“The İndependent” qəzetinin yazdığına görə, İsrailin müdafiə naziri, “Dəməşq bir daha İsrailin qırıcılarını hədəfləyərsə, Suriyanın hava hücumundan müdafiə sistemini məhv edəcəyi” ilə hədələyib.
İsrail hərbiyyəsi ötən həftə Suriya üzərində onun təyyarələrinə atılmış bir neçə yer-göy raketlərini vurduğunu bildirib. Bu insident iki qonşu arasında son illərin ən ciddi toqquşmasıdır.
İsrail hərbi-hava qüvvələrinin rəsmiləri bildiriblər ki, İsrailin dörd hərbi təyyarəsi İran tərəfindən dəstəklənən Livan Hizbullahına silah daşıyan maşın karvanını məhv etmək missiyasında olduğu vaxt onlara Suriyadan üç yer-göy raketi atılıb.
Bu raketlərdən biri İsrailin “Arrow” kimi tanınan Havadan Müdafiə Sisteminin radarına düşüb.
İsrailin müdafiə naziri Avigdor Lieberman xəbərdarlıq edib ki, suriyalılar İsrail təyyarələrinə qarşı bir daha özlərinin hava hücumundan müdafiə sistemini işlətsələr, bu sistem tamamilə məhv ediləcək.
Dəməşq iddia edib ki, təyyarələrdən biri İsrailin nəzarətində olan ərazi üzərində vurularaq yerə salınıb, digəri isə vurulub. İsrail hərbiyyəsi heç bir təyyarəsinə xətər toxunmadığını bildirib.
Suriya ordusunun bəyanatında bildirilir ki, İsrail əslində Palmira yaxınlığında “İŞİD-in quldur dəstələrinə” dəstək verməyə çalışıb.
“The İndependent” yazır ki, son illər ərzində İsrailin Suriya ərazisi üzərindəki zərbələri Hizbullah qruplaşmasının silahlandırılmasına qarşı yönəlib.
Hizbullah hazırda prezident Bəşər Əsədin müttəfiqlərindən biridir.
İsrailin baş naziri Benjamin Netanyahu deyib ki, Hizbullaha müasir silahların çatdırılması barədə hər hansı kəşfiyyat xəbərinin alınması İsrail təyyarələrinin zərbəsi ilə nəticələnəcək.
Hazırda Suriya göylərində Rusiya, Suriya, ABŞ və İsrail təyyarələri ən müxtəlif əməliyyatları həyata keçirirlər.