Zümrüd Yağmur
Açığı son dövrlər gedən polemikalar adamın canını sıxır. Ümumən “müxalifətəm” deyib biri digərini tükətmək üzərində qurulan siyasəti ziyanlı sayıram və bunun ancaq hakimiyyətin işinə yarayacağını düşünürəm.
Olanlar olur və hər nə olursa pis olur… Edənlər də edir, nə edirsə də pis edir.
Amma bir anlığa siyasəti bir tərəfə qoyaq.
Emin Milli ilqar Məmmədovun, Qiyasın, Bayramın, İlkinin adını çəkdi. Əlbəttə, çəkməlidir və çəkməsəydi, ayıb olardı.
Lakin bu ayıbı etmədisə, başqa bir ayıbı etdi.
Əgər dedikləri kimi liberal, qərəzssiz və aydın, işıqlıdırsa, niyə bu qədər qeyri-səmimi, qərəzli, qaranlıq göründü?! Niyə məsələn, bu gün xərcəng xəstəsi olan Elnurdan, dializ xəstəsi olan Mirfeyzulla bəydən, dara çəkilən Abbasdan, Rəşad Ramazanovdan, Seymur Həzidən də bəhs edilmədi?! Günlərdi bu suallar göz deşir…
Mən əminəm ki, İlkin buna etiraz edər. Qiyas buna görə utanar ki, niyə tək məni demisiniz? Bayram üsyan edər ki, başqalarını və adı çəkilməyi məndən az haqq etməyənləri unutmayın. İlqar Məmmədov liberallıq xəstəliyinə tutulub ancaq “mənəm” deməzdi. Tam qətiyyətlə deyə bilərəm ki, orda adını çəkdiyiniz insanlar bu etdiklərinizdən razı qalmazdı.
***
Siz dindar olmaya, dindarı sevməyə də bilərsiniz. Ya da AXCP-ni, Musavatı qəbul etməyə də bilərsiniz. Hətta müstəqil bloqeri, jurnalisti də saya almazsınız. Amma əgər siz dediyiniz kimi, bütün Azərbaycanı qucaqlamağa hazırsanızsa, dediyiniz kimi, gənc qüvvə kimi ölkəni idarə etməyə, yüzlərlə insanı əhatə edəcək qüvvəyə maliksinizsə, kimisə kultlaşdırmırsınızsa (?) demək ki, bu ölkədə hamıya eyni münasibət bəsləməyi bacarmalısınız.
Amma əvəzində nə baş verir?
Mötəbər və güclü bir kürsüyə çıxırsınız və bu şans əlinizə keçən kimi, ancaq özünüz üçün məqbul hesab etdiklərinizi və ya dünyagörüşünüzə uyğun olanları dilə gətirib, bunların üzərində söhbət qurursunuz.
O zaman da sual doğur.
İndi mən necə inanım sabah sizin, dediyiniz o liberal, tənqidə dözümlü kəsimin əlinə hakimiyyət keçəndə hamıya eyni gözlə baxacaqsınız?
Mənə inanmaq kimi şans buraxmadınız axı… Ən adı bir müzakirədə, oranın verdiyi imkan və gücdən istifadə edilərək başqa bir kimlik sərgiləndi – qərəzli, qeyri-səmimi… Və ən pisi də odur ki, orda iqtidarın tənqidinə yönəlik deyilmiş sözləri bu qərəz kölgədə qoydu. Edilən yaxşı iş də bərbad oldu. Gündəmi bu qərəz zəbt etdi və beləcə, hakimiyyət də məmnun qalmış oldu.
Biz hər zaman ölkədə olanlardan danışanda ən çox nəyi tənqid edirik?! Aman, biz bir-birimizi qəbul etmirik, bir-birimizi görməzdən gəlirik. El dilində desək, bir-birinin ayağından çəkmək kimi yəni… İndi bu yanaşma bir az süslü, bir az politoloji terminlərlə zənginləşdirilib liberallıq, demokratiya kimi bizə sırınırsa da əslində, məsələn, “bir -birinin ayağından çəkmək” kimi deyimin mahiyyətindəki bəsitlikdən qətiyyən fərqlənmir. Bu qədər…
Bir gəncin yol verdiyi yanlışa qarşılıq bu suallar doğur, yorumlar insanın düşüncəsini məşğul edir təbii, amma dediyim kimi, bu qədər… Daha Emin Millini satqın elan edib onu çıxdaş etmək də yanlışdı və bir səhvə görə bir gənci linc etmək heç doğru deyil. O ancaq bu qeyri-səmimiliyinə görə tənqid olunmalı və burda bir çox mübarizə aparan insanın haqqı yeyilsə də, hər şeyə rəğmən, daha böyük olanı, Azərbaycanın dərdi seçilməli idi. Gündəm hakimiyyətin ifşasına yönləndirilən qismə uyğun formalaşdırılmalı idi. Və ən əsası, bu kimi məsələlərdə bütün tərəflər dostluqlar, tanışlıqlar və ya dünyagörüşə görə qiymətləndirilmələrdən qaçmalıdır. Tərəf tutmaq olmaz. Amma elə bütün tərəflər də əksini etdi və bu da ancaq dediyim kimi, hakimiyyəti məmnun etdi.
P.S. Nə yazıq ki, biz min illik yaramaz zehniyyədən hələ də yaxamızı qurtara bilməmişik. Bəli mən etiraf edirəm ki, bütün bu yanaşmalar mənə nə yenilikçi gəldi, nə daha çox demokratik, nə də liberal. Min ilin zehniyyəti…
O üzdən özümüzü dəyişək ki, Azərbaycanı da dəyişə bilək.