Vurğun Əyyub üçün dost ağısı

Qubad İbadoğlu,
ADR hərəkatının sədri, iqtisadçı alim

Qürbətdə dostun ölüm xəbərini almaq, gözləmədiyin yerdən qəfil güllə yarası almaq kimidi, gözəl dost!
Heç kimi eşitmirsən, görmürsən, nə baş verdiyini anlamaq üçün beynini zorlasan da, bir nəticəsi olmur, səbəbsiz ora-bura vurnuxub, ağrıyan ruhunu qoymağa yer tapa bilmirsən.
Sənin artıq bizimlə bir dünyanı paylaşmadığını bilə-bilə yazmaq nə əzabmış, bir bilsən.
Yoxluğunu düşünmək nə zülümmüş, bir duysan.
Belə məqamda yanında 2-3 kəlməlik təsəlli verəcək adamın olmaması nə ağırmış, bir görsən.
Bu dəhşətli anda məni ayaqüstə saxlayan, yıxılmağa qoymayan sənin ölməz əməllərinin ürəyimdəki təpəridi, gözəl dost.
Sən Azərbaycanın ən təmiz insanı, ən saf vətəndaşı on illər boyu sovet rejiminin dilsiz qulluqçularının bilərəkdən korrupsiya, rüşvət yuvasına çevirdiyi ali təhsilin müqəddəsliyini özünə qaytardın. 100 il öncə birinci işi 100 istedadlı gənci xaricə ali təhsil almağa göndərmək olan cümhuriyyət qurucularının sözdə yox, əməli davamçısı oldun. Sənin başqalarından fərqin də elə bu idi, çünki o millət fədailəri ilə sən millət fədaisini sarsılmaz mənəvi bağlar birləşdiridi.
Sən mümkünsüzü bacarmış mücahidsən, çünki bu, bir təhsil məsələsi deyildi, millətin taleyini müəyyənləşdirən siyasi qərar idi.
Hamısını bir-bir xatırlamağa çalışıram. Arıq, çəlimsiz bədənindəki mübarizə ruhunu, kritik dövrlərdə soyuq başla verdiyin vicdanlı qərarları…
3 il əvvəl 60 illiyində “Bu dünyanın saflığı, gözəlliyi üçün yalnız varlığın yetər, əziz dost! Sənə uzun ömür, möhkəm cansağlığı, özümə isə səninlə birlikdə bu mübarizə yolunda uzun illər birlikdə, çiyin-çiyinə addımlamaq xoşbəxtliyi arzulayıram.” yazmışdım.
Mənim xoşbəxtliyimi niyə əlimdən aldın, əziz dost?!
Yeganə təsəllim odur ki, sən yataqda ölmədin, mücadilə ruhun həmişə ayaqda oldu, mübarizəni davam etdirdin, prinsiplərindən dönmədin. Ağır xəstəliyini bilsən də, nə hakimiyyətə, nə də ona yaxın olan şəxslərin köməyinə ehtiyac duydun. Təmiz adına ləkə düşməsinə imkan vermədin, ailənin, dostlarının sevgisi və dəstəyi ilə xalqının yolunda sərf etdiyin ömrünü, Tanrının verdiyi ən qiymətli sərvətini şərəflə, kişi kimi xərclədin.
Torpağın yumşaq, məkanın behişt olsun, əziz dost!