Bu gün, martın 10-da Prezident yanında Əfv Məsələləri Komissiyası yenidən toplanıb. Toplantıda əfv olunmaq istəyən məhbusların müraciətlərin araşdırılması davam etdirilib.
İclasda əfv edilməsini istəyən 100-dən artıq məhbusun müraciətinə baxıldığı bildirilir. Komissiya üzvləri baxılan müraciətlərə rəylərini veriblər.
İl ərzində komissiyada baxılmış müraciətlərin sayının 800-ü keçdiyi qeyd edilir.
Komissiyaya göndərilmiş əfv müraciətlərinin ümumi sayının isə 800-dən artıq olduğu deyilir. Komissiyanın yaxın günlərdə müraciətlərə baxılmasını yekunlaşdıracaq.
Prezident yanında Əfv Məsələləri Komissiya 2017-ci ildə ilk dəfə fevralın 16-da, sonuncu dəfə isə martın 6-da toplaşmışdı.
Komissiya üzvləri Novruz bayramı ərəfəsində yeni əfv sərəncamının imzalanacağını gözləyirlər. İnsan Hüquqları üzrə Birgə İşçi Qrupun üzvü Arzu Abdullayeva Azadlıq Radiosuna bundan əvvəl demişdi ki, siyasi məhbus sayılan şəxslərdən 27-nin adı əfv komissiyasına verilib.
Hüquq müdafiə təşkilatları Azərbaycanda ümumilikdə 150 civarında siyasi məhbusun olduğunu bildirirlər.
Ancaq Azərbaycan rəsmiləri ölkədə siyasi məhbus olması fikrini qəbul etmirlər. Rəsmilər deyillər ki, siyasi məhbus sayılan şəxslər törətdikləri əmələ görə, məsuliyyətə cəlb ediliblər.