Saxlanılan Həsənqaya kənd sakinləri 10 sutka həbs ediliblər
Yanvarın 13-də Bərdə rayon Polis Şöbəsinin əməkdaşları rayonun Həsənqaya kəndində yerləşən “Əl Kəvsər” məscidində əməliyyat keçiriblər.
Namaz qılmaq üçün 5 dəqiqə vaxt istədik, vermədilər
Məscidin imamı Əziz Hüseyn oğlu Qasımov ictimaiyyətə ünvanladığı müraciətində deyir ki, namaza az qalmış gələn polislər din adamlarına qarşı kobudluq ediblər:
“Onlar əllərində siqaret, ayaqlarında kirli ayaqqabı məscidə daxil oldular. Camaatı təhqir edərək, “niyə namaz qılırsız”, “çıxın bayıra, yoxsa sizi polis bölməsinə aparacağıq” deyə hədələdilər. Mülki geyimli bir nəfər məni də təhqir etdi. Onlardan bizə namaz qılmaq üçün 5 dəqiqə vaxt vermələrini xahiş etdik. İşə yaramadı. Mülki geyimli bir polis işçisi mənim saqqalımı yoldu və kobud şəkildə, ayaqqabısız maşına basaraq, polis şöbəsinə apardılar. Təkcə məni yox, bütün namaz qılanları apardılar. Bizə orda da namaz qılmağa icazə vermirdilər. Sonda namaz əhli hissə-hissə namazını qıldı”.
“Quran”ı və digər dini kitabları zibil kimi maşının arxasına töküb apardılar
İmamın sözlərinə görə, dini ibadət üçün kimdənsə icazə almaq lazım deyil:
“Bu, konstitusion hüququmuzdur. Cümə namazı Allah-təalanın buyurduğu fərzdir və onu inkar etmək küfrdür. Polislər bizim əqidəmizə toxundular. “Quran”ı və digər dini kitabları zibil kimi maşının arxasına töküb apardılar. Biz onlara qarşı heç nə etmədik. Ancaq xahiş etdik ki, imkan versinlər namazımızı qılaq. Bilməyənlər üçün deyim ki, bizim Həsənqaya kənd məscidində hökumətin tələb etdiyi bütün qaydalar var. Bir ildir yalandan multikulturalizm deyirlər, halbuki bizim kənddə heç kim bir-birinin dini əqidəsinə, məzhəbinə söz demir, qarışmır. Sünni-şiə qardaşlığı var, uzun illərdir camaat halında namaz qılırıq. Biz siyasi proseslərə qoşulmuruq, heç bir məzhəbi də müdafiə etmirik. Məqsədimiz İslam dininin qaydalarına riayət etməkdir”.
Dini Komitə iki aydır bizi yubadır
Əziz Qasımov bildirir ki, bir məscidi dağıtmaq onu bağlamaq anlamındadır: “Ermənilər Şuşada məscidə bomba atıb deyə Azərbaycan hər yana car çəkir. Amma Azərbaycan polisi də gəlib məscidi murdarlayır, namaz qılmağa qoymur. Biz 3 ay əvvəl ölkə rəhbərliyinə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə və Qafqaz Müsəlmanları İdarəsinə müraciət etmişdik ki, kəndin içərisində yarıtikilmiş məscid var, onun tikilib başa gəlməsinə və dini icma kimi qeydiyyatdan keçməsinə köməklik etsinlər. Dini Komitə iki aydır bizi yubadır, “məsələnizə baxılır” deyilir, bu yandan da polislər gəlib bizim namaz qılmağımıza mane olur”.
İki nəfərə inzibati cəza verilib
Meydan TV məsələyə münasibət öyrənmək üçün Bərdə Rayon Polis Şöbəsi ilə əlaqə saxlayıb. Polis şöbəsindən bildiriblər ki, yanvarın 13-də məscid əhlindən 2 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 535-ci maddəsi ilə (Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) protokol tərtib edilib. Daha sonra məhkəməyə çıxarılan hər iki şəxsə 10 sutka iş verilib:
“Daha bilmirəm onlar kimdir, nəçidir. Onu bilirəm ki, məsciddə tutulublar. Cəzalarının vaxtı bitməyib hələ”.
