Artıq 3-4 dəfədir ki, təqribən gecə 2-3 arası bizim evin işıqları söndürülür. Keçən gecə də düz 02:09 -da evdə işıqlar söndü. Qonşuların işığı yandığından anladım ki, yenə eyni şey baş verib, bizim sayğacı kimsə söndürüb. Həyət evində yaşayıram və elektrik sayğacı həyətdən çöldə, küçədə yerləşir. O saatda küçəyə çıxmadım, beləcə, gecəni qaranlıq və soyuqda keçirməli olduq.
Ancaq səhər saatlarında sayğacın düyməsini çevirdikdən sonra işıqlar yandı.
Nə baş verdiyinin izahını vermək istəmirəm. Amma deyim ki, qonşularla heç bir problemim yoxdur, heç vaxt da olmayıb. Hətta bir az qapalı yaşadığımdan qonşularla münasibətim rəsmidir, amma hamısının hər zaman sayğısını hiss etmişəm və bu qarşılıqlıdır. Səhər də qalxıb bir necə qonşudan belə bir hadisə ilə qarşılaşıb qarşılaşmadığını soruşduqda öyrəndim ki, kimsə belə bir şeylə üzləşməyib. Sözün qısası, gecənin yarısı, havanın soyuğunda kim, niyə mənim sayğacıma müdaxilə etsin? Yay olsaydı, bəlkə də kiminsə könlünə xuliqanlıq etmək düşüb düşünərdim. Amma o saatda uşaq, heç böyük də küçədə olmadığından, ya da sayğacı yükləyəcək hər hansı vasitədən, elektrikli sobadan istifadə etmədiyimdən bir az nigaran oldum, 102-yə zəng edib şikayətimi bildirdim.
Bir az sonra mənə zəng edib “araşdırma aparan” adam nə soruşa yaxşıdır? “Xanım kimdir sizin sayğacı söndürən naməlum şəxs? Bəlkə işığınızın borcu olub, gəlib işıq idarəsindən söndürüblər?”
Mən “əminsiz ki, sualı düz qoyursuz?” soruşub açığı özümü gülməkdən zorla saxladım. Naməlum şəxsi tanısaydım, niyə polisə zəng edim və gecə yarısı işıq idarəsinin sayğacı söndürməsini düşünə bilmək üçün nə qədər “yaradıcı” olmaq lazımdır?
Nəsə…
Hələ nə naməlum şəxsi tanıya, nə də gecə yarısı işıq idarəsinin sayğacı söndürə bilmə “işgüzarlığna” inana bilmişəm.
Yazı müəllifin Facebook səhifəsindən götürülüb