“Kanal-13” internet televiziyasının həbsdə olan icraçı direktoru Əziz Orucovun hökmündən apellyasiya şikayəti üzrə məhkəmə başlayır. Jurnalistin şikayətinə fevralın 6-da Bakı Apellyasiya Məhkəməsində Əmir Bayramovun sədrlik etdiyi hakimlər kollegiyası baxacaq. Bu haqda “Azadliq.info”ya vəkil Cavad Cavadov məlumat verib.
2017-ci ilin mayında həbs olunan Ə.Orucov haqqında dekabrda hökm çıxarılıb. O, 6 il azadlıqdan məhrum edilib.
Əziz Orucov 2014-cü ildə yerli və xarici QHT-lərə qarşı başlanmış cinayət işi çərçivəsində həbs olunub. O, Cinayət Məcəlləsinin 192.2.2 (külli miqdarda mənfəət əldə etməklə qanunsuz sahibkarlıq) və 308.2-ci (vəzifə səlahiyyətindən sui-istifadə) maddələri ilə ittiham olunur.
Ə.Orucov özünü təqsirli bilmir. Almaniyada yaşayan qardaşı Anar Orucov da deyir ki, Əziz onun orada Azərbaycan hökuməti əleyhinə etiraz aksiyalarında iştirakına, tənqidlərinə görə cəzalandırılıb.
azadliq.info