ABŞ prezidenti Donald Trampın İranın “nüvə razılaşmasının ruhuna uyğun davranmadığı” haqqındakı sözləri ölkə rəsmilərinin sərt reaksiyasına səbəb olub. İranın Xarici işlər naziri Cavad Zərif Trampın açıqlamasına qarşılıq olaraq “o adamın sözlərini çox ciddiyə almayın” deyib. İran rəsmi xəbər agentliyində (IRNA) yer alan xəbərə görə, Zərif bu sözləri media mənsublarıyla görüşündə bildirib. İtaliyanın Baş naziri Paolo Gentiloni ilə keçən həftə Ağ Evdə təşkil etdiyi birgə mətbuat konfransında danışan Tramp, İran ilə P5 + 1 ölkələrinin 2015-ci ildə imzaladığı nüvə razılaşması ilə bağlı bir suala cavab olaraq bu müqaviləni “bərbad” adlandırmışdı. ABŞ prezidenti çıxışında “nüvə razılaşmanın ruhuna uyğun davranmayan İranın qarşıdakı müddətdə bir şeylər edə biləcəyi” fikrini səsləndirmişdi. Tramp seçki kampaniyası zamanı da Barak Obama dövründə imzalanan nüvə müqaviləsini sərt sözlərlə tənqid etmiş, prezident olacağı halda bu müqaviləni yenidən nəzərdən keçirəcəyini bildirmişdi.
azadliq.info