Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutuAzərbaycan hakimiyyətini RATİ idarə heyətinin rəhbəri Mehman Hüseynovu dərhal azad etməyə və ona ağır durumda olan anası Firəngiz Hüseynovaya baş çəkməyə və onun sağlamlığının qayğısına qalmağa imkan yaratmağa çağırır.
Yaşlı ananın birlikdə yaşadığı yeganə yaxın ailə üzvü olan və heç bir günahı olmayan oğlunun həbsi ilə bağlı keçirdiyi daimi stress onun səhhətinin kəskin pisləşməsi, iyulun 15-də isə kollapsla nəticələnib.
Korrupsiya ilə bağlı yazan tanınmış jurnalist və hüquq müdafiəçisinin kliniki ölüm keçirən anası bu günə kimi reanimasiya şöbəsindədir.
10 gündən artıqdı xəstəxanada olan və süni həyat aparatına qoşulan, huşsuz vəziyyətdə olan 71 yaşlı anasını görmək üçün imkan yaradılması ilə bağlı vəkillərin və Mehman Hüseynovun özünün Azərbaycan hakimiyyətinə müraciətlərinə baxmayaraq hakimiyyət bu günə kimi jurnalisti azad etməkdən imtina edir.
2017-ci ilin martın 3-dən həbsxanada olan və 2 il həbs cəzasına məhkum edilən Mehman Hüseynovu hətta müvəqqəti azad etməkdən imtina edən Azərbaycan hakimiyyəti məqsədyönlü şəkildə opponentlərini və Azərbaycan cəmiyyətini qorxudur, nümayişkaranə şəkildə repressiya yolundan çəkinməyəcəyini göstərir.
“Prezident İlham Əliyev və həyat yoldaşı, birinci vitse-prezident Mehriban Əliyeva tanınmış tənqidçilərinin siyasi təqibinin təşəbbüskarı olaraq jurnalistə və onun ailə üzvlərinə qarşı davam edən təzyiqə görə bilavasitə məsuliyyə daşıyırlar”, – deyə 2015-ci ildən siyasi mühacirətdə olan, RATİ-nin təsisçisi və M.Hüseynovun böyük qardaşı Emin Hüseynov bəyan edib.
Avropa İttifaqı ölkələri, ABŞ, Kanada hökumətləri Azərbaycanın korrupsiyalaşmış antidemokratik hakim rejimini cavab verməyə səsləməli, insan hüquqları sahəsində beynəlxalq öhdəlikləri yerinə yetirməkdən, korrupsiya və çirkli pulların yuyulmasına qarşı mübarizə aparmaqdan imtina etdiyi halda isə hökumətin yüksək rütbəli nümayəndələrinə və onların ailə üzvlərinə qarşı sanksiyalar tətbiq etməlidir.
Ayrı-ayrı adamların, həmçinin bütün Azərbaycan xalqının taleyini şikəst edən despotik hakim rejimin nümayəndələri və onların ailə üzvləri cəzasıq olaraq Avropa İttifaqı ölkələrində gəzməməli və Azərbaycanın vergi ödəyicilərindən oğurlanan pulların hesabına daşınan və daşınmaz əmlak almamalı, mənbəyi kleptokratiya və qohumbazlıq olan digər dəbdəbədən zövq almamalıdır, əksinə, Qərb ölkələrinin hökumətləri xaricdə saxlanılan, qanunsuz qazanılmış bütün aktivləri dondurmalı və bu şəxslərin ölkələrindən çıxışını əngəlləyən viza qadağası tətbiq etməlidir, deyə Emin Hüseynov fikrini tamamlayıb.
RATİ Azərbaycan hakimiyyətindən öz tənqidçilərinin və onların ailə üzvlərinin təqibinə son qoymağa, dərhal və qeyd-şərtsiz olaraq jurnalistlər Mehman Hüseynov, Əfqan Muxtarlı, Seymur Həzi, Nicat Əliyev, Araz Quliyev, Fikrət İbişbəyli, Elçin İsmayıllı, Ziya Əsədli və Ərşad İbrahimovu, blogerlər Rəşad Ramazanov və İlkin Rüstəmzadəni, qrafiti fəalları Qiyas İbrahimov və Bayram Məmmədovu, həmçinin satirik-şair Tofiq Hüseynovu həbsxanadan azad etməyi tələb edir.