Milli Şuranın sədri, tarixçi alim Cəmil Həsənli yaxın vaxtlarda nəşr olunacaq “Azərbaycanda Sovet Liberalizmi: Hakimiyyət, Ziyalılar və Xalq, 1959-1969” adlı kitabından yeni parçanıfeysbuk səhifəsində paylaşıb. Bu dəfəki parça söhbət 1946-cı ilin dekabrında Sovet İttifaqına gəlmiş kürd siyasi mühacirləri haqqındadır.
Kürd siyasi mühacirlərinin Bakı və Moskva mərkəzləri arasında ixtilaflar
ADF MK-nın üçüncü konfransında Azərbaycan demokratları ilə Kürdüstan Demokrat Partiyası (KDP) arasında bir sıra ixtilaflar meydana çıxdı. Kürd demokratlarının başçısı Rəhim Qazi 1960-cı ilin mart ayının 6-da konfransın işindən və Qulam Yəhya Daneşianın hərəkətlərindən, konfransda özünün və kürdlərin təhqir edilməsindən Azərbaycan KP MK-ya 9 səhifəlik şikayət göndərdi. O, yazırdı: “Konfransda mənim əleyhimə çıxış edən yoldaşların bəziləri yalnız məni deyil, mənim həlak olmuş qardaşımı və ümumiyyətlə kürd xalqının şərəfini təhqir etdilər. Bu çıxışlar millətçilik xarakteri daşıyır və heç vəchlə bizim vahid partiya yaratmaq, İranın bütün demokratik qüvvələrinin fəaliyyət birliyini möhkəmləndirmək kimi gündəlik şüarlarımıza uyğun gəlmir. Məsələn, yoldaş Aslani dedi: “Azərbaycanlılara himayə gərək deyil, biz özümüz özümüzü idarə edə bilərik…Qazi kimdir? Ümumiyyətlə Kürdüstanda heç kim onun familiyasını tanımır…” Yoldaş Çeşmazər dedi: “Qazi feodal ailəsindən çıxıb, ondan necə xadim ola bilər…? Bu sözləri eşidən yoldaş Daneşian susdu, İranın mütərəqqi qüvvələrinin birliyini təmin etməyə “cəhd” edən yoldaş susdu.” Rəhim Qazi hələ ADF-nin ikinci konfransındakı çıxışında kürd kadrlarından səmərəli istifadə edilməməsindən narazılıq etmişdi və iqtisad elmləri namizədi, “Azərbaycan” qəzetinin redaktorunun müavini Əli Gəlaviji nəzərdə tutaraq bildirmişdi ki, Azərbaycan SSR EA-nın iqtisadiyyat bölməsində bir iqtisad elmləri namizədini Sabirin “Hophopnamə” kitabı haqqında iş yazmağa məcbur edirlər.
ADF MK rəhbərliyi ilə yanaşı Azərbaycandakı Kürd Demokratik Partiyasının Moskvadakı kürd lideri Molla Mustafa Bərzani ilə münasibəti də yaxşı deyildi və Bərzani dəfələrlə Bakıdakı kürd demokratlarının başçısı kimi Rəhim Seyf Qazinin Azərbaycan hakimiyyətinin əlində bir vasitə olduğu barədə Sovet rəhbərliyinə şikayətlər yazmışdı. Molla Mustafanın Moskvada oxuyan qohumu Mustafa Salmasi hələ 1955-ci ildə Bakıda olan kürd mühacirləri Hüsami Həsən Qermiyani Rəhmana yazdığı məktubda onları Rəhim Qazi əleyhinə imza toplayıb Moskvaya göndərməyə təşviq edirdi. O, yazırdı: “Biz unutmamalıyıq ki, qarşımızda böyük vəzifə dayanır, Bakıda böyük təsirləri olan Rəhimi (Rəhim Qazi-C. H.) və Gəlaviji (Əli Gəlavij – C.H.) məhv etmək vəzifəsi…Burada Rəhimin və Əlinin əvvəlki nüfuzu qalmayıb. Dayı (Molla Mustafa Bərzani – C.H.) dediyi kimi onları burda adam