Elşad Abdullayevin görüşüb lentə aldığı prokuror, polis rəisi və MTN əməkdaşı kimdir?
Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin rektoru, hazırda Fransada mühacirətdə olan Elşad Abdullayevdə daha dəhşətli videolar var ki, onların yayılması ölkəni qarışdıra bilər. Bu vidieolar barədə hələ bir müddət əvvəl Elşad Abdullayevin vəkili Adil Ismayılov “Azadlıq”a müsahibəsində danışmışdı. O, bildirmişdi ki, bu videoları yayılması hakimiyyətdə ciddi çaxnaşmaya səbəb ola bilər. Vəkil daha sonra əlavə etmişdi. “Mən gördüyüm videolarda polis rəisi var, hakim var, prokuror var, MTN əməkdaşı var…”.
Hakimlə bağlı video artıq yayılıb. Söhbət Nərimanov Rayon Məhkəməsinin sabiq sədri, hazırda Ağır Cinayətlərə Dair Məhkəmədə hakim işləyən Ağababa Babayevlə bağlı videodan gedir. Elşad Abdullayev bir neçə gün əvvəl bu videonu “Azadlıq” vasitəsilə ictimaiyyətləşdirib.
Bəs Elşad Abdullayevin görüşüb danışdıqlarını lentə aldığı prokuror, polis rəisi və MTN əməkdaşı kimdir?
Məlumatlı mənbələr qəzetimizə bildirib ki, videolardan biri Binəqədinin sabiq prokuroru Mirələkbər Seyidovla bağlıdır. Mirələkbər Seyidovun Elşad Abdullayevlə tələbə yoldaşı olduğu bildirilir. Mahir Abdullayevin işilə əlaqədar Elşad Abdullayev onunla da görüşüb.
Polis rəisinə gəlincə, bəzi məlumatlara görə, bu, Binəqədinin sabiq polis rəisi Nazim Nağıyevdir. Növbəti videonun isə milli təhlükəsizlik nazirinin keçmiş müavini, hazırda Korrupsiyaya Qarşı Mübarizə Idarəsinin rəis müavini vəzifəsində Əli Nağıyevlə bağlı olduğu iddia edilir. Iddialara görə, Elşad Abdullayevin Əli Nağıyevlə normal münasibətləri olub. Mahir Abdullayevin itkin düşməsi faktı ilə onunla görüşərək yardım istəyib və bütün söhbəti videolentə alıb.
Azad