Milli Şuranın sədri Cəmil Həsənli
Son vaxtlar bir neçə dəfə xəbərdarlıq etmişəm ki, ölkədə ailə-klan əxlaqına, feodal təfəkkürünü, orta əsr düşüncəsinə dəng gələn yeni mənəvi (əslində isə mənəviyyatsız) münasibətlər formalaşdırılır. Bu prosesin başında dayanan, ölkəni bu uçrumun bir addımlığına gətirib çıxaran bilavasitə İlham Əliyevdir, onun anti-milli, anti-əxlaqı siyasətidir. Saatlının icra başçısı Siraqəddin Cabbarov keçmiş siyasi məhbus, AXCP gənclər təşkilatının fəalı Ruslan Nəsirlinin toy mərasiminin keçirilməsinə razılıq vermiş şadlıq evinin sahibini təhdid edir, sadlıq sarayını traktorun döşünə verib yerlə bir edəcəyi ilə hədələyir. Hələ bu azmış kimi Ruslan bəyin valideyinlərini təhdid edir ki, Xalq Cəbhəsinin rayon təşkilatının sədri Şamil Hacıbəylinin qızı ilə ailə qurmaq fikrindən daşınsınlar. Əks təqdirdə ailənin yeganə dolanışıq mənbəyi olan kiçik bir emalatxananını onların əlindən alacağını bildirir. Kaba çkənlərə, pul saymaqdan başqa ayrı bir keyfiyyəti olmayanlara, restoran idarə edənlərə rayonların idarə olunmasın tapşıranda işlərin bu həddə gəlib çıxacağı qaçılmaz idi.
Amma baş verən bu rəzalət yeni deyil, İlham Əliyevin müxalifəti cəmiyyətdən təcrid etmək, onları “ala qarğaya” çevirmək cəhdlərinin prezident aparatından idarə edilən növbəti bir epizodudur. Bu proses xeyli əvvəl başlayıb. Doğrusu, 2013-cü ilin prezident seçkiləri zamanı regionlarda keçirilən tədbirlərdə bunun simptomları ortada idi. Bu xüsusi ilə Sabirabad rayonunda seçicilərlə keçirilən görüş zamanı prezident aparatı və rayon icra strukturları tərəfindən hazırlanmış bir dəstə “xalq nümayəndələrinin” görüşə hücum etməsində özünü göstərdi. 2013-ün ağır nəticələrindən sonra İlham Əliyevin xalqdan, vətəndaş cəmiyyətindən, aktiv siyasi kəsimdən qisas almasının yeni mərhələsinə start verildi. Bu mərhələdə biz AXCP sədri Əli Kərimli ilə birlikdə rayonlarda yaxınlarını itirmiş müxalifətçilərə baş sağlığı vermək, onun dərdinə şərik olmaq üçün hüzür yerlərinə getmək istəyimizi hüzür sahibinə bildirdikdə onlar rayon icra hakimiyyətləri və polis idarələri tərəfindən belə hal baş verərsə yas çadırlarının dağıdılacağı ilə təhdid edildilər. Ən son, qırxca gün əvvəl səhiyyə sisteminin yararsızlığından və həkim səhlənkarlığından həyatını itirmiş Xəlqi Hüseynin dəfn mərasimindən bir neçə saat əvvəl onun kənddəki evinin kandarında çoxprofilli kameraların qurulması bu alçaqlığı rayon səviyyəsində təzahürü idi. Zaman-zaman hakimiyyət tör-töküntülərinin Əli Kərimlinin evinin qarşısında “mitinqlər” təşkil edib, Qarabağı AXCP sədrindən tələb etməsi şübhəsiz ki, prezident aparatının ağıldan kəm strateqlərinin “ala qarğa” projesinin tərkib hissəsi idi. Mərkəzi yol üzərində yerləşməməsinə baxmayaraq Əli Kərimlinin yaşadığı evin qarşısında çoxprofilli kameraların quraşdırılması da öz növbəsində hərəkətin təhlükəsizliyini izləməyə deyil, müxalifət rəhbərinin izlənməsinə, onun nə zaman evdən çıxması və evə qayətmasına, onun evinə kimlərin gəlib-getdiyini izləməyə xidmət edir.