yerinə qoymurlar. Lakin biz sakitləşməməliyik, düşməni zəif bilib özümüzü öyməməliyik. Necə deyəllər “başı əzilmədən ilan ölü sayılmır”. İndi uğur qazanmaq üçün biz bir cərgədə mübarizə aparmağa cəhd göstərməliyik və imkan verməməliyik düşmən bizə qarşı bir cəbhədə birləşsin. Məsələn, təsəvvür edin əgər bizim müraciətimizdə üç imzanın yerinə beş imza olsa, onun əhəmiyyəti və qiyməti 500 faiz artıq olar…Bu məsələdə mən də sizə kömək edəcəyəm, bu iş üçün faydalı ola biləcək saxta məktublar hazırlayacağam.” Əslində, Molla Mustafa özü də bu işdə maraqlı idi və Sovet İttifaqında olan kürd mühacirlərinin yeganə təmsilçisi olmaq, Azərbaycandakı Kürd Demokrat Partiyasını özünə tabe etmək üçün bütün vasitələrdən istifadə edirdi. Hələ, 1954-cü ildə Sov. İKP MK yanında Ali Partiya Məktəbində dinləyici olarkən o, Sovet partiya rəhbərliyi ilə görüş istəmişdi və dekabrın 13-də MK-nın Xarici əlaqələr şöbəsinin əməkdaşı F. Voloşin onunla görüşmüşdü. Söhbət zamanı Bərzani təkidlə xahiş etmişdi ki, yaxın günlərdə İran Azərbaycanı Demokrat Partiyasının sədri müavini təyin edilmiş Rəhim Qazi haqqında ona məlum olan məlumatları Sovet yoldaşların nəzərinə çatdırsın. Molla Mustafa bildirdi ki, Rəhim Qazi bu vəzifəyə təyin edildikdən sonra Bakıdakı kürd mühacirləri Salmasi, Rəhman Qermiyani, Əziz Şamzani və Həsən Hüsamidən məktub alıb. Onlar təsdiq edirlər ki, İran Azərbaycanı və Kürdüstanda demokratik rejimlərin darmadağın edilməsi haqqında 1947-ci ildə Bakıda məlumat alanda, həmin vaxt bu kürd yoldaşlarla birlikdə Bakıda hərbi məktəbdə oxuyan Rəhim Qazi öz yoldaşların toplayıb və deyib ki, “Rədd olsun Sovet İttifaqı. Yaşasın Qəvam əs-Səltənə.” Onların məlumatına görə elə həmin gün o, Bakıda İran konsulluğuna gedib və ona İrana qayıtmağa viza verilməsini xahiş edib, öz yoldaşlarını da buna təhrik edib. Bərzani ilə söhbəti barədə MK-nın Xarici əlaqələr şöbəsinə məlumat hazırlayan Voloşin yazırdı: “Bərzaniyə məktub yazan kürdlər və eyni zamanda Bərzani özü hesab edir ki, Rəhim Qazinin təyinatı Azərbaycan KP MK-nın bu adamın əsl simasını bilməməsindən irəli gəlir. Bərzani güman edir ki, Rəhim Qazı bu vəzifəyə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədri Mirzə İbrahimov tərəfindən irəli sürülüb. Onun məlumatına görə Rəhim Qazinin əmisi Məhəmməd Qazi 1946-1947-ci illərdə Mirzə İbrahimova qiymətli hədiyyələr verib.” F. Voloşinin Mustafa Bərzani ilə söhbətinin məzmununu Sov. İKP MK-nın Xarici kommunist partiyalarla əlaqələr şöbəsinin müdirinin müavini İ. Vinoqradov bi gün sonra Azərbaycan KP MK-nın birinci katibi İmam Mustafayevə göndərmişdi və Qazi Məhəmmədin guya Mirzə İbrahimova “qiymətli hədiyyə” verməsini araşdırmaq üçün Moskvadan Bakıya komissiya gəlmişdi. Lakin yoxlamalar Bərzaninin “gümanlarını” təsdiq etməmişdi.
