Moskva Suriyadakı kimya hücumun günahkarlarını himayə etməyə və dünyanın diqqətini bu məsələnin araşdırılmasından yayındırmağa çalışır. Bu barədə Ağ Evin məxfi hesabatında deyilir.
Tramp administrasiyası Suriyada aprelin 4-də kimyavi silahın tətbiq edilməsi ilə bağlı hazırladığı məxfi hesabatın bir hissəsini dərc edib. Dörd vərəqli hissə The New York Times nəşrində verilib.
Hesabatda deyilir ki, Rusiya Bəşər Əsədin əsas müttəfiqidir və onun əməllərini ört-basdır etməklə məşğuldur. Sənəddə Rusiya hakimiyyətinin hücumun “təxribar” olması ilə bağlı dedikləri təkzib edilir.
“Moskva 4 aprel hücumuna digər dəhşətli hadisələrə yanaşdığı kimi cavab verir. Çaşqınlıq yaratmaq və dünya ictimaiyyətində şübhə yaymaq üçün müxtəlif təzadlı məlumatlar yayırlar”, – deyə hesabatda qeyd olunur.
Hesabatın bir hissəsi Rusiyanın “Suriya ordusunun üsyançıların kimyəvi silah anbarını bombalaması barədə” verdiyi bəyanatları təkzib etməyə həsr olunub.
Sənəddə peyklərdən olan video və təsvirlərə istinad edilir. Bu görüntülərdə bombaların binalara deyil, yollara atıldığını müşahidə etmək olar.
İdlib vilayətindəki Xan Şeyxun qəsəbəsinə hava hücumu 2017-ci il aprelin 4-də baş verib. Zərbələr nəticəsində 89 nəfər ölüb.
Videoyazılarda görünür ki, insanlarda zəhərlənmə əlamətləri müşahidə olunur. Suriya kimyəvi silahdan istifadə etdiyini inkar edir.
Aprelin 7-də ABŞ Xan Şeyxuna hücum edən təyyarələrin qalxdığı Suriya aviabazası “Şeyrat”-a raket zərbələri endirib.
ABŞ zərbələrin kimyəvi hücuma cavab olduğunu bildirib. Qərb qüvvələri kimyəvi hücuma görə Suriya prezidenti Bəşər Əsədi cavabdeh sayır.
Fizzə