimlə söhbəti əks etdirən videoda səs aydın eşidilir, bir neçə kamera qurulub. Görünür ki, Elşad müəllimin rejissorluğu yüksələn xətlə gedir. O, yeni-yeni videolarla xalqımızı təəccübləndirməkdə davam edəcək. Mən ciddi deyirəm. Ona bu işində, yaradıcılığının xalqa təqdim olunmasında uğurlar arzulayıram. Çünki Elşad Abdullayev həqiqətən də bu işi ilə çox böyük xidmətlər göstərir. Özünün əvvəlki fəaliyyətindən, cəmiyyətin, ayrı-ayrı adamların ona münasibətindən asılı olmayaraq, Elşad müəllim xalqa xidmət göstərir. O, həqiqətləri xalqa göstərir, hakimiyyəti ifşa edir. Göstərir ki, bu rejim sistemi nə cür idarə edir, hər şeyin korrupsiya üzərində qurulduğunu ifşa edir. Rejimin pul qazanmaq üsullarından birinin də adam oğurluğu olduğunu açıq şəkildə ortaya qoyur.
Xalq partlayış həddindədir
Korrupsiya da, adam oğurluğu da Əliyev rejiminin mahiyyətindədir. Marat Manafov adlı biznesmen var idi. 1994-cü ildə yoxa çıxdı. Tanınmış kino aktyoru Fəxrəddin Manafovun qardaşı idi. Bu cür adam oğurluqları bu hakimiyyətin zamanında çox olub. Sadəcə, faktlar çox zaman üzə çıxmır. Mahir Abdullayevin də Elşad Abdullayev kimi əzmkar və yaradıcı qardaşı olmasaydı, yada düşəcəkdimi ki, 2003-cü ildə belə bir adam yoxa çıxıb? Bu rejimin adam oğurluğu biznesinin əsası hakimiyyətlərinin ilk vaxtlarından – 1993-cü ildən qoyulub və davam edir. Bu təhlükə xalqımız üçün mövcuddur. Rüşvətxorluq da həmçinin 1993-cü ildən başlayıb və bu gün dəhşətli xarakter alıb. İndiki mərhələdə nədən bu videolar ard-arda gəlməyə başlayıb? Təbii ki, konkret məsələ – insan oğurluğu var, qardaşının yoxa çıxmasından narahat olan şəxsin səyləri var. Amma burada ən böyük mesaj Azərbaycanda hakimiyyətin dəyişməsinin labüdlüyü mesajıdır. Bu videolar o mesajı verir. Hələlik hakimiyyətin başında dayanan adama şans verilir ki, bu videolardan istifadə edib qərarlarını qəbul elə. Amma hər şeydən göründüyü kimi, videolar birinci şəxsə – İlham Əliyevə doğru irəliləyir. Sizi inandırıram, elə videolar ortaya çıxmağa başlayacaq ki, xalq qərar qarşısında qalacaq, xalqın bu hakimiyyətə dözməyə haqqı qalmayacaq. Xalq hər şeyi çox diqqətlə izləyir, özü bilir ki, nə zaman bu məsələlərə reaksiya verəcək. Xalqın enerjisi partlayış həddinə gəlib çatıb. Qısa müddətdə hakimiyyət düzgün addımlar atmasa, ölkənin siyasi qüvvələri birlik haqqında ümumi danışıqlardan konkret işə keçməsə, vəziyyəti dəyişmək üçün konkret iş görməsə, xalqın bu hakimiyyəti devirməkdən başqa əlacı qalmayacaq. Çox qısa bir zamanı var hakimiyyətin ki, gedən proseslərdən nəticə çıxarsın. Qısa müddətdən sonra artıq seçim etmək, addım atmaq məcburiyyəti xalqın üzərində olacaq. Demokratik düşərgə, İctimai Palata özünü həmin günə ciddi şəkildə hazırlaşdırmalıdır.
Natiq