Molla Mustafa Bərzanin Azərbaycan rəhbərliyinə və Sovet Azərbaycanında mühacirət həyatı keçirən azsaylı kürd mühacirlərinə qarşı belə münasibəti daha çox Moskvadan qaynaqlanırdı. Hələ 1946-cı ilin dekabrında Azərbaycan demokratları ilə yanaşı Bərzanin başçılıq etdiyi 2 min nəfər kürd süvarisi Çulfa məntəqəsindən Sovet Azərbaycanına keçəndə SSRİ Dövlət Təhlükəsizli Naziri Viktor Abakumovun göstərişi ilə onlar Naxçıvanın yerli əhalisindən təcrid edildilər. Həmin vaxt Sovet İttifaqı Teleqraf Agentliyinin müxbiri adı altında SSRİ-yə gələn Azərbaycan demokratları və kürd hərbi dəstələrini müşayiət edən Dövlət Təhlükəsizliyi Nazirliyinin xarici kəşfiyyat və diversiya idarəsinin rəisi general Pavel Sudaplatova Abakumovdan tapşırıq gəldi ki, Bərzani ilə danışıqlara girsin və ona siyasi sığınacaq vəd etsin, onun dəstələrinin Özbəkistanda məskunlaşdırılacağın bildirsin. Eyni zamanda Sovet rəhbərliyinin adından Bərzaniyə bildirildi ki, o, və onun zabitlərinin bir hissəsi SSRİ-nin hərbi məktəblərində və akademiyalarında xüsusi təlimlər keçə bilər. Pavel Sudaplatov öz xatirələrində yazır: “Abakumov mənə Bərzani ilə olan söhbəti, xüsusi ilə Stalinin kürd zabitlərinə bizim hərbi təhsil müəssisələrində hazırlıq keçmələrinə razılıq verməsini Azərbaycan Kommunist Partiyasının rəhbəri Bağırova deməyi qadağan etdi. Məsələ bunda idi ki, Bağırov Bərzanidən və onun adamlarında İran Azərbaycanında sabitliyi pozmaq üçün istifadə etməyə cəhd göstərirdi. Lakin Moskva hesab edirdi ki, Bərzani İraqda ingilispərəst rejimin devrilməsində daha mühüm rol oynaya bilər. Və bundan əlavə, xüsusi ilə mühüm olanı, kürdlərin köməyi ilə Yaxın Şərq və Aralıq dənizində bütün ingilis-amerika hərbi qruplaşmalarının neft məhsulları ilə təmin edilməsində müstəsna əhəmiyyətə malik olan İraqdakı (Mosul) neft mədənlərini uzun müddətə sıradan çıxara bilərdik.” Bərzanin Bakıda Azərbaycan Demokrat Firqəsinə sığınmış kürd azlığını və onları himayə edən yerli rəhbərliyi təhdid etməsi, perspektivdə Yaxın Şərqdə sabitliyin pozulma prosesində Moskvanın Molla Mustafaya yüksək “etimadı” ilə bağlı idi. 1957-ci ildən başlayaraq DTK kürd milli təşkilatları və kürd tayfaları içərisində İrana müqavimət göstərmək məqsədi ilə artıq hazırlıq işlərinə başlamışdı.
