Qazax cəbhəsindəki son qanlı olay haqda şahidlər nə deyir?
Müdafiə Nazirliyi Qazaxda baş verən olayda şəhid olmuş bir əsgər və yaralanmış iki əsgər barədə Azərbaycan mətbuatına məlumat vermir. Bu məlumatı “Ayna” qəzetinin əməkdaşı İdrak Abbasov Qazax rayonunun Məzəm və Quşçu Ayrım kəndlərinin sakinləri ilə söhbətində əldə edib.
Hazırda hadisə yerinin yaxınlığında olan İdrak Abbasov Milaz.info portalına özəl açıqlamasında bildirdi ki, çoxsaylı əsgərlərimizin ölümü ilə nəticələn hadisə barədə şahidlərdən məlumat əldə edə bilib. Məlumata görə, erməni diversiya qrupu əsgərlərimizin olduğu qazmaya daxil olaraq işəriyə qumbara atıb. Nəticədə partlayış olub. Hadisə nəticəsində 5 əsgərimiz şəhid olub, iki nəfərsə yaralanıb. Bir əsgərimiz faciədən sağ-salamat qurtula bilib.
İdrak Abbasov bildirdi ki, Azərbaycan Müdafiə Nazirliyi həmin hadisə nəticəsində ölənlərin sayının 4 nəfər olduğunu bildirir və yaralılar barədə məlumat vermir. “Amma əldə etdiyim məlumata görə, bu hadisə nəticəsində itkilərin sayı 5 nəfərdir və iki nəfərsə yaralanıb”, – deyə o bildirdi. Beləliklə, Tovzudakı itki də daxil olmaqla Azərbaycan tərəfinin itkisi 6 nəfərdir, 2 nəfərsə yaralanıb.