“Nə qədər canım sağdır, valideynlərimin qulluğundayam. Xüsusən, atamın…”, – 23 yaşlı Nərmin Xəlilovanın sözləridir.
Nərmin vaxtilə evin arzuolunmaz qız övladı kimi dünyaya gəlib. İndi isə ailənin bütün yükü onun üzərindədir.
İki yerdə işləyir. Günün birinci yarısında hazırlıq kurslarında dərs deyir, ikinci yarısında isə dəftərxana ləvazimatları mağazasında sənədlərin surətinin çıxarılmasıyla məşğul olur. Üstəlik, həftəsonu da rəssamlıq qabiliyyətindən istifadə edib pul qazanır – şəkillər çəkir.
“Ailədə iki bacıyıq. Böyük bacım ailəlidir. Biz üçümüz birlikdə yaşayırıq – atam, anam və mən. O vaxt ultrasəs müayinəsi indiki qədər populyar olmayıb deyə, mən anadan olana qədər qız olduğumu bilməyiblər. Anadan olanda atam o qədər pis olub ki, xəstəxanaya anamın yanına gəlməyib. Hətta nənəmgil anamı evə gətirəndən sonra iki aya yaxın anamı danışdırmayıb”, – danışır Nərmin.
Onun sözlərinə görə, indi isə atası ona “evin dirəyi” kimi baxır: “Hətta tez-tez mənə deyir ki, “bu qız yüz oğula dəyər”. Doğrusu, atamın mənə qarşı pis münasibətini, məni istəməməsini heç vaxt hiss eləməmişəm. Görünür, zamanla doğmalaşmışıq”.
“Elə oğul var ki, nəslin adını batırır”
Mərdan Xəlilov özü də valideynlərinin yeganə oğlu olub. Özünə də oğul övladı arzusu bundan irəli gəlirmiş. Hər halda, özü belə deyir. Düşünürmüş ki, nəslinin davam eləməsi, soyadının yaşaması üçün mütləq oğlu olmalıdır: “O vaxt özüm də gənc idim, bir çox məsələləri indiki kimi başa düşmürdüm. Sonradan anladım ki, nəslin adını övladın yaxşı əməlləri yaşadır. Elə oğullar var ki, nəslin adını batırır. Nərmin mənim üçün yüz oğula bərabərdir. Neçə ildir yataq xəstəsiyəm. İynə-dərmanımdan tutmuş, qulluğa qədər – hamısı onluqdur. Universitetə hazırlaşanda müəllim tutmağa imkanım çatmadı, özü gecə-gündüz oxuyub qəbul olundu. Ailənin vəziyyətini bilirdi deyə, elə qiyabi təhsil aldı, oxuya-oxuya işləməyə başladı”.
Adətən övladın valideyn qarşısında borcundan daha çox danışılır. Amma Mərdan Xəlilov deyir ki, o, özünü qızlarına borclu hesab edir: “Böyük qızım da ailə qurana qədər qulluğumda dayanıb. Kiçik isə mənə görə lap çox əzab çəkib”.
Oğul arzusu bir ananı məhv elədi…
Xəlilovlardan fərqli olaraq, “qız övladı problemi”nin daha böyük faciələrə yol açdığı ailələr də var. Təxminən iki ay öncə Respublika Perinatal Mərkəzində Kəmalə Bəkirova adlı ana övladını dünyaya gətirərkən dünyasını dəyişdi. Ölümün səbəbləri ilə bağlı yayılan rəsmi açıqlamadan belə məlum olur ki, 34 yaşlı qadının həyatı bir oğula qurban gedib.
Mərkəzin direktoru, Doğuşayardım Komissiyasının sədri Sevinc Məmmədovanın sözlərinə görə, Kəmalə Bəkirovanın bundan əvvəl 5 doğuşu olub – iki qız və üç oğlan uşağı dünyaya gətirib. Amma oğlanlar doğuşdan sonra ölüb. Buna görə də ana bir neçə dəfə selektiv aborta gedib. Yəni hər dəfə bətnindəki uşağın qız olduğunu öyrənəndə abort elətdirib. Komissiya sədrinin sözlərinə görə, bu da qadının orqanizmində fəsadlaşmaya səbəb olub.
“Axırıncı abortdan sonra fəsadlaşma olduğundan həkimlər ona hamilə qalmağı qadağan ediblər. Buna baxmayaraq, qadın hamilə qalıb. Oğlan olduğu üçün hamiləliyi 36-cı həftəsinə qədər davam etdirib. 36 həftəlik hamiləlik dövründə bizə müraciət edən qadını patologiya şöbəsinə yerləşdirdik. Bir sutka ərzində həmin qadın müayinələrdən keçirildi və hamiləliyi sonlandırmaq barədə qərar qəbul edildi. Amma vəziyyəti yaxşı olmadığı üçün təbii yollarla hamiləliyini sonlandırmaq qərarı verildi. Doğuş baş tutduqdan sonra 3700 qram anemiyalı, fiziki sarılıqlı oğlan uşağı dünyaya gəlib. Anada erkən zahılıq dövründə uşaqlığın divarları nazik olduğu üçün apenik qanaxma baş verib. Reanimasiyon tədbirlərə baxmayaraq, qanaxmanın qarşısını ala bilmədik. Buna görə xəstə əməliyyata götürüldü. Əməliyyatın icrası zamanı xəstədə ürək dayanması müşahidə olunurdu”, – deyə həkim ana ölümünün səbəbi haqda danışarkən bildirib.
Qadağa olsun, olmasın?
Azərbaycanda “oğlan arzusu” və ya “arzuolunmaz qız uşaqlarından xilas olmaq” məqsədilə həyata keçirilən selektiv abortların son dövrlərdə sürətlə artması həm də ölkə üçün ciddi demoqrafik təhlükədən xəbər verir. 2016-cı ilin statistik məlumatlarına görə, ölkədə doğulan hər 100 qıza 114 oğlan düşüb.
Təsadüfi deyil ki, Milli Məclisin deputatları, hətta ölkənin üzv olduğu beynəlxalq təşkilatlar da bu problemlə əlaqədar həyəcan təbili çalır. Bu gün Azərbaycan dünyadan selektiv abortların ən geniş yayıldığı ölkələrdən biri hesab olunur.
Vəziyyət elə bir həddə çatıb ki, hökumət hamiləlik dövründə uşağın cinsinin valideynə bildirilməsinə qadağa qoymaq istəyir.
Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini Musa Quliyev bildirib ki, reproduktiv sağlamlığın qorunması haqda qanun layihəsinə həm də uşağın cinsinə görə ultrasəs müayinəsinə, selektiv abortlara qadağa da daxil edilib. Layihədə bu qadağaları pozanlara qarşı həm inzibati, həm də cinayət məsuliyyəti nəzərdə tutulub.
Bununla belə, deputat hesab edir ki, təkcə hüquqi qadağa vəziyyəti düzəldə bilməz. Ona görə də əhali arasında bu mövzuda mütləq maarifləndirmə işi aparılmalıdır.
Amma hüquqşünas Rəşad Vaqifoğlu Azərbaycandakı mühiti nəzərə alaraq, hamiləlik dövründə dölün cinsiyyətinin bildirilməsinə qanunvericilik səviyyəsində qadağanı effektli saymır. Hesab edir ki, bu cür qadağa korrupsiyaya yol aça bilər: “Kimsə uşağının cinsiyyətini öyrənmək istəyirsə, müxtəlif yollara baş vurub onu öyrənəcək. Bu baxımdan, hesab edirəm ki, çıxış yolu ancaq maarifləndirmədə, təbliğatdadır”.
azadliq.info