Hesablama Palatasının kollegiyası müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq dövlət büdcəsindən Sumqayıt Dövlət Universitetinə ayrılan vəsaitlərin və büdcədənkənar daxilolmaların proqnozlaşdırılması və icrasının istifadəsi ilə bağlı həyata keçirilmiş auditin nəticələri üzrə hesabatı müzakirə edərək təsdiqləyib.
Auditlə əhatə olunan illərdə təhsil alanlar tərəfindən qabaqcadan ödənilmiş təhsil haqqı məbləğləri kreditor borcu kimi, müxtəlif səbəblərdən universitetdən xaric edilib, akademik məzuniyyətə gedən xarici və yerli tələbələr, doktorant və dissertantlar üzrə ödənilməmiş təhsil haqqı borcu debitor borc kimi uçota alınmayıb, təhsil haqqının düzgün müəyyən edilməməsi nəticəsində təhsil haqqı az alınıb, dövlət sifarişi ilə təhsil alan və tədris ilini tam başa vurmadan müxtəlif səbəblərdən Universitetdən xaric olunan tələbələrin təhsil haqqı üzrə ödənilmiş vəsait geri qaytarılmayaraq müxtəlif məqsədlərə istifadə edilib, akademik borca görə təkrar təhsilə cəlb olunmuş tələbələrdən kredit haqqının alınması təmin edilməyib, dövlət sifarişi ilə təhsil alan tələbələrin 2014/2015-ci tədris ilində 60,2 faizi, 2015/2016-cı tədris ilində 76,4 faizi, 2016/2017-ci tədris ilinin payız semestrində isə 69,1 faizi imtahanlarda aşağı nəticələr göstəriblər.
Malların (işlərin və xidmətlərin) satınalınması zamanı “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun, “Kotirovka sorğusu prosedurunun təşkili və keçirilməsinə dair Təlimat”ın və satınalmalarla əlaqədar digər qanunvericilik aktlarının bəzi tələblərinə əməl edilməyib, bəzi hallarda malların (işlərin və xidmətlərin) satınalma məbləği ayrı-ayrı müqavilələrə bölünərək icra edilib, həmçinin, satınalmalarda iştirak etmək məqsədilə satınalan təşkilata satın alınacaq malların siyahısı və şərtlər toplusunun əldə edilməsi məqsədilə şirkətlər tərəfindən ərizə ilə müraciət edilmədiyi halda onlara qiymət təklifləri təqdim edilib, malların alışını təsdiq edən qaimə-fakturanın yekun məbləğinin artıq göstərilməsi nəticəsində artıq vəsait ödənilib, malların ehtimal olunan qiymətləri düzgün müəyyən edilmədiyindən tenderdə qalib təşkilatın qiymət təklifləri bazar qiymətlərindən baha olub və nəticədə auditlə əhatə olunan dövrdə mal-materialların alınması üçün artıq xərcə yol verilib, bununla yanaşı tələbat olmadığı halda alınmış avadanlıqlar uzun müddət istifadəsiz saxlanılmaqla səmərəsiz xərcə yol verilib.
Təmir-tikinti işləri zamanı layihə-smeta sənədləri tərtib olunmayıb və təmir işlərinin ehtimal olunan qiymətinin təyin edilməsi üçün Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi yanında Tikintidə Qiymətqoyma Mərkəzinə müraciət edilməyib, yerinə yetirilməmiş təmir işlərinə görə podratçıya vəsait ödənilib, “Təmir məsrəflərinin mühasibat uçotunda əks etdirilməsinə dair Qaydalar”ın tələbləri gözlənilməyərək cari təmir xərclərinin normadan artıq hissəsi müvafiq əsas vəsaitlərin dəyərinə əlavə edilməyib, maliyyə hesabatları tərtib edilərkən “Büdcə Təşkilatları üçün Milli Mühasibat Uçotu Standartlarına uyğun olaraq mühasibat uçotunun təşkili və aparılmasına dair Təlimat”ın bəzi tələbləri gözlənilməyib, təsərrüfat fəaliyyətinin nəticələri bəzi hallarda maliyyə hesabatlarında düzgün əks etdirilməyib.