“İndi Obama administrasiyasının İranla imzaladığı nüvə sazişinin cırılıb atılması yalnız vaxt məsələsidir”
“The Guardian” qəzetinin jurnalistlərinin hüquqlarını qoruyan Freedom of the Press Fondunun baş icraçı direktoru Trevor Timm yazır ki, Rusiya təhqiqatı və respublikaçıların dövlət səhiyyəsini milyonlarla insanın əlindən almaq cəhdləri barədə media yazıları arasında itib-batan Trump administrasiyası Suriyada və “bəlkə hətta ondan o yanda” İrana qarşı təmsili müharibənin bünövrəsini qoyur.
Foreign Policy məcmuəsu isə by həftə xəbər verib ki, Trump administrasiyasının əsas rəsmiləri “Suriyadakı müharibənin genişləndirilməsinə can atır, bunu İran və onu təmsil edən qüvvələrlə qarşıdurmaya çıxmaq imkanı hesab edirlər”.
Bu strategiyaya Pentaqon tərəfindən etirazlar var, lakin bu, deyəsən Ağ Evi tutduğu kursdan döndərə bilmir.
Washington Posta görə İran və ABŞ qüvvələri artıq regionda birbaşa toqquşublar. Buna baxmayaraq administrasiya rəsmiləri “növbəti” mərhələyə hazırlaşırlar.
Bu mərhələdə İŞİD-in tam məğlubiyyətindən sonra birbaşa iranlılara zərbə endirilməsi nəzərdə tutulur.
Timm yazır ki, Ağ Evin Suriya hökumətinin yeni kimyəvi hücum hazırladığına dair bazar ertəsi yaydığı məlumat hətta Pentaqonu da təəccübləndirib.
ABŞ-ın BMT-dəki səfiri dərhal bu bəyanatı özünün Twitter postunda əks etdirib və yazıb ki, “bir daha kimyəvi hücum olarsa, bunun təqsiri artıq təkcə Suriya hökumətində yox, həm də İran və Rusiyada olacaq”.
Məqalədə o da deyilir ki, Ağ Ev sanki Yaxın Şərqdə daha bir fəlakətli müharibəyə başlamaq üçün bəhanə axtarır. Trump administrasiyası belə bir müharibənin gətirə biləcəyi xaos barədə, deyəsən heç düşünmək də istəmir.
Ağ Evin kəşfiyyat orqanları ilə əlaqələrinə cavabdeh olan Ezra Cohen-Watnick başqa administrasiya üzvlərinıə deyib ki, o İran hökumətini devirmək məqsədilə casuslardan istifadə edilməsini istəyir. Unutmaq olmaz ki, ötən həftə dövlət katibi Rex Tillerson da Senata İranda dinc rejim dəyişikliyi barədə danışıb.
Timm yazır ki, Trump-ın İrana qarşı müharibə təşnəsi onun administrasiyası işə gələndən başlayıb. Trump-ın Ağ Evə gəlişindən iki həftə sonra indi rüsvay olmuş ovaxtkı milli təhlükəsizlik müşaviri Michael Flynn brifinq otağına gələrək “İranın hədəfdə olduğunu” elan etmişdi.
Timm yazır ki, əgər administrasiya İranla müharibə planını həyata keçirməyə qalxsa, bu tarixi miqyasda ölümcül hadisə olacaq.