AzTV yanvar «açılışı»nı fevralda efirə verəcək… təzə kimi
Sayca doqquzuncu ümumrespublika telekanalı olacaq Mədəniyyət kanalı tezliklə efirə çıxacaq. Azərbaycan televiziyası Qapalı Səhmdar Cəmiyyətinin yayımçısı olduğu bu telekanalın da AzTV, Idman Azərbaycan kimi Əliyevlər ailəsinin, iqtidar nümayəndələrinin xidmətində duracağı şübhəsizdir. Belə olmasaydı Milli Teleradio Şurası Teleradio haqqında qanunu pozub iki ümumrespublika televiziya lisenziyası olan (bu televiziyaların hər ikisi dövlət büdcəsindən maliyyələşir) yayımçıya üçüncüsünü də peşkəş etməzdi.
Mədəniyyət kanalının Mədəniyyət və Turizm Nazirliyinin istəyilə deyil, “mədəniyyətimizin hamisi” Heydər Əliyev fondunun təbliği üçün yaradıldığı kimsəyə sirr deyil. Fondun fəaliyyəti fonunda mədəniyyət və incəsənətin təbliğinə, inkişafına da yer ayrılacaq, amma hansı balansla – bəllidir. Bununla da ölkə telekanalları, tamaşaçılar arasında reytinq göstəricisinə görə son sıralarda duran AzTV-nin ikinci mini peyki yaranacaq. Əliyevlər hakimiyyəti bununla teleinhisarçılığı bir qədər də dərinləşdirmiş olacaq. Teleradio şurası yeni telekanalın lisenziyasını AzTV-yə bağışlamaqla (AzTV-çilər “satmaqla” – deyirlər) “mədəniyyətimizin çiçəklənməsi” ideyasını beşikdəcə boğmuş oldu.
Idman Azərbaycan-da olduğu kimi burda da verilişləri dövlət televiziyasının əməkdaşları hazırlayacaq. “Vunderkind” AzTV-çilər siyasətə, idmana yiyə çıxdıqları qədər Azərbaycan mədəniyyətinin yükünü də “çiyinlərində daşıyacaqlar”. Hələlik Mədəniyyətin kollektivi tam formalaşmasa, telekanala rəhbər təyin olunmasa da, müavinlər müəyyənləşib, layihələr üzrə iş başlayıb. Müavinlər AzTV-nin Musiqi redaksiyasının baş redaktoru Nadir Axundov və Müəllif proqramları redaksiyasının baş redaktoru Ilham Rəhimlidir. Mədəniyyət kanalına rəhbərliyə namizədlərin sayı çox olsa da indilikdə Vüqar Qaradağlının və Baba Vəziroğlunun adı hallanır. Ancaq dövlət televiziyasının sədri Arif Alışanovu tanıyanlar onun özündən savadlı və bacarıqlı, layiqli birisini Mədəniyyət kanalına yaxın qoymayacağını bildirirlər. Görünür telekanala rəhbər təyinatı da bu üzdən gecikir. A.Alışanov Idman Azərbaycan kanalına məhz özəl maraqlarına cavab verən birisini təyin etdirməklə yerli idarəçilik qaydalarına əməl edib – eləsiylə işlə ki, başağrısı yaratmasın. Bu günlərdə o, uzun illər AzTV-nin idman redaksiyasına rəhbərlik etmiş, çox illər qabaq televiziyadan uzaqlaşdırılmış Aydın Əliyevi ahıl yaşında yenidən Idman kanalına qaytarıb. Bir yandan əməkdaşlar kütləvi şəkildə təqaüdə göndərilir, iş işbilməzlərə tapşırılır, efir əldən gedəndə o biri yandan təqaüdçülər fərdi qaydada televiziyaya qaytarılır. Görünür Mədəniyyət kanalını da belə aqibət gözləyir.
AzTV-dəki mənbələrdən aldığımız məlumata görə, ayrıca maddi-texniki bazası, yaradıcı kollektivi, hətta büdcəsi belə olmayan telekanalın rəsmi açılış günü elan edilmədən yanvar ayının 27-də AzTV-də saxta açılış törəni düzənlənib. Televiziyanın son beş ildə iki yol təmir edilmiş, təmtəraqla bəzədilmiş “Qarabağ” studiyasına YAP-dan, Prezident Administrasiyasından nümayəndələr, millət vəkilləri, üzdə olan ziyalılar arasından qonaqlar dəvət olunub. Adlı müğənnilərin iştirakıyla geniş konsert proqramı çəkilib. Elə həmin gün tədbirdə iştirak edən qonaqlardan müsahibələr alınıb. AzTV-nin studiya və dəhlizlərində aparılan çəkilişlərdə təbrik haqqı qazananlara Ilham Əliyevə dərin təşəkkürlər bildirmək, Heydər Əliyevi xatırlatmaq və H.Əliyev fondunun prezidenti M.Əliyevanın ünvanına xoş sözlər söyləmək, dövlət televiziyasını, onun rəhbərini unutmamaq tapşırılıb. Dövlət televiziyasında çalışanların bəziləri “açılış”a qatılmaq şərəfi qazansalar da, arzusu gözündə qalanlar da olub. Açılışa “kənar” şəxslərin buraxılması qadağan olunub. Sədr A.Alışanov, həmişəki kimi, baş redaktorlar arasında ayrı-seçkilik aparmaqla hərəyə öz yerini bildirib, hələ də buralarda yeganə söz sahibi olduğunu göstərib. AzTV sədri köhnə saxtakarlığından – köhnəni təzə adıyla sırışdırmaqdan (bu hal Heydər və Ilham Əliyevlər barədə sənədli filmlərdə, I.Əliyevin qatıldığı açılışlarda tez-tez baş verir) əl çəkməyib – yanvar ayında çəkilən “açılış”ı montaj masasından keçirib fevral ayında günün əsas hadisəsi kimi təqdim edəcək. Əslində təəccüblənməyə dəyməz. Əks halda daha bunun nəyi AzTV oldu?!.
Azad Akifoğlu