Almaniya hökuməti bir qrup türk hərbçiyə və onların ailələrinə siyasi sığınacaq verib.
Bu barədə “Sueddeutsche Zeitung” nəşri məlumat yayıb.
Məlumatda sığınacaq alan hərbçilərin sayı göstərilməsə də, qeyd olunur ki, ərizəçilərə elə ilk müraciətdəcə müsbət cavab verilib.
Son rəqəmlərə görə, Türkiyədəki hərbi qiyam cəhdindən sonra Almaniyaya sığınacaq üçün üz tutanların sayı 414-dür. Onların 260-ı hərbçilər, qalanları diplomatlar, hakimlər və bəzi yüksək vəzifəli məmurlardır.
Almaniya mətbuatının yazdığına görə, sığınacaq alan hərbçilərdən bəziləri diplomatik pasport sahbləridir. Onların arasında NATO strukturlarında çalışanlar da var.
Bu şəxslərin bir çoxu Türkiyədə dövlət çevrilişinə cəhddə şübhəli bilinir.
Bu arada, Almaniya Federal Kəşfiyyat Xidmətinin rəhbəri Bruno Kal bildirib ki, Türkiyə tərəfi onlara Fətullah Gülənin dövlət çevrilişinin təşkilində iştirakını sübut edə bilməyib: “Türkiyə ən müxtəlif səviyyələrdə bizi inandırmağa çalışsa da, bugünədək buna nail olmayıb”.
Gültəkin