Bu gün Sabunçu Rayon Məhkəməsinin inzibati binasında ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov, həmin idarənin sabiq işçisi, polkovnik Səlim Məmmədov, MTN-in sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi ilə qapalı keçirilən prosesdə zərərçəkmiş Qədim Ədilovun epizodu üzrə digər zərərçəkmiş Natiq Hümbətov ona verilən sualları cavablandırıb.
Daha sonra keçmiş MTN əməkdaşı Rövşən Əzimov şahid qismində dindirilib.
O, ifadəsini zamanı Q.Ədilovun MTN-ə dəvət edildiyini deyib: “Onu nazirliyin inzibati binasında Akif Çovdarovun qəbuluna apardıq. Orada Qədim Ədilovla Akif Çovdarov qısa söhbət apardı və daha sonra o, sərbəst buraxıldı. Qədim Ədilova nazirlikdə heç bir təzyiq edilməyib”.
Proses günün ikinci yarısında davam etdiriləcək. (Report)