Azərbaycan Demokrat Firqəsi sədrinin müavini olan Rəhim Əbülhəsən oğlu Seyf Qazi 1926-cı ildə Mahabadda ruhani torpaq sahibkarı ailəsində doğulmuşdu. Onun Debokri kürd qəbiləsindən olan atası Əbülhəsən Mahabadın Qazisi və əhali içərisində geniş nüfuzu olan torpaq sahibkarı idi. Rəhim Qazinin anası Vəcihə Seyf Qazi azərbaycanlı idi. O, əvvəlcə Mahabadda 3 illik məktəbdə oxumuş, 1935-1941-ci illərdə orta məktəbdə oxumuşdu. 1941-ci ildə Sovet ordusu İrana girdikdən sonra Rəhim Qazi əmisi oğlu Qazi Məhəmmədin 1943-cü ildə yaratdığı “Komaley Jiine Kürdüstan” partiyasına üzv olmuşdu. 1945-ci ildə Məhəmməd Qazi, Sədr Qazi və Rəhim Qazinin böyük qardaşı Məmmədhüseyn qazı tərəfindən Kürdüstan Demokrat Partiyası yaradılanda Rəhim Qazi də həmin partiyanın üzvü olmuşdu. 1946-cı ilin əvvəllərində Kürdüstan Milli Hökuməti yaradılanda Rəhim Qazi Kürdüstan xalq ordusunda xidmət etmiş və 1946-cı ilin aprelində təhsil almaq üçün Bakı hərbi məktəbinə göndərilmişdi. Mahabad respublikası qurulduqdan sonra kürd başçıları müxtəlif vasitələrlə Rezaye, Xoy, Şapur, Mianduabın azərbaycanlı əhalisi arasında təbliğat aparıb onları Kürd respublikasına birləşməyə təşviq edirdilər və belə təbliğat aparırdılar ki, əgər bu şəhərlərin azərbaycanlı əhalisi kürdlər tərəfinə keçsələr onlar vergidən və hərbi mükəlləfiyyətdən azad olunacaqlar. Bir sıra kürd başçıları – Ömər xan, Nuru bəy, Qotaz bəy və başqaları İran Azərbaycanı Milli Hökumətini tanımadıqların və Sovet ordusu çıxdıqdan sonra silah gücünə Rezaye, Xoy, Şapur və Makunu Kürd muxtariyyətin tərkibinə qatacaqların açıq ifadə edirdilər. Bu məqsədlə onlar 1946-cı ilin aprel ayında bu şəhərləri mühasirəyə almışdılar və yalnız Azərbaycan Milli Hökumətinin qətiyyəti, Sovet hərbi hissələrinin müdaxiləsindən sonra kürd silahlı dəstələri Mahabad hüdudlarına çəkilib getmişdi. Kürd Mahabad respublikasının süqutundan sonra Rəhim Qazi Bakıda qalmış əvvəlcə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsinə daxil olmuş, sonra isə partiya məktəbinə göndərilmişdi. 1951-ci ildə Universitetin aspiranturasına daxil olaraq “Küsrdüstan Demokrat Partiyası İran Kürdüstanı milli azadlıq hərəkatının rəhbri və təşkilatçısıdır (1945-1946)” mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdi. O, 1947-1953-cü illərdə Azərbaycan Demokrat Partiyasının kürd bölməsin redaktoru və müdiri, eyni zamanda “Kürdüstan” qəzetinin redaktoru işləmişdi. Mahabad respublikasının məğlubiyyətindən sonra 1947-ci ildə respublikanın başçısı Qazi Məhəmməd, Rəhim Qazinin qardaşları Mahabaddan İran məclisinin üzvü Sədr Qazi və Kürdüstan Milli Hökumətinin hərbi naziri Məmmədhüseyn Seyf Qazi edam edilmişdilər. Hələ bu hadisədən öncə İran hökuməti Bakıdakı konsulluğu vasitəsi ilə Rəhim Qazini İrana aparmağa cəhd göstərmişdi, şəxsən baş nazir Qəvam əs-Səltənədən ona İrana qayıtmaq üçün dəvət gəlmişdi. Lakin Azərbaycan KP MK onun İrana qayıtmasın məsləhət bilməmişdi. Onun Mahabadda kiçik qardaşı Abdulla, həyat yoldaşı Gövhərtaj, oğlu Həsən və bacısı qalmışdı. 1948-ci ildən ailə üzvləri ilə əlaqəsi kəsilmişdi. Rəhim Seyf Qazi uzun müddət ADF tərkibində kürd bölməsinə, sonra isə Kürdüstan Demokrat Partiyasına rəhbərlik etmişdi. Mir Cəfər Bağırovun respublika rəhbərliyindən uzaqlaşdırılmasından sonra ADF MK-nın köhnə qvardiyaya qarşı mübarizədə Qulam Yəhya Rəhim Qazinin “xidmətlərindən” istifadə edirdi. Məsələn, ADF-nın 1954-cü ilin iyul ayının 18-də Tibb hövzəsində keçirilən toplantısında MK-nın icraiyyə komitəsinin üzvü Rəhim Qazi Milli Hökumətin Ali Məhkəməsinin sədri olmuş Zeynalabidin Qiamini “səfeh” adlandırdığına görə o, iyul ayının 22-də partiya üzvülüyündən istefa vermiş və ADF MK-ya 19 səhifəlik etiraz ərizəsi yazmışdı. O, yazırdı ki, mən İranda siyasi mübarizənin önündə olanda “məni indi səfeh adlandıran Rəhim Qazinin atası mənim şücaətim, mərdliyim, mətanətim, ağlım və dəyanətim haqqında məruf şer yazmazdı. Mən nə edim ki, o kişinin sifətlərindən bunda heç bir əsər yoxdur.”
