İraqın keçmiş diktatorunun ən yaxın silahdaşı asıldı
İraqın asılaraq öldürülən diktatoru Səddam Hüseynin “sağ qol”u sayılan Abid Hamid Mahmud edam edilib. Türkiyə mediasının xəbərinə görə, məlumatı İraqın Ədliyyə Nazirliyi yayıb. Abid Hamid Mahmud Səddam Hüseyn dönəmində Prezident Administrasiyasının və şəxsi mühafizə xidmətinin rəhbəri postunu tutub. ABŞ 2003-cü ildə İraqa hücuma başlayarkən əsas hədəfdə olan 4 rəsmidən biri olub. Siyahıda ondan əvvəl Səddam Hüseyn və Səddam Hüseynin oğulları Uday və Kusay olub.
2003-cü il iyunun həbs olunan Abid Hamid Mahmud 2010-cu il oktyabrın 26-da İraqın sabiq vitse-prezidenti Tarix Əziz və sabiq daxili işlər nazir Sadun Şakirlə birlikdə 1980-ci illərdə şiələrə qarşı təzyiqlərlə bağlı edam cəzasına məhkum edilib. Abid Hamid Mahmud Səddam Hüseyn hakimiyyətdə olduğu dönəmdə onun kölgəsi kimi olub və yanından 1 dəqiqə belə ayrılmayıb. Abid Hamid Mahmud həm də Səddam Hüseynlə eyni kənddə, Tikrit şəhəri ətrafındakı Ocah kəndində anadan olub.
Qərb kəşfiyyat mənbələrində deyilir ki, Abid Hamid Mahmud rəsmən Prezident Administrasiyasının rəhbəri olsa da, həm Səddam Hüseynin şəxsi mühafizəsinə rəhbərlik edib, həm də İraqın müdafiə, təhlükəsizlik və kəşfiyyat məsələləri üzrə mühüm şəxs olub. Kəşfiyyat mənbələrində Abid Hamid Mahmudi İraqın faktiki ikinci şəxsi kimi xarakterizə olunurdu. Abid Hamid Mahmud sonuncu dəfə 2003-cü il aprelin 7-də Səddam Hüseyn televiziya çıxan zaman onun yanında görüntülənib.
azadliq.info