Azərbaycanlı biznesmen Mübariz Mənsimov ötən il iş adamı Cefi Kamhidən satın aldığı, Türkiyənin Bodrum şəhərindəki yaxt-klubun açılış mərasiminə məşhur müğənni Rihannanı gətirəcək. Lent.az-ın “Habertürk”ə istinadən verdiyi məlumata görə, Mənsimov 20 milyon dollar sərmayə qoyduğu mərkəzi iyunun 15-də ictimaiyyətə tanıdacaq.
Rihanna 450 yaxta tutumuna malik mərkəzin açılışında konsert vermək üçün xüsusi hazırlıqlar görməyə başlayıb. O, Yaxın Şərqə uyğun geyimləri ilə fotolarını “Facebook”da yerləşdirib. Barbadoslu müğənninin xüsusi şou hazırladığı bildirilir.
Rihannanın Yunanıstan adalarından vertolyotla Bodruma gələrək, Mənsimova aid oteldə qalacağı bildirilir. Sonra isə o, xüsusi yaxta ilə 3 günlük gəzintiyə çıxacaq. Müğənninin gəliş tarixi sirr kimi saxlanılır, xüsusi istəkləri isə qəbul olunub.