ABŞ prezidenti Donald Trampın dünənki 76 dəqiqəlik mətbuat konfransı dünyanın bütün aparıcı qəzetlərinin gündəmi olub. Tramp bu konfransda mətbuatı “yalan xəbər verməkdə” günahlandırmışdı. “Guardian” qəzeti onun bu ittihamlarını “qeyri-ənənəvi” yanaşma adlandırıb. İ qəzeti isə xəbərinə “Donald Tramp “yalan” olduğunu söylədiyi bir xəbər üzündən uzun mətbuat konfransında mediaya gözlənilməyən bir hücum başlatdı” cümləsi ilə başlayır.
Məlumdur ki, ABŞ prezidenti bu mətbuat konfransında özünün və qrupunun Rusiyayla əlaqəsi olduğu iddialarını, rəhbərliyində xaos yaşandığı ittihamlarını rədd etmişdi. Tramp qrupunun seçkidən əvvəl Rusiya ilə təmasa keçdiyi iddialarının “yalan xəbər” olduğunu bəyan etmişdi.
“Times” qəzeti isə mövzuyla bağlı xəbərində Trampın “xəbər sızıntıları” ilə əlaqədar kəşfiyyat xidmətlərinə qarşı bir araşdırma başlatdığını yazır. Yazıda qeyd olunur ki, bu, prezidentin ABŞ-ın Mərkəzi Kəşfiyyat Təşkilatının (CIA) səlahiyyətlərini azaltmaqla təhdid etdiyi və bu səbəblə kəşfiyyat xidmətlərində bir təmizlik müddəti başladacağı anlamına da gələ bilər.
Tramp dünənki mətbuat mətbuat konfransında “sızdıranları tapacağıq və böyük hesab ödəyəcəklər” demiş, Ədliyyə Nazirliyinə qrupuyla Moskva arasındakı danışıqları sızdıranların tapması üçün təlimat verdiyini söyləmişdi.