“Xəmsə” restoranının sahibi, iş adamı Mürvət Həsənli tanınmış vəkil Aslan İsmayılovun cinayət məsuliyyətinə cəlb olunmasında israrlıdır. Aslan İsmayılovun CM-nin 147 (böhtan) maddəsi ilə cəzalandırılmasını tələb edən iş adamının bu haqda şikayətinə iyulun 11-də Bakı Apellyasiya Məhkəməsində hakim Əmir Bayramovun sədrliyi ilə baxılacaq.
Qeyd edək ki, tərəflər arasında gərginliyin kökündə Türkiyənin “Emre Piliç” şirkətinin Mürvət Həsənli ilə borc çəkişməsi durur. Aslan İsmayılov bu işdə “Emre Piliç” şirkətinə vəkillik edib.
Mürvət Həsənli iddia edir ki, Aslan İsmayılov onu “MTN-in adamı” adlandırmaqla, adı bir sıra qalmaqallarda hallanan, hazırda isə həbsdə olan MTN generalı Akif Çovdarovla əlaqələri haqda söylədiyi fikirlərlə ona böhtan atıb. Bu əsasla Mürvət Həsənli Aslan İsmayılovun cinayət məsuliyyətinə cəlb olunması ilə yanaşı, onun üzr istəməsi, təkzib verməsi və 500 min manat maddi təzminat tələbilə məhkəməyə müraciət etsə də, istədiyinə nail ilmayıb. Səbail rayon məhkəməsi onun xüsusi ittiham qaydasında verdiyi şikayəti icraata götürməkdən imtina edib. Mürvət Həsənli həmin qərardan apellyasiya şikayəti verib.
Qeyd edək ki, Mürvət Həsənli özü də Aslan İsmayılovu ermənilərlə əlaqəsi olan şirkəti müdafiə etməkdə ittiham edib.
azadliq.info