Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycanın ərazi bütövlüyü əleyhinə çağırışlarda, sərhədi qanunsuz keçərək Dağlıq Qarabağa getməkdə ittiham olunan blogger Aleksandr Lapşinin mühakiməsi davam edir. Hakim Əlövsət Abbasovun sədrliyi ilə iyulun 14-də keçirilən məhkəmədə prokuror çıxış edib. Dövlət ittihamçısı Aleksandr Lapşinin 6 il 6 ay azadlıqdan məhrum edilməsini istəyib.
Prokuror bildirib ki, Lapşinin Azərbaycanın ərazi bütövlüyü əleyhinə hərəkətlərinə dair ittihamlar məhkəmə istintaqı dövründə sübuta yetirilib.
Eyni zamanda, həm Rusiya, həm Ukrayna, həm də İsrail vətəndaşı olan Lapşinin vəkili müdafiə çıxışına hazırlaşmaq üçün vaxt istəyib. Məhkəmə iyulun 19-da davam edəcək.
Lapşin CM-nin 281 (dövlət əleyhinə yönələn açıq çağırlşlar) və 318 (dövlət sərhədini qanunsuz keçmə) maddələri ilə ittiham olunur. İttihama görə, o, Azərbaycanın işğal olunmuş ərazilərində yaşayanlarla əlaqə quraraq, 2011-ci ilin aprel və 2012-ci ilin oktyabr aylarında işğal olunmuş ərazilərə daxil olub. O,
özünə məxsus http//puerrtto.livejournal.com səhifəsində səyahət etdiyi dövlətlər arasında Azərbaycan və Ermənistanla yanaşı, Dağlıq Qarabağı da müstəqil dövlət kimi qeyd edib.
Lapşin 2017-ci il yanvarın 17-də Azərbaycana Belarusdan ekstradisiya olunub.
Amma blogger özünü təqsirli bilmir və Azərbaycanın ərazi bütövlüyü əleyhinə fikir səsləndirmədiyini deyir.
azadliq.info