ADF MK-nın toplantısında Rəhim Qazi Milli Hökumətin Xalq Qoşunu naziri olmuş Cəfər Kavianın ünvanına da xoşagəlməz ifadələr işlətmiş və iclasın gizli qərarını 2 nömrəli tibb hövzəsinin iclasında açıqlamışdı. Bununla bağlı Kavian İman Mustafayevə yazırdı: “ Ehtiramla məlum edirəm ki, keçən gün, yəni 18-ci iyulda Azərbaycan Demokrat Firqəsinin 2 nömrəli hövzənin o günkü gizli qərarın bəzilərini Rəhim Qazi 30-40 adamın hüzurunda söhbət etmişdir. Və şəxsən məni bir xain kimi qələmə vermiş və dəfələrlə təkrar etmişdir. Mənim qızım isə həmin hövzənin üzvü olaraq qulaq asmış və cavab verməmişdir. Sizə məlum olduğu kimi İran hökuməti məni xain adlandırıb, qiyabi ölüm cəzasına məhkum etmişdir. Ona görə də Sizdən xahiş edirəm, məni yoxlayıb əgər məni Sovet ölkəsinin də xaini tanırlar, öz cəzama çatım.”
Azərbaycanda yerləşmiş Kürd Demokrat Partiyasının rəhbərləri Bərzaninin təzyiqlərinə müqavimət göstərmək üçün öz fəaliyyətini genişləndirməyə və Moskva ilə birbaşa əlaqələr qurmağa çalışırdı. Azərbaycan KP MK-ya yazdıqları birgə müraciətdə Rəhim Qazi, Əli Gəlavij, Qadır Mahmudzadə, Abdulla Rəzmavər, Soltan Otamişi və Kərim Əyyubi yazırdılar ki, “1946-cı ildə Sovet İttifaqına gəlmiş biz kürdlər öz qarşımıza əsas etibarı ilə bir vəzifə qoymuşduq. Bu vəzifə də Sovet tərbiyəsi alıb, marksizm-leninizm nəzəriyyəsi ilə silahlanmaq və son yarım əsrdə öz milli azadlığı və istiqlaliyyəti uğrunda mübarizəsi sürətlə inkişaf edən kürd xalqına xidmət etməkdən ibarət olmuşdur.” Onlar qeyd edirdilər ki, 1947-ci ilin noyabr ayından 1953-cü ilin avqust ayına qədər gizli radio stansiyasından Kürdüstan Demokrat Partiyasının adı ilə kürd xalqı üçün təbliğat aparılıb və həm İran, həm də İraq irticasının tədbirləri bu təbliğatın əhəmiyyətini təsdiq edir. Lakin onların fikrincə radio verilişlərinin dayandırılması Bakıda olan mühacir kürdləri öz xalqına xidmət etməkdən məhrum etmişdir. Onlar müxtəlif vaxtlarda Sov. İKP MK-ya təkliflər vermişdilər ki, 9 milyonluq kürd xalqını hərəkətə gətirmək üçün kürd dilində nəşrlər hazırlayıb Kürdüstanda yayılmasına köməklik edilsin; Moskva və Bakı radiolarının sars, türk və ərəb verilişlərində kürd xalqı, onun tarixi və mübarizəsi haqqında daha çox materiallar verilsin; Moskva və yaxud Bakı radiosundan başqa xarici dillər kimi kürd dilində də verilişlər vermək təşkil edilsin; Gizli iş aparmaq üçün mühacirlər Kürdüstana göndərilsin; Marksizm-leninizm klassiklərinin əsərlərindən kürd dilinə tərcümə edilib Kürdüstana göndərilməsinə şərait yaradılsın; Son aylarda Kürdüstan torpaqlarından keçən Suriya və Türkiyə sərhədlərində baş vermiş hadisələrlə əlaqədar kürdlər arasında iş aparmaq üçün mühacirlərin Suriyaya göndərilməsinə icazə verilsin. Onlar şikayətlənirdilər ki, “Sovet İttifaqında tərbiyələnmiş və marksizm-leninizm nəzəriyyəsi ilə silahlanmış bizlər hal-hazırda tamamilə mübarizədən ayrılıb və əməli surətdə xalqımıza heç bir xidmət göstərə bilmirik. 