Bir çox şikayətçi illərdir hüquq mühafizə orqanlarına etdikləri müraciətlərə cavab verilmədiyindən gileylənir. Onlardan biri, Səbail rayon sakini Alya Təmrazova 7 ildən artıqdır ki, prokurorluq orqanlarına şikayət etdiyini deyir. Amma onun şikayətləri hələdə nəticəsiz qalıb. Respublika Baş prokuroru Zakir Qaralovun qəbulunda 6 dəfə, onun müavini Rüstəm Usubovun qəbulunda isə 8 dəfə olduğunu bildirən Alya Təmrazova şikayətinə baxılması əvəzinə prokurorluğun yüksək vəzifəli generalından ona qarşı təhqirlər olduğunu da bildirir.
Pulları və qızıl zinyət əşyalarının oğlu tərəfindən oğurlandığını bildirən 72 yaşlı Alya Təmrazova başına gətirilənlərin ölkə ictimaiyyətinə çatdırılmasını istəyir. Həmçinin, şikayətçi Dövlət Gömrük Komitəsinin İstintaq İdarəsinin rəis müavini vəzifəsində çalışan oğlu Həsən Sultanzadənin onu ruhi dispanserə saldığını da deyir.
Alya Təmrazova Respublika Prokurorluğunun qarşısında azadliq.info-nun əməkdaşına başına gətirilənlər barədə danışıb. Həmin video-müraciəti dinləyicilərimizə təqdim edirik.
Məsələ ilə bağlı Respublika Prokurorluğu ilə əlaqə yaratmaq mümkün olmayıb.
azadliq.info