Tunis və Misir inqilablarına ən gülməli reaksiya bizim hakimiyyətdən gəldi. Tələm-tələsik Korrupsiyaya Qarşı Mübarizə Komissiyası toplandı. Ramiz Mehdiyev elan etdi, məgər bu, Ilham Əliyevin xüsusi tapşırığı imiş.
Ardınca cənab Mehdiyev “mərkəzi və yerli icra hakimiyyəti, hüquq-mühafizə orqanları tərəfindən əhalinin haqlı narazılığına səbəb olan, sahibkarlığın inkişafına süni əngəl yaradan, bank, tikinti, nəqliyyat, ticarət, iaşə, təhsil, səhiyyə, sosial müdafiə və sair sahələrdə mövcud olan neqativ faktlar, rüşvətxorluq və korrupsiya halları, vətəndaşların qəbulu və müraciətlərinə baxılması zamanı yol verilən nöqsanlar barədə Prezident Administrasiyasına və komissiyaya çoxsaylı müraciətlərin daxil olmasından bəhs edib, bu sahədəki problemlərin araşdırılmasının və qısa müddətdə aradan qaldırılmasının zəruriliyini” vurğuladı. Oysa indiyədək ölkədə hər şeyin güllük-gülüstanlıq olduğunu deyirdilər, xalqın yağ içində böyrək kimi bəsləndiyindən dəm vururdular, ağızlarından “analoqu olmayan inkişaf”, “900 min iş yeri”, “regionun lider dövləti” sözləri düşmürdü, araya Misir və Tunis inqilabları düşməsə, utanmadan xoruzlarımızın belə yumurtladığını söyləyəcəkdilər.
Amma yaxşı ki, devrim dalğası ərəb ölkələrini vurdu, bizim yaptokratlar da qurduqları xəyal dünyasından, nağıllar aləmindən oyandılar. Oyanmayıb neyləyəcəkdilər? Nə də olmasa, o dağa qar yağdı, bu dağa xəbərdi.
Ancaq bir iclasla, bu günə qədər apardıqları rəsmi təbliğata heç cür uymayan, “analoqsuz inkişaf” şoularını alt-üst edən beş-üç cümləlik etiraflarla, boğazdan yuxarı özünütənqidlə ictimai qəzəbi və heydərizmə xalq nifrətini söndürmək mümkün deyil. Çünki nar ağacının armud bitirməyəcəyinə artıq hər kəs bələddir bu viranə ölkədə. Küllükdən dağ olar, təkədən pendir olar, hörmətli YAPtokratlar, amma sizdən millətin yaralı barmağına dərman olmaz, – artıq hamı bunun fərqindədir bu gözəlim məmləkətdə.
Üstəlik, hətta o iclas belə, sizin hələ də təhlükənin ciddiyyətindən nə qədər xəbərsiz olduğunuzu ortaya qoyur. Reallıq hissindən nə qədər uzaq olduğunuzu ortaya qoyur. Məsələn, ədliyyə naziri Fikrət Məmmədovun çıxış edib “korrupsiyaya qarşı mübarizəyə dair müvafiq təkliflər” səsləndirməsi…
Bir anlıq düşünək: Fikrət Məmmədov kimdir? Ilham Əliyevin xalası oğlu. Prezidentin ən yaxın qohumunun nazir postunda oturması nə deməkdir? Korrupsiyanın ta özü!
Amma siz komediyaya baxın ki, “korrupsiyanın ta özü” olan bir nazir “korrupsiyaya qarşı mübarizə təklifləri” səsləndirir!
Eybi yox, eybi yox, ağa durur, Ağacan durur. Bu zarafatın necə qurtaracağını hamımız birlikdə görəcəyik…
Hüsnü Mübarək haqqında üç sual
BIR: görəsən, onun da özü yaxşı idi, ətrafı pis?
IKI: görəsən, onunla da hesablaşırdılar, amma razılaşmırdılar?
ÜÇ: görəsən, onu da “prezidentin bütün bunlardan xəbəri yoxdur” deyib, sudan quru çıxarırdılar?
Anarın andı
AYB sədri Anar Rzayev bu dəfə muğam üzərindən Əliyevlərin xoşuna gəlmək istəyib. Götürüb “525-ci qəzet” də muğamı tərifləyən iki səhifəlik yazı yazıb. Yazıdan görünür ki, muğam-zad bəhanədir, Anar müəllimin əsl məqsədi əlahəzrətin, onun xanımının ünvanına tərif söyləmək üçün yeni fürsət ovlamaqdır. Bəli, yazı “Muğamın əbədiliyi” adlanır, amma hər cümləsindən Ilham Əliyevlə xanımının əbədiliyi haqqında yağlı-buğlu sözlər fışqırır. Görünür, Rzayevin hakimiyyətə təzə işi düşüb, ona görə də qələmini itiləyib.
Indi adama deyərlər, qardaş, oğlunu səfir göndərdin, qızına üç jurnal açdın, özünün də maşallah, tfu, tfu, göz dəyməsin, işin, katibən, xidməti maşının… Say-say, bitən deyil. Axı başqa nəyin çatmır? Bu məddahlıq işini buraxmaq zamanı gəlmədimi? Yoxsa qiyamətədək şahsevənliyə, tərifbazlığa andlısanmı?