1947-ci ildən idarə edib buraxdığımız “Kürdüstan” qəzeti Kürdüstanda kürd oxucularına gedib çatmır. Eşitdiyimizə görə son zamanlarda Sovet İttifaqında olan İran Xalq Partiyası nümayəndələrinə və habelə Azərbaycan Demokrat Firqəsinə sosialist ölkələrində İran xalqlarının mübarizəsinə istiqamət vermək üçün radio vasitəsi ilə təbliğat aparılmağa imkan yaradılmışdır. İranda 3 milyona yaxın kürd yaşayır, kürd xalqının mübarizəsinə Kürdüstan Demokrat Partiyası rəhbərlik edir. İran xalqlarının antiimperialist mübarizəsini canlandırmaq və onu düzgün istiqamətə sövq etmək məqsədi ilə aparılan təbliğatda kürd xalqını və Kürdüstan Demokrat Partiyasını unutmaq olmaz. Xüsusən ona görə ki, İranda kürd xalqının mübarizəsi mühüm rol oynayır. Və bundan əlavə Azərbaycan Demokrat Firqəsi və Kürdüstan Demokrat Partiyasının adı ilə 6 ildən artıq radio vasitəsi ilə birgə təbliğat aparılmışdır.” Onlar məktublarının Sov. İKP MK-ya çatdırılmasın və onlardan iki nəfərin danışıq aparmaq üçün Moskvaya göndərilməsinə icazə verilməsin xahiş edirdilər.
Bakıdan kürd dilində verilən radio verilişləri 1953-cü ildə dayandırıldıqdan sonra Rəhim Qazi kürdlər arasında təbliğatı canlandırmaq üçün onun bərpası istiqamətində bir sıra təkliflərini Azərbaycan KP MK-ya təqdim etmişdi. 1954-cü ilin yanvar ayında MK-nın katibi Mirteymur Yaqubov Sov. İKP MK katibi Mixail Suslova yazırdı: “İran Kürdüstanından olan Azərbaycan Demokrat Partiyasının rəhbər komitəsinin üzvü Rəhim Seyf Qazinin Kürdüstanda təbliğat tədbirlərinin yaxşılaşdırılması ilə bağlı təkliflərini Sizə göndərirəm. Öz tərəfindən Azərbaycan KP MK Rəhim Seyf Qazinin əsasən İran, Türkiyə və İraq qovşağında yaşayan kürd əhalisi üçün Sovet radiostansiyalarının birində kürd dilində müntəzəm radio verilişlərinin təşkilini haqqında təkliflərinin qəbul olunmasın məqsədəuyğun hesab edir.” Lakin Moskva bu təklifi müsbət qarşılamadı. Sov. İKP MK-nın Xarici əlaqələr şöbəsinin müdir müvini Vinoqradov Suslovun tapşırığı ilə Azərbaycan KP MK yeni birinci katibi İmam Mustafayevə 1954-cü ilin may ayının 18-də telefonla zəng edib bildirdi ki, sizin SSRİ radiostansiyalarının birində kürd dilində radio verilişləri verilməsi haqqında məktubunuza baxılmışdır və “hesab edirik bu məsələ vaxtından əvvəl qaldırmışdır. Bununla belə, tövsiyə edirik ki, Moskva və Bakıdan hər gün türk, fars və ərəb dillərinə yayılan radio verilişlərində Zaqafqaziyada yaşayan kürdlərin həyatı işıqlandırılsın.” Bu telefon danışığından sonra İmam Mustafayev ideoloji məsələlər üzrə MK katibi Vitali Səmədova təlimat verdi ki, bu məsələ ilə bağlı xarici verilişlər üzrə Radio Komitəsinə müvafiq göstərişlər versin.
