Həbsdə olunan jurnalist Elçin İsmayıllının işi ilə bağlı Ali Məhkəməyə kassasiya şikayəti verilib.
Jurnalistin vəkili Elçin Sadıqov bildirib ki, Ali Məhkəmədən ona bəraət verilməsi istənilir.
İsmayıllıda yaşayan jurnalist Elçin İsmayıllı 2017-ci il fevralın 17-si həbs olunub. O, İsmayıllı rayonunda vəzifəli şəxslərdən, barələrində rüsvayedici məlumat yaymaq hədəsi ilə pul tələb etməkdə və rüşvət almaqda ittiham olunub.
Elçin İsmayıl özünü suçlu bilmir. Saxlanılarkən üstündə olan 1000 manatı borc aldığını deyir.
Ötən il sentyabrın 18-də Şəki Ağır Cinayətlər Məhkəməsində Rəşid Hüseynovun sədrlik etdiyi hakimlər kollegiyası Elçin İsmayıllını 9 il müddətinə azadlıqdan məhrum edib. Jurnalistə həmçinin, 3 il müddətində müəyyən vəzifə tutmaq qadağan olunub.
Eıçin İsmayıllının vəkilləri hökmün əsassız olduğunu, məhkəmədə ittihamın sübuta yetirilmədiyini deyirlər.
Bu il fevralın 13-də Şəki Apelyasiya Məhkəməsi Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmünü qüvvədə saxlayıb.
azadliq.info