Azərbaycanda şifahi xalq yaradıcılığına böyük maraq var. Çoxlarımız nağılları xoşlayır. Adamlar tanıyıram ki, saysız nağıllar bilir. Qulaq da ki, nə qədər desən. Bu qarmaqarışıq zamanda ancaq təskinlik də tapmaq olur; əsrlərdən keçib gələn nağılların hamısı xoşbəxt sonluqla bitir və dinləyənlərə hədiyyə olaraq göydən alma da düşür. Düzdür, hələ o almalardan dadmaq kimsəyə nəsib olmayıb. Ancaq bu, xalqımızın nağıllara sevgisini azaltmayıb. Bəlkə elə bunun nəticəsidir ki, 20 ilə yaxındır hakimiyyəti ələ keçirən YAP-ın da nağıllarına eyni səmimiyyətlə inananlar var.
Geniş yayılmış ifadələrdən biri filan günü, yaxud filan bayramı “gələn il Qarabağda, Şuşada, Cıdır düzündə qeyd edək” kimi sözlərdir. 20 ildir. “Əsası Heydər Əliyev tərəfindən qoyulmuş”… bu sözləri “onun layiqli davamçısı Ilham Əliyev uğurla davam etdirir”. Beynəlxalq tribunalarda olmasa da, qaçqınlarla, fəlakət qurbanları ilə görüşlərdə o, Ermənistanın işğalçılığından odlu-alovlu çıxışlar edir, məsələ sülh yolu ilə həllini tapmasa, hətta torpaqları müharibə yoluyla qaytaracağını deyir. 10 ildir. Qarabağda məşhur olan “Alış, nəynən?!” sualını təkrarlamaq istəmirəm…
Ordumuzun qüdrəti var deyirlər. Dövlət büdcəsindən hər il ayrılan, həm də arta-arta, pullar ordumuzu qüdrətli etməliydi. Edibmi? Bu qüdrət hələ də gözə görünmür. Amma hər il, həm də atəşkəs dövründə itkilərimiz düşmənlərin itkisindən çox olur. Gözə görünən bu itkilərdir. Xəstəliklərdir. Müxtəlif, həm də adını yenicə eşitdiyimiz xəstəliklər nədənsə Azərbaycan ordusunda peyda olur. Avqustun 29-da xəstəlikdən vəfat edən əsgər, Şəmkirdən orduya çağırılmış Elşad Novruzovun ölümü ilə bağlı Müdafiə Nazirliyinin yaydığı məlumata baxaq: “Ölümə səbəb kəskin ensefalit, fulminant gedişli (ildırım sürətli) serebral koma, (4-cü dərəcə) pərçim simptomu, (beyin kötüyü və beyincik badamcıqlarının böyük ənsə dəliyinə pərçim) toksiki nefrit, reaktiv pankreatit, infeksion – toksiki miokardit, kəskin ürək-damar və tənəffüs çatışmazlığı olub”. Kimsə anladımı ölümün səbəbini?..
Saytlar iki qonşu, həm də düşmən ölkə – Azərbaycan və Ermənistanın dövlət başçıları ilə bağlı məlumat yayıb. Onlar bir torpaqda, amma müxtəlif yerlərdə məktəb açılışında iştirak edib qırmızı lent kəsiblər. Ilham Əliyev zəlzələdən ziyan çəkmiş Zaqatalada, Serj Sərkisyan isə 20 ildir işğal elədikləri Şuşada məktəbin açılışına qatılıb. Ağır xəbər deyilmi? Bəs harda qaldı o qüdrət? Bəs nə vaxt YAP-ın nağılları xoşbəxt sonluqla bitəcək? Telekanallar Ilham Əliyevin Zaqatala səfərindən təkrar-təkrar reportajlar, xəbərlər verirlər. Ancaq bir cümləlik “Sərkisyan Şuşada məktəbin açılışında iştirak edib” xəbəri saatlarla verilən o reportajların üstündən çalın-çarpaz xətt çəkir. Buna şahidlik eləmək, situasiyanı dəyişmək gücündə olmamaq adama əzab verir. “Gələn il bayramı Şuşada qeyd edək…” deyib Zaqataladan o yana keçə bilməyən dövlət başçının nağıllarını dinləmək kimi…
Qırmızı lenti kəsilən o məktəblər bilmirəm neçəyə başa gəlib. Ancaq Şuşada və Zaqatalada tikilən məktəblər arasındakı qiymətlərdə fərqin olduğunu dəqiq bilirəm. Iki il əvvəl – Kür daşqınlarından sonra fəlakət zonalarında məktəblər tikildi. Bu tikintilər böyük yeyintilərlə müşayiət olundu. Ondan qabaq jurnalist araşdırmalarından bəlli olmuşdu ki, Yaponiya, yaxud ABŞ səfirliyinin Azərbaycanda tikdiyi məktəblərə çəkilən xərclə Təhsil Nazirliyinin, ya da Heydər Əliyev Fondunun tikdiyi məktəblərə çəkilən xərcin arasında yerlə-göy qədər fərq var.
Torpaqları hələ də işğaldan azad edə bilməməyimizin səbəblərini həm də bu fərqlərdə axtarmaq gərəkdir.