Hörmətli nazir, dəyərli professor Misir Mərdanov axır ki, illərlə ürəyində saxladığı dərdini dilinə aldı, “15 il ərzində nə qədər çalışdımsa, cəmiyyətin təhsilə olan münasibətinin müsbət tərəfə dəyişməsinə nail ola bilmədim”, – dedi.
Nə istəyirdi Misir müəllim, 15 ildə nəyi və niyə bacarmadı?
Orta məktəblərdə təhsilin səviyyəsini aşağı salmaqla cəmiyyətin münasibətini dəyişmək istəyirdi; amma biz normal adamlar deyilik, axı: kişinin zəhmətini çırpdıq yerə, repetitorlar tutduq, övladlarımızın bisavad böyüməsinə qismən də olsa, mane olduq;
Birinci siniflərə qəbulun rüşvətlə aparılmasına gen-bol şərait yaratdı ki, uşaqlar təhsildən yayınsınlar, amma xeyri olmadı: borc-xərc, dilənə-dolana tapdıqlarımızı direktorlara yedirtdik ki, uşaqlar məktəb qapısını tanısınlar.
Orta məktəb illərində müxtəlif bəhanələrlə uşaqlardan pul yığılmasına imkan tanıdı ki, bəlkə, cəmiyyət bir balaca ağıllana, uşaqlar orta məktəbdən imtina edə! Doğrudur, aparılan bu təhsil islahatı öz bəhrəsini verməkdədir, 2002-ci ildə orta məktəbə gedən 133 min şagirddən cəmi 70 mini təhsilini başa vurmağa müəssər olub, 63 mini “məktəb illərinin” arasında it-bata düşüb. Amma görünür, bu nəticə Misir müəllimi qane etmirmiş…
Nəsə, Misir müəllim çox işlər gördü, çox çalışdı, təəssüf ki, alınmadı!
Adamın ürəyi sızıldayır: qəmli hekayətdir, böyük dərddir. Amma qəbul etməliyik ki, bu etirafın özündə iradə, cəsarət var. Baxın, hansısa sivil cəmiyyətdə qarşısına qoyduğu məqsədə nail ola bilməyən məmurun 15 il dirəşdiyini, prinsipiallıq göstərdiyini görmüsünüzmü? Zındıq uşağı, dərhal “bacarmadım” deyib, istefa verirlər. Çünki qətiyyətləri yoxdur, kişilikləri çatmır!
Misir müəllim isə qətiyyətlə, prinsipiallıqla, mərd-mərdanə getdiyi yoldan əl götürmür: 15 ildir bacarmır, nə olsun, bir 15 il də cəhd eləyər!
Əsası ruhdan düşməmək, hər 15 ildən bir “bacarmadım” etirafını dilə gətirmək və yenidən, daha 15 il çalışmaqdır: O çalışmalıdır; o vuruşmalıdır; o əlləşməlidir: təhsilimizi yetim qoyub, hara gedə bilər ki?!
Ramiz Mehdiyev niyə hələ də vəzifədədir?
Hamı tutuquşu kimi bu sualları verməklə məşğuldur, sanki başqa mövzu tapa bilmirlər: “65 yaş iş və vəzifə üçün son hədd olaraq müəyyənləşibsə, nadir istisnalar yalnız 70 yaşa qədər şamil olunursa, bəs, Ramiz Mehdiyev dövlətin yep-yekə vəzifəsinin icrasına necə davam edir? Axı, onun 75 yaşı var! Məgər ”yaş məhdudiyyəti” ancaq müəllimlərə, həkimlərə şamil olunmalıdır?”
Əzizlərim, belə mənasız suallardan birdəfəlik əl çəkin və nəhayət, anlayın: Ramiz Mehdiyev bir dahidir, fitri istedad, fövqəladə bacarıq sahibidir; Azərbaycan xalqını düşdüyü çətin vəziyyətdən xilas etmək üçün Ramiz Mehdiyevi Allah özü bizə ərmağan olaraq göndərib – Heydər Əliyev kimi! Belə şəxsiyyətlərin vəzifə məsələləri dünya qanunları ilə tənzimlənmir, çünki bu tip fövqəlinsanlar bütün qanunlardan ucadadırlar. Onların vəzifə səlahiyyətləri prezidentin sərəncamı və ya hansısa avaragor qanunla müəyyənləşmir; fövqəlinsanlarla Haqq özü məşğul olur.
Allahın işlərinə isə qarışmayın!
Abel Məhərrəmovun “sevinci”
“Əks beyin axını”… Bu müdrik kəlamı səsləndirməklə elmimizə töhfə verən BDU-nun rektoru, akademik Abel Məhərrəmov ölkədəki iqtisadi çiçəklənmənin sübutu kimi deyib ki, 10 il əvvəlki dövrdən fərqli olaraq, indi “əks beyin axını” başlayıb: “Nəinki özümüzünkülər, hətta Avropa, Rusiya, ümumilikdə Avroatlantika məkanından BDU-ya işləməyə gələnlər var”.
Azərbaycanda professorun 1 saatlıq dərsi orta hesabla 4 manat civarında qiymətləndirilir. Professor gündə 4 saat – yəni çənəsinin “çüyü” çıxana qədər – dərs deyərsə, ayda 360 manat qazana bilər. “Elmlər doktoru” tituluna görə verilən 50 manatı da nəzərə alsaq, deməli, professorun bizim ölkədə maksimal qazancı ayda 450 manat da deyil.
Hə, Abel müəllim, deyirəm, BDU-da dərs demək üçün gələn ağlı qaçmış “avropalı alim”lərdən bircəciyini bizə tanıtsaydınız, pis olmazdı…