
Son kütləvi həbslərlə bağlı Milli Şuranın Bəyanatı
Azərbaycanın Tovuz rayonu ərazisində Ermənistan silahlı qüvvələrinin hücumu və Azərbaycan ordusunun yüksək rütbəli zabitləri də daxil bir neçə hərbçisinin şəhid olması ilə əlaqədar iyulun 14-də və 15-i gecə Bakıda keçirilmis yürüs-mitinqə görə Azərbaycan hakimiyyəti həbsləri davam etdirir. Əsas hədəf isə Azərbaycan Xalq Cəbhəsi Partiyasıdır (AXCP). Həmin yürüş-mitinqin sonunda bir qrupun parlament binasının foyesinə buraxılmasından ibarət, arxasında dövlət orqanlarının dayandığı daha çox ehtimal edilən təxribatdan sui-istifadə edərək AXCP-ni sıradan çıxarmaq əməliyyatına başlanıb və bunun göstərişini birbaşa prezident İlham Əliyev publik çıxışlarında açıq mətnlə verib.
İlham Əliyevin 15 iyilda hökumətin iclasında AXCP-ni hədəf göstərən açıq nifrət çıxışından sonra bu partiyanın üzvləri ard-arda həbs olunmağa başlandı. Həbs olunanlardan işgəncə və zorakılıqla özlərinin və partiyadaşlarının əleyhinə yalan ifadələr alındığı haqda məlumatlar var. Hakimiyyətin yalan ifadələrlə AXCP sədri Əli Kərimlini də cinayət məsuliyyətinə cəlb etmək üçün “əsaslar” hazırlamaq istədiyi açıq-aşkar ortadadır.
Hazırda AXCP ağır repressiya altındadır və İlham Əliyevin həmin hadisə barədə 17 iyuldakı çıxışı hüquq-mühafizə orqanlarını daha absurd hərəkətlərə istiqamətləndirib.
Belə ki, indiyədək 30 nəfərdən çox AXCP üzvü həmin hadisəyə görə saxlanılıb, onlardan 14 nəfərə cinayət işi açılıb və 13 nəfər barəsində həbs qətimkan tədbiri seçilib (bir nəfər haqqında ev dustaqlığı qərarı verilib), 9 nəfər inzibati həbsə məhkum edilib (rəqəmlər hər an arta bilər). İşin absurd tərəfi budur ki, saxlanılan və cinayət məsuliyyətinə cəlb edilənlərin çoxu ümumiyyətlə həmin aksiyada iştirak etməyiblər. Cinayət ittihamı ilə barəsində həbs qətimkan tədbiri seçilənlərdən 4 nəfəri – Asif Yusifli, Bəxtiyar İmanov, Ayaz Məhərrəmli və Fuad Qəhrəmanlı partiyanın rəhbər orqanı olan Rəyasət Heyətinin üzvləridir. Onlardan yalnız Asif Yusifli həmin yürüş-mitinqdə olub və o da heç bir qanunsuz əmələ yol verməyib, parlament binasına girən qrupun içində olmayıb. Onun mitinq meydanında verdiyi açıqlama da yayılıb. Orada o, meydana çıxmaqda məqsədinin yalnız və yalnız orduya dəstək, şəhidlərə sayğı ifadə etmək və Qarabağın azad olunmasını istəmək olduğunu, heç bir siyasi tələblərinin olmadığını bildirib. Amma buna baxmayaraq, AXCP rəhbərliyinə qarşı cinayət işi quraşdırmaq üçün Asif Yusifliyə və hətta Rəyasət Heyətinin həmin aksiyada olmamış digər 3 üzvünə ağır maddələrlə ittiham elan edilib, onların barəsində həbs-qətimkan tədbiri seçilib.
Başqa bir absurd isə bundan ibarətdir ki, AXCP RH-in həbs edilən üzvlərindən Fuad Qəhrəmanlı əlavə olaraq Cinayət Məcəlləsinin dövlət çevrilişinə cəhd ittihamını ehtiva edən maddəsilə də təqsirləndirilir. Bu isə o deməkdir ki, AXCP-yə qarşı quraşdırılan cinayət işini dövlət çevrilişinə cəhdə qədər ağırlaşdırmaq istəyirlər. Qurama iş üzrə istintaqı bu qədər absurda yuvarladan birbaşa İlham Əliyevin özüdür. O, 17 iyulda publika qarşısında çıxış edərkən AXCP uzvlərinin guya parlament binasını tutaraq dövlət çevrilişi etmək istədikləri barədə həqiqətdən tamamilə uzaq olan fikirlər səsləndirib, bu partiyaya açıq-aşkar daha ağır böhtan atıb. Onun bu dedikləri heç həmin saxta cinayət işi üzrə istintaqın, hüquq-muhafizə orqanlarının açiqlamalarında da olmayıb. Yalnız İlham Əliyevi bu yalan bəyanatından sonra Fuad Qəhrəmanlı həbs edilib və əlavə olaraq dövlət çevrilişinə cəhddə ittiham olunub.
Hazırda AXCP-yə qarşı aparılan sərt repressiya birbaşa İlham Əliyevin bu partiyanı “düşmən” elan edib, tam sıradan çıxarmaq arzusundan qaynaqlanır. Azərbaycanda ailə diktaturasını gücləndirməyə, siyasi azadlıqları tamamilə boğmağa və alternativləri məhv etməyə xidmət edən bu kampaniyanı durdurmaq üçün də birbaşa İlham Əliyevin özünə ciddi təzyiq olmalıdır. Milli Şura ilk növbədə demokratik dünyanı, beynəlxalq təşkilatları Azərbaycan hakimiyyətinə, şəxsən İlham Əliyevə təsirli vasitələrlə təzyiq göstərməyə çağırır. Azərbaycanda insan hüquq və azadlıqlarının qorunması həm də üzv olduğumuz beynəlxalq təşkilatların öhdəliyidir.
Milli Şura Azərbaycan xalqını, ölkənin mütərəqqi kəsimini, içində ədalət hissi olan hər kəsi bu sərt repressiya qarşısında AXCP-ya güclü dəstək verməyə, AXCP üzvlərinin saxta ittihamlarla həbsinə ucadan etiraz etməyə səsləyir. Dövlətimizin və xalqımızın gələcəyi barədə düşünən hər kəs bilməlidir ki, AXCP-yə qarşı hazırkı məhv etmə əməliyyatı təkcə bir siyasi təşkilatın taleyi ilə bağlı deyil, məhz ümumi gələcəyimizlə bağlıdır.