Kürd Demokrat Partiyasının başçısı Rəhim Qazi İrak və İranda yaşayan kürdlərin onunla əlaqə saxladığını, mübarizənin gedişində daha çox ona etibar etdiyini nümayiş etdirmək üçün Azərbaycan KP MK-nın ideoloji məsələlər üzrə katibi Nazim Hacıyev vasitəsi ilə Sov. İKP MK-ya məktub göndərmişdi. O, yazırdı ki, 1960-cı ilin mart ayının 20-də hazırda Kürdüstanda yaşayan, Kürdüstan Demokrat Partiyasının liderlərindən biri olan Əhməd Tofiqdən (o, eyni zamanda Seyd Abdulla İshaqidir) məktub almışdır. Qazi məlumat verirdi ki, Əhməd Tofiq İran hakimiyyətinin kürd demokratlarına qarşı həyata keçirdiyi repressiyalar nəticəsində ötən il İrandan İraqa gəlmişdir və mənim vasitəmlə, KDP adından Sizə çatdırmağı xahiş etmişdir ki, “onlar Sov. İKP nümayəndələri ilə görüşməyi çox istəyirlər. O, yazır: Bizim “atamız” və “qardaşımız” (MK və partiya üzvlərini nəzərdə tutur) çox və həddindən çox istəyir ki, “dahi ata” ilə (Sov. İKP) görüşsün. Hamı arzulayır və xahiş edir ki, görüş tez baş tutsun, çünki çox məsələlər vardır ki, “dahi atanın” məsləhəti olmadan onları həll etmək olmaz. Sizdən xahiş edirik bizim ricamızı “dahi ata”ya çatdırasan. Mən və daha digər bir yoldaş bu görüşə hazırlaşırıq və səbirsizliklə sizin cəhdlərinizin nəticələrini gözləyirik.” Rəhim Qazi əlavə edirdi ki, əgər İran Xalq Partiyası və Azərbaycan Demokrat Partiyası arasında vahid markisist partiyası yaradılması məsələsi həll edilirsə, onda Kürdüstan Demokrat Partiyasını da bu prosesə qoşmaq lazımdır. Lakin o, kürdlər arasında bu məsələyə ikili münasibətin olduğun, bir sıra kürd liderlərinin İran, İraq və Türkiyə daxil olmaqla bütün Kürdüstan üçün vahid kürd partiyası yaradılması ideyasının olduğunu, habelə onun rəhbərlik etdiyi Kürd Demokrat Partiyasının vahid İran marksist ideyasına tərəfdar olduğun vurğulayırdı. Rəhim Qazi məktubun sonunda yazırdı: “Bizə belə gəlir ki, əgər Kürdüstan Demokrat Partiyasının rəhbərləri Sov. İKP nümayəndəsi ilə görüşərsə özləri bu məsləhətləri sizdən eşidər və sözsüz ki, vahid İran partiyasının yaradılmasın tezliklə həyata keçirməkdə doğru yol tutar. Əgər Sov. İKP MK Kürdüstan Demokrat Partiyasının nümayəndələrini dəvət etməyi gərəkli hesab etsə, bunu Bağdaddakı Sovet səfirliyi vasitəsi ilə etmək olar.” Lakin Sov. İKP MK-nın Xarici əlaqələr şöbəsindən Şevlyaqin Nazim Hacıyev vasitəsi ilə Rahim Qaziyə xəbər göndərdi ki, “Sov. İKP MK Kürdüstan Demokrat Partiyasının daxili işlərinə müdaxilə etmir və belə bir görüşü təşkil edə bilməz.” Bunun başlıca səbəbi Sovetlərin Molla Mustafa Bərzani ilə əlaqələrə üstünlük verməsi ilə bağlı idi.