REAL tv-nin xeyir duasını bilavasitə İlham Əliyev özü verib. Onun dəsti-xətti də məhz Azərbaycan diktatorunun özü tərəfindən müəyyən edilir. Bir anlığa diqqət edin ki, İlham Əliyevin bu özəl televiziyasında bir müddət əvvəl hansı müraciət səsləndirildi. Orada deyilirdi: “Çağırış kimi çıxmasaydı, məsələn, çörək dükanlarına müraciət edərdim ki, satıcılarımız bu adamlara çörək satmasınlar. Sürücülərimiz bu miskin varlıqları avtobuslara minməyə qoymasınlar. Şəxsiyyət vəsiqələri rəsmən qüvvədə olsa da, onların kimliklərini gerçək hesab etməsinlər. Təcili yardım stansiyalarımız onların çağırışlarını qəbul etməsinlər. Yasa, toya buraxmasınlar. Bir sözlə, belələrini cəmiyyət bir zamanlar Çernışevskinin məruz qoyulduğu tənbeh növünə məhkum etsin.” Ata Abdullayevin son vaxtlar at oynatması, YAP üzvü Tural Qarayevin AXCP sədrinin müavini Fuad Qəhrəmanlı və mütərəqqi yazar Zümrüd Yağmurun küçənin ortasında, gündüz-günorta çağı 14 yaşlı qızı Sənayı linç etməsi (əgər video diqqətlə araşdırılsa Tural Qarayevin arxasınca hərəkət edən adamın bilavasitə polis əməliyatçısı olduğu üzə çıxacaq), icra başçısının təhdidi ilə şadlıq evinin cəbhəçi Ruslan Nəsirlinin toy mərasimi keçirməsindən imtina etməsi, müxalifətçi Şamil Hacıbəylinin qıznın xoşbəxtlinə inzibatı müdaxilələrlə mane olmaq cəhdləri, martın 8-də mütərəqqi qadınların şiddətə son aksiyasına qarşı xalq adı alıtında “bazar adamlarının” səfərbər edilməsi, 14 yaşlı məsumə Elina Hacıyevanın anım mərasiminin eyni dəsti-xətlə dağıdılması İlham Əliyevin “xalqa” dayanın yeni siyasətinin, uğurlu “islahatlarının” başlanğıcı kimi qiymətləndirilə bilər. Bir sıra yeni “ideoloqlar” hakimiyyəti yenilərə və köhnələrə, islahatçı qanada və mühafizəkar güruha bölməyə tələsiblər. Bir damın altında iki siyasət, bir ailədə iki dəsti-xətt olmaz. İlham Əliyev öz sərəncamı ilə öz xanımını ölkənin birinci vitse-prezidenti təyin etməklə nəinki cümhuriyyət dəyərlərini yüngül desək şübhə altına aldı, eyni zamanda hakimiyyətin süni şəkildə uydurulan qanadları arasındakı fərqi də praktik baxımdan aradan qaldırdı. Ona görə heç kəs əllaməliklə, hoqqabazlıqla məşğul olub millətin ağlını çaşdırmasın, Əliyevlərin ailə-klan hakimiyyətinin ömrünü uzatmağın “iskirini” millətə sırımağa cəhd göstərməsin. Hələ ki, ölkəmizdə “evdar ər” istilahı olmadığından mövcud hakimiyyətin ömrünü uzatmağa meyllənmiş nəzəriyyəçilərimiz gələcək islahatların gedişində hakim ailənin hər bir üzvünə rəsmi və fəxri postlar verməyə tələsməsinlər. Bəzi “demokratlarımız” son əfv fərmanında 51 siyasi məhbusun azad olunmasından vəcdə gələrək, Elmar Hüseynov, Mehman Qələndərov, Rasim Əliyev, 14 yaşlı Elina Hacıyeva və digərinin məşum taleyini belə asanlıqla unudub Əliyevlərin dirsəyə qədər qana batmış əllərini sıxmağa həvəsləniblər. Hətta ehtimal olunan bu qanadlar varsa belə onnların biri “mütərəqqi” idealar altında, digəri isə despotik metodlarla ölkəni söküb eyni ailəni, eyni klanı, eyni korrupsiya xəzinəsini zənginləşdirir. Ona görə sağıyla, soluyla, keçmişiylə, gələcəyiylə, ümumi korrupsiya xəzinəsiylə bir hakimiyyət var: Əliyevlərin ailə-klan hakimiyyəti, sülalə xanədan rejimi və bu rejimin yolunmaq ərəfəsində olan qanadları da eyni bezin didilmiş qırağı kimi bir şeydir. Kimsə qanad altında yer axtarırsa girsin Əliyevlər hakimiyyətinin qanadı altına, əks təqdirdə bu kriminal hakimiyyətə mələk donu geyindirib onu “cümhuriyyət ilahəsi” kimi təqdim etməyə cəhd göstərməsin.