Əziz Qasımov vəhhabiliklə məşğuldur
Həsənqaya kəndinin sahə müvəkkili Şirəddin Raqublu Meydan TV-yə deyib ki, 2 gündür kənddə deyil, ezamiyyətə göndərilib. Ona görə də olanlardan xəbərsizdir:
“Bu barədə məlumatsızam. Məzuniyyətdə idim, son 2 gündür də işlə bağlı ezamiyyətə göndərilmişəm. Bərdə Rayon Polis Şöbəsi ilə əlaqə saxlayın”.
Ancaq sahə müvəkkili “Yenicag.az” saytına məsələ ilə bağlı geniş açıqlama verib. O deyib ki, Əziz Qasımov özünə “əhli-sünni” desə də, əslində vəhhabiliklə məşğuldur:
“Həmin vətəndaş Həsənqaya kəndinin və digər qonşu kəndlərin sakinlərini toplayaraq, təbliğat aparırmış. Bizim əməkdaşlar məhkəmənin qərarına əsasən, vətəndaşın evinə giriblər. Evdə “vəhhabi”liyi və terroru təbliğ edən qadağan olunmuş kitablar olub. Əməliyyatda polis əməkdaşları ilə yanaşı, Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin əməkdaşları da iştirak ediblər. Əməliyyat zamanı həmin kitablar müsadirə olunub. Komitə üzvləri kitabları analizdən keçirmək üçün götürüblər. Hal-hazırda bu məsələ araşdırılır. Orada olan şəxslərin hamısı şöbədə izahat verdikdən sonra sərbəst buraxılıblar. Lakin Əziz Qasımov və digər şəxs bilərəkdən polisə tabesizlik göstərdiklərinə görə onların barəsində protokol tərtib olunub. Məhkəmənin qərarı ilə 535.1 maddəsinə (bilərəkdən polisə tabe olmamaq) əsasən, iki şəxsin barəsində 10 günlük həbs-qətimkan tədbiri görülüb”.
Əziz Qasımovun həyat yoldaşı Arzu Qasımova deyib ki, imam yanvarın 14-də məhkəmə salonunda həbs olunub:
“Bərdə rayon məhkəməsi təmirə dayandığı üçün iki gün bundan əvvəl həyat yoldaşım Əziz Qasımov Tərtər rayon Məhkəməsinə aparılıb. Hakimin çıxartdığı qərara əsasən, heç bir səbəb göstərmədən onun barəsində 10 günlük həbs qətimkan tədbiri seçilib. Əzizdən başqa Ayxan adlı şəxs də həbs olunub. Əzizgil hazırda Tərtər rayonundakı “Müvəqqəti saxlanma” məntəqəsindədirlər. Həyat yoldaşım kəndin mollasıdır. Əzizi “vəhhabi” adlandırırlar. O da deyir ki, “mən “vəhhabi” deyiləm, burax, gedim sübut üçün kağız gətirim. Onların isə göstərməyə heç bir səbəbləri yoxdur, ancaq “tutmalıyıq” deyib, tutublar”.
Məscid qeyri-qanuni fəaliyyət göstərir
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidməti isə suala şifahi açıqlama verməkdən imtina edib. Meydan TV komitəyə yazılı sorğu göndərib.
Qafqaz Müsəlmanları İdarəsinin mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova idarənin təşkilat şöbəsinin araşdırma apardığını bildirib:
“Bizə deyildi ki, həmin ünvanda yerləşən məscid qeydiyyatdan keçməyib. Baş verən hadisəyə görə biz heç bir məsuliyyət daşımırıq. Ora məscid olaraq deyil, qeyri-qanuni fəaliyyət göstərən bir məkandır”.
Bərdə rayon İcra Hakimiyyətinin şöbə müdirinin müavini, dini qurumlarla iş təşkilatçısı Eldəniz Səfərov isə icra hakimiyyətinin bu məsələdən xəbərsiz olduğunu deyib:
“Bərdə rayonunun Həsənqaya kəndində, ümumiyyətlə, qanunla tikilmiş məscid yoxdur. Heç bir dini icma qeydiyyatdan keçməyib”.