Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyli
Dünən Elmar Məmmədyarovun jurnalistlərə verdiyi açıqlama onun və təmsil etdiyi siyasi qüvvənin mahiyyətinin ifadəsi baxımından çox ibrətamiz idi. Erməni jurnalistindən soruşub ki, Qarabağı işğal edib nə qazanmısınız? Ermənilər daha yaxşı yaşayırmı?! Biz isə neft və qaz boruları çəkmişik! Bu bir etirafdır! Hakimiyyətin dəyərlər sistemi, prioritetləri haqqında dəhşətli bir etirafdır! Neçə yəni nə qazanmısınız?! Ermənilər torpaq qazanıb, Azərbaycanın ən səfalı ərazilərini, tam 20 faizini 26 ildir işğal altında saxlayıb məskunlaşdırır, özününküləşdirir, dünyanı faktla barışmağa məcbur edir! Bəs Azərbaycan nə qazanıb?! Neft pulu ilə dünyanın ən zənginlərinə çevrilmiş, səsi-sorağı ofşorlardan gələn siyasi elitanı bilirik, bəs Elmar müəllimin fəxrlə haqqında danışdığı o neft-qaz layihələrindən Azərbaycan xalqı nəsə qazanıbmı?! Ermənilərin necə yaşadığına görə narahatlıq keçirən xarici siyasət nazirimizin Azərbaycan vətəndaşlarının, öz həmvətənlərinin necə yaşamasından xəbəri yoxdurmu?! Elmar müəllim bilmirmi ki, Azərbaycanda minimum əmək haqqı da, orta nominal əmək haqqı da, əlilliyə görə müavinətlər də Ermənistandan aşağıdır?! Azərbaycanda 11 min manat olub yalnız şəhidlərə görə ödənilən qan pulunun Ermənistanda 36 min manatın ekvivalenti olduğunu və hətta birinci qrup əlillərə də ödəndiyini bilmirmi?! Bəs 26 ildir normal insan həyatı yaşamaq haqqı əlindən alınmış bir milyon insanın çəkdiyi zülmü, zilləti hansı hesaba yazaq?! Bir də axı Vətən, torpaq, milli dövlətçilik maraqları pulla ölçülən dəyərlərdimi?! Vətən alınıb-satılmaz! Ay hörmətli xarici işlər naziri, siz bunu da bilmirsinizmi?!