“Twitter”in açıqladığı Şəffaflıq Hesabatında Türkiyə ən çox hesab bağlanılması tələb edilən ölkə olub. Türkiyədən sonra Fransa, Rusiya, Almaniya və İndoneziya gəlir.
İyul – dekabr 2016-cı il dövrünü əhatə edən Şəffaflıq Hesabatında “Twitter” son 6 ay içində Türkiyədən paylaşımın qaldırılması üçün məhkəmə qərarı və ya digər qanuni kanallardan 3 min 76 müraciət edildiyini açıqlayıb.
Bu şikayətlərin 2 min 232-sinin hökumət orqanları, polis, başqa təşkilat və şəxslər tərəfindən, 844-nün isə məhkəmə qərarı ilə edildiyi bildirilib. Sosial media mühitində paylaşılan mesajlarla bağlı da “Twitter”ə 8 min 417 hesaba dair hesabat çatdırılıb. Hesabatda Türkiyədən olan müraciətlərə uyğun 290 hesabın və 489 “Twitter” mesajının əngəlləndiyi açıqlanıb.
“Twitter”in hesabatında dünya üzrə cəmi 13 min 22 hesabın bağlanılması tələbinin gəldiyi, Türkiyənin 3 min 76 müraciətlə ən çox müraciət edən ölkə olduğu vurğulanıb.
azadliq.info