Yaxud Məmmədquliyevin Avropa qarşısında “qanmamışıq” arqumenti ilə bəraətə cəhd etməsi
Xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev Azərbaycan-Avropa Birliyi münasibətlərinə həsr olunan tədbirdə bildirib ki, “Azərbaycan demokratiyası gəncdir, cəmi 20 il öncə demokratiyaya keçmişik, buna qədər insan haqları, insan haqlarının müdafiəsi nədir, bilməmişik”.
Nazir müavinin bu fikirlərini oxuyarkən bir də ölkədəki vəziyyəti nəzərdən keçirək. Əgər Mahmud Məmmədquliyev elə düşünürsə ki, insan haqları haqq danışan hər kəsi şərləyib həbs etmək, xalqın seçmək hüququnu, sərbəst toplaşmaq hüququnu əlindən almaqdır, o zaman bunu orada açıq formada səsləndirməli idi. Gec deyil, elə indi də deyə bilər ki, mən səhv bilmişəm, əslində vəziyyət belədir. Çünki bütün dünya Azərbaycanda baş verənlərdən agahdır. Uzağa getməyə ehtiyac yoxdur. ABŞ Dövlət Departamenti İnsan Haqları Bürosunun sonuncu hesabatında hər şey çox detallı formada əks etdirilib. Vurğulanır ki, Azərbaycanda siyasi məhbusların sayı 119-160 nəfər arasında dəyişir. Həbsxanalardakı şəraitdən tutmuş, işgəncə faktlarına qədər bütün problemlər hesabatda öz əksini tapıb. Bu ilin fevral ayında “Amnesty İnternational” açıqladığı hesabatında bildirilib ki, “Azərbaycanda müxalifətçi fəalların, insan haqları təşkilatlarının və müstəqil mətbuatın repressiyaya məruz qalıb, təşkilatların çoxunun fəaliyyətini dayandırmalı olub, beynəlxalq qurumların müşahidəçiləri isə ölkəyə buraxılmayıb”. Aşağı-yuxarı eyni problemlər nüfuzlu “Human Right Watch” təşkilatının hesabatında da öz əksini tapıb. İnsan haqlarına dair dünyanın bütün nüfuzlu təşkilatlarının hesabatlarında Azərbaycanla bağlı bir kəlmə də xoş söz işlədilməyib. Ölkədə insan haqlarının vəziyyət o həddə qədər bərbaddır ki, hökumət kredit üçün hansı qapını döyürsə, şərt kimi insan haqları sahəsində islahatlar tələbi qoyulur. Görünür, nazir müavini 2013-cü ildəki prezident seçkilərində ATƏT-in DTİHB-nun seçkilərə 58 faiz saxta rəy verməsini unudub. Sonuncu parlament seçkilərinə də ATƏT müşahidəçilərinin ölkәyә buraxılmamasından isə yerli-dibli xəbəri olmayıb.
Təsəvvür edin ki, nazir müavinin təbirincə desək, bu baş verənlər hələ hazırki hökumətin demokratiya, insan haqları anlayışı çərçivəsində baş verir? Biz gәnc dövlәtik deyә-deyә ölkәni taladılar. Tәkcә neftdən ölkәyә gələn 185 milyard dolları mәnimsәdilәr. 95 milyard dolları çıxarıb ofşor zonalara yerlәşdirdilәr. Bu gün açıqlanıb ki, ölkәdә adambaşına 737 dollar xarici borc düşür. İnsan haqları sahәsindә gәncik deyib, ölkədə bütün azadlıqları boğub, müstəqil medianın sonuncu nümayəndəsi “Azadlıq” qәzetini də qapadıblar. Gәnc dövlәtik deyә-deyә ölkәnin neçә әsrlik gәlәcәyini talayıb mәhv etdilәr…
Nazir müavini mәgәr bilmirmi ki, müasir dünyada demokratik dәyәrlәrin hakim olmadığı ölkәlәrin beynәlxalq müstәvidә sözünün dә çәkisi olmur? Bu ölkәyә, bu xalqa öz mәnfәәtlәriniz naminә şәr atmayın. Hәlә 20-ci әsrin әvvәlindә bu xalq özünün Cumhuriyyәtini qurub. Dünyada 25 demokratik cumhuriyyәtdәn biri olub. Şәrqdә qadına ilk sәsvermә hüququ bizim ölkәmizdә tanınıb. Uzağa getmәyәk, 1992-ci ildә ölkәdә demokratik seçkilәr keçirilib. Xalq öz hakimiyyәtini seçib. Siz nә etdiniz? 100 il öncә Cümhuriyyət qurulan, qadına sәsvermә hüququ tanınan ölkәdә bütün vәtәndaşları faktiki sәsvermә hüququndan mәhrum etdiniz, monarxiya yaratdınız.
Bəli, hətta ABŞ Dövlət Departamentinin hesabatlarında da qeyd olunduğu kimi, Azәrbaycan xalqını hakimiyyәti seçki yolu ilә dәyişmәk hüququndan mәhrum etmisiniz. Amma qaytaracağıq.
Aqil Məhərrəmov