Milli Şuranın sədri Cəmil Həsənli
Keçmiş siyasi məhbus Fuad Qəhrəmanlıya qarşı yenə “dövlət çevrilişi” ittihamı irəli sürülüb. Səhv etmirəmsə bu artıq ona qarşı irəli sürülmüş eyni məzmunlu 3-cü saxta ittihamdır. Deyəsən Əliyev “dövlət çevrilişi” ittihamında öz diktator həmkarları üçün yeni president yaradır. Adam evdə otura-otura hakimiyyəti zor gücünə devirə bilər. Ötən dəfə Fuad bəyə “dövlət çevrilişi” haqqında “fikirləşdiyi” üçün 11 il iş vermişdilər. Bu dəfə adam heç olmasa bu fikri beynindən də keçirməyib, 14 iyul orduya dəstək yürüş-mitinqində isə ümumiyyətlə iştirak etməyib. Bu dövlət çevrilişində iştirak üçün adam Mili Məclisin kandarından içəri girməsə də, ən azından hadisə yerinə yaxın şəhidlər xiyabanının qarşısında olmalı idi. Deyəsən istintaq xəyalən Fuad Qəhrəmanlını “hadisə yerinə” gətirmək fikrindədir. Əlbəttə aksiya zamanı evində oturmuş Fuad Qəhrəmanliya qarşı “dövlət çevrilişi” ittihamının irəli sürülməsi Əli Kərimlini saxta “Reyxstaq işinə” (Milli Məclisin tutulması) cəlb edilməsinin “hüquqi” zəminini hazırlamaq kimi çirkin niyyətlərdən xəbər verir.
Haqqında cinayət işi qaldırılan Xalq Cəbhəsi Rəyasət Heyətinin 4 üzvündən yalnız biri həmin gecə yürüş mitinqdə iştirak edib. Qarabağ qazisi Asif Yusiflini həmin aksiyaya gətirən də bədən əzalarının bir hissəsinin işğal altında olan torpaqlarda qalması idi. Bundan əlavə Asif bəy özü aksiyanın gedişində mitinqə qoşulmasının məqsəd və məramını öz video açıqlamasında çox aydın şəkildə ifadə edib. 14 iyul aksiyası zəminində Cəbhəçilərin kütləvi həbsinin heç bir hüquqi əsası yoxdur. Bu sadəcə siyasi zorakılıq, pandemiya dövründə İlham Əliyevin öz əleyhdarların sıradan çıxarmaq, dövlətin resursların səfərbər edərək ölkə müxalifətin məhv etmək siyasəti, qarşıdakı təlatümlərdən kleptokratik ailə-klan hakimiyyətin sığortalamaq cəhdidir.
Əliyevin ailə-klan, kleptokratik, korrupsioner rejiminin son bir neçə gün ərzində bütün Qərb ölkələrini erməni-müsəlman davalarının səngərlərinə çevirməsinin bir başı da ölkə daxilində cəbhəçi soyqırımına, cəbhəçi ovuna, saxta “dövlət çevrilişi” şousu ilə ölkənin əsas müxalifət partiyasını sıradan çıxarmasına, xalqın tələblərinin başlıca ifadəçisi olan Xalq Cəbhəsinin bir təşkilat kimi məhv edilməsinə bağlıdır. Bu gün Xalq Cəbhəsi partiyasının rəhbər heyətinin və öncüllərinin yarıdan çoxu Əliyevin işgəncə labaratoriyalarından keçirilir. İşgəncəyə məruz Azərbaycan Vəkillər Kollegiyasının “paykovoy” vəkilləri bu işgəncə prosesinin bir hissəsinə çevrilib. Burada kütləvi həbslərdən, ağır işgəncələrdən, insan talelərinin məhv edilməsindən söhbət gedir. Nüfuzlu insan haqları təşkilatları yubanmadan Azərbaycana vəkillər göndərməli, ölkədə hansı “hüquqi” rəzalətin törədildiyindən məlumatlı olmalıdırlar.
Xalq Cəbhəsinə qarşı təqib, qaralama və böhtan kampaniyası hüquqi baxımdan da yeni “president” yaradır. Bundan əvvəlki dövlət çevrilişi “cəhdlərində” Baş Prokurorluq, DİN, DTX (MTN) “əməliiyat məlumatlarına” əsaslanan sərsəm faktları ortaya qoyur, sonra dövlət başçısı buna münasibət bildirirdi. İndi məsələ o qədər absurddur ki, dövlət çevrilişi “cəhdi” haqqında məlumatı, hüquq mühafizə orqanlarının “etibarlı” əməliyyat məlumatlarından öncə prezident bəyan edir, Azərbaycan Reyxstaqını tutanların artıq Milli Məclisin 3-cü mərtəbəsinə çıxdıqların məhz İlham Əliyev özü bəyan edir. Hüquq mühafizə orqanlarından əvvəl o, özü bəyan edir ki, ölkədə “dövlət çevrilişinə” cəhd olmuşdur və onu edənləri həbs edib cəzalandırmaq haqqında göstəriş verir. Bu dəfə araba atdan qabağa keçir, prezident “dövlət çevrilişi” faktını bilavasitə özü tövsif etməli olub.
Amma bütün bu böhtanlar publika qarşısında səsləndirildiyi halda hələ ki, bircə nəfər cəbhəçinin Milli Məclisə daxil olan təxribatçı qrupun içində olduğunu təsdiq edən video material cəmiyyətə təqdim edilə bimirlər. “Dövlət çevrilişi” cəhdinin bilavasitə İlham Əliyev tərəfindən aşkarlanması ölkənin hüquq sisteminin olan-qalan zəncirini də qırıb. Məsələ o, qədər absurddur ki, İlham Əliyevin öz mətbuatı belə Cəbhəçilərin “dövlət çevrilişi” haqqında bir şey uydura bilmirlər. Belə uydurmalar üçün İlham Əliyevin təxəyyülünə sahib olmaq lazımdır.