Mənəvi keyfiyyətlər heç vaxt köhnələ və ya müasirləşə bilməz, tərifini dəyişməz, çəkisini itirməz. Yəni, ləyaqət, qürur, xeyirxahlıq, cəsarət, əxlaq anlayışları həmişəyaşardı. Heç bir dövr, heç bir idarəçilik, heç bir situasiya bu dəyərlərdən imtina etməyə bəraət qazandırmır. Çünki bütün bunlar insanı digər canlılardan fərqləndirir. Çünki bu dəyərlərdən imtina etmiş adam ölkəsinə, ətrafına, ailəsinə də yararlı ola bilməz. Paskal deyirdi ki, bizim bütün ləyaqətimiz düşüncəmizdədir. Bugün yaşadığımız ölkədə dəyərlər baş-ayaq düşüb və kütlə yanlış düşüncəyə sürüklənir. İrəli getmək üçün yaltaqlanmaq yolu tutan, başqasına çamur atmaq qərarı verən, zalımın qarşısında əyilmək fikrinə düşən adam ləyaqətsizliklə ittifaqa can atır. Yəni, onun düşündükləri yavaş-yavaş əməlində özünü göstərir və nəticədə “ləyaqətsiz insan”a çevrilir. Əbu Turxan yazırdı ki, ləyaqətsiz adamı təhqir etmək mümkün deyil. Belə adam artıq bütün təhqirləri həzm etməyə hazırdı və bütün əclaflıqlara imza atmaq iqtidarındadır. Təbii ki, fərdi keyfiyyətlərdəki naqisliklər cəmiyyətə də sirayət edir və cəmiyyətin əxlaqına, ləyaqətinə təsir etməyə başlayır. Çernişevski “Millətin ən mühüm kapitalı xalqın mənəvi keyfiyyətləridir” deyəndə yəqin ki, bunu nəzərdə tuturdu.
Xalq susanda, qorxusuna təslim olanda, özünəinam hissini itirəndə yanlış ənənələrin ömrünün uzanmasına, naqis adamların hökmranlığına kömək etmiş olur.
Demək istəyirəm ki, bu gün Azərbaycanda bir qrup insanın mübarizə aparmasını, çətinliklərə sinə gərməsini, bütün məhrumiyyətləri gözə almasını “hakimiyyətə gəlmək istəyirlər” kimi qiymətləndirmək düzgün deyil. Əlbəttə, ölkənin normal idarə olunması üçün normal adamların hakimiyyətdə olması vacibdir və məhz bu niyyətlə hakimiyyətə can atmaqda qəbahət yoxdur. Ancaq indiki situasiyada ləyaqət uğrunda, qürur uğrunda, mənəvi dəyərlər uğrunda mübarizə aparılır. Əgər bu adamlar təslim olsa, əgər bu proses tamam dayansa, əgər etiraz ocağı sönsə, bu ölkəyə başsağlığı vermək lazım olacaq. Deməli, indiki situasiyada mübarizə aparmaq, mübarizə aparanlara dəstək olmaq hamının borcudur. Yaltaqlığın, yalanın, oğruluğun, böhtançılığın, qorxaqlığın adiləşmsinə, normaya çevrilməsinə imkan vermək olmaz. Bugün cəmiyyətin qüruru, ləyaqəti təhdid altındadır və buna doğru addımlar atılmaqdadır.
Bəzən görürsən ki, qrup adam meydana çıxır və mübarizə aparanları öz aləmlərində tənqid edirlər. Tənqidlərinə cavab veriləndə isə “bunların tənqidə dözümləri yoxdur”, “bunlar hakimiyyətə gəlsə daha betər olacaqlar” kimi arqumentlərdən yapışırlar.Özünü intellektual, hərşeyşünas hesab edən bu adamlar başa düşmürlər ki, tənqidlərinin hədəfi və məqsədi səhvdir. Belə tənqidə dözümlü olmaq da səhvdir. Ümumiyyətlə, tənqidlərə adekvat cavab vermək “tənqidə dözümsüzlük” deyil. Sadəcə olaraq haqsız tənqidə, haqlı iraddır. Bu məqama toxunmaqla demək istəyirəm ki, belə adamlar öz enerjiərini düzgün istiqamətdə xərcləməlidilər. Doğurdan da məqsəd Azərbaycanın xilasıdırsa, cəmiyyəti eybəcərliklərin cəngindən qurtarmaqdırsa, o zaman bu misiyanı daşıyanları yox, cəmiyyəti çürüdənləri hədəf seçmək lazımdı. Əks halda belə adamlar mənəvi deqradasiyanın sürətlənməsinə kömək etmiş olacaqlar.
Bir daha təkrar edirəm ki, Azərbaycan demokratik ölkə deyil, hakimiyyət sivil mübarizə aparmaqdan imtina edib və belə bir ölkədə real müxalifət mövqeyindən çıxış etmək təhlükəlidir, çətindir. Amma zaman sübut etdi ki, bu təhlükələrdən, çətinliklərdən qorxmayaraq mübarizə aparanlar var. Ona görə də bu yükün altına girə bilməyənlərin yükgötürənlərə “niyə 10 kilo da artıq götürmürsən” iradı absurddur.
Bir sözlə, bugün Azərbaycanda siyasi mübarizə hakimiyyət kürsüsü deyil, ləyaqət kürsüsü uğrundadır. İlk növbədə cəmiyyəti ləyaqət ovçularından təmizləmək lazımdı. Adamlar şüurlu şəkildə həyatlarını bu mübarizəyə həsr ediblər, zindanı gözə alıblar, gəncliklərini qurban veriblər. Belə bir mübarizəni ancaq alqışlamaq olar. Belə bir mübarizə qələbəsiz də alqışa layiqdir. Bu adamlar olmasaydı, bugün Azərbyacan haqqında keçmiş zamanda danışmaq da olardı
Ilham Hüseyn