Danimarkada paytaxt Kopenhagenin qərbində yerləşən Brondbay Strand sakinləri bölgədə köçkünlərin poçt qutularına atılan irqçi məzmunlu broşuralara qarşı etiraz aksiyası keçirib.
Onlar qərb mənşəli olmayanların danimarkalı kimi tanınmayacağı haqda parlamentdə qəbul edilən 9 fevral tarixli sənədə qarşı da çıxıblar.
Brondbay bələdiyyəsinə aid olan və ölkədə mühacir əhalinin danimarkalı əhalidən çox olduğu 2 bölgədən biri sayılan Brondbay Strandda keçirilən etiraz nümayişinə yüzlərlə adam qatılıb. Aksiyada “Hamımız bir-birimizlə bərabər danimarkalılarıq” şüarı qaldırılıb. Bölgədəki mədəniyyət mərkəzinin qarşısında toplanan sakinlərə Brondbay bələdiyyə sədri Kent Maks Maqelund və yerli siyasətçilər da dəstək verib.
Maqelund parlamentdə qəbul edilən təklifi və mühacir mənşəli ailələrin poçt qutularına düşmənçilik yayan broşuralar buraxan Danlar Partiyasını sərt şəkildə tənqid edib. O, aksiyanın ardından mətbuata açıqlamasında deyib:
“Parlamentdə qəbul edilən təklif əsasında burada doğulub böyüyən 5 min 200 vətəndaş artıq danimarkalı sayılmır. Bu məni çox qəzəbləndirdi. Bunu qəbul etmək mümkün deyil. ”
Bələdiyyə başçısı Danlar Partiyasının keçən çərşənbə axşamı bölgədə mühacirlərin poçt qutularına “Evinizə dönməniz üçün təyyarə bileti” başlıqlı tək istiqamətli təyyarə bileti şəklində hazırlanmış elanları “ancaq xəstə ruhlu insanların edə biləcəyi bir hərəkət” adlandırıb.
azadliq.info