Azərbaycan İslam Partiyasının beş ildir ki, həbsdə olan lideri Mövsüm Səmədov iyulun 10-da yenidən məhkəmə qarşısına çıxarılacaq. Bakı Apellyasiya Məhkəməsində Vüqar Məmmədovun sədrlik etdiyi hakimlər kollegiyası Mövsüm Səmədovun şikayətinə baxacaq.
Apellyasiya şikayəti Qaradağ Rayon Məhkəməsinin ilahiyyatçı ilə bağlı 14 iyun 2017-ci il tarixli qərarından verilib. Qərara əsasən, Mövsüm Səmədovun cəza rejimi üç il müddətinə dəyişdirilib. Yəni qarşıdakı üç ili ilahiyyatçı Qobustandakı qapalı həbsxanada keçirməlidir. Amma sözgedən məhkəmə qərarından apellyasiya şikayəti verildiyindən hələlik qüvvəyə minməyib. Ona görə də Mövsüm Səmədov hələ də 12 saylı cəzaçəkmə müəssisəsində saxlanılır.
Xatırladaq ki, Mövsüm Səmədov 2011-ci ildə dövlət çevrilişinə cəhd, qanunsuz silah saxlama və s. ittihamlarla 12 il azadlıqdan məhrum edilib. Amma ilahiyyatçı ittihamları qəbul etmir, hökuməti tənqid edən fikirlərinə görə cəzalandırıldığını bildirir. 2014-cü ilin noyabrında da Mövsüm Səmədov müəssisə rəisinin təqdimatı əsasında iki illik həbsxana rejiminə köçürülmüş, 2016-cı ilin noyabrında 12 saylı cəzaçəkmə müəssisəsinə geri qaytarılmışdı. Müəssisəyə gəldiyi gün və ondan sonra da dəfələrlə “karsa” salınan Mövsüm Səmədov hazırda da “kars”dadır. Ondan özündə saxladığı kiçik “Quran”I divardan asmaqdan ötrü istifadə etdiyi ip tapıldığına görə 10 günlük “kars” cəzası verilib.
Ötən ilin sentyabrında Konstitusiyaya Azərbaycanda prezidentlik müddətinin artırılması, vitse-prezidentlik institutunun yaradılması, seçkidə namizəd olmaq üçün yaş məhdudiyyətinin aradan qaldırılması və s. dəyişikliklərlə əlaqədar referendum ərəfəsində Mövsüm Səmədov Qobustan həbsxanasında idi.
İlahiyyatçı bu dəyişikliklərin mürtəce olduğunu bəyan edib, etiraz olaraq, orada aclıq aksiyası keçirirdi.
azadliq.info