Yeni il gecəsi İstanbuldakı Reina klubuna hücumda əsas şübhəli bilinən şəxs Əfqanıstanda təlim keçib, İstanbul meri bildirir.
Vasip Şahinin sözlərinə görə Özbəkistan vətəndaşı Abdulkadir Maşaripov Türkiyəyə 2016-cı ilin yanvar ayında gəlib.
Cənab Şahin deyib ki, şübhəli öz günahını etiraf edib və onun barmaq izləri hadisə yerində tapılan izlərlə üst-üstə düşür.
Abdulkadir Maşaripov hücum zamanı 39 nəfəri güllələməkdə ittiham olunur.
Türkiyə polisi geniş axtarış tədbirləri nəticəsində onunla yanaşı 1 İraq vətəndaşı və 3 qadını saxlayıb. Özbəkistan vətəndaşı olan şəxsin İstanbulun Esenyurt rayonunda yaxalandığı deyilir.
Hücum zamanı İsrail, Fransa, Tunis, Livan, Hindistan, Belçika, İordaniya və Səudiyyə Ərəbistanı vətəndaşları həlak olub və onlarla insan yaralanıb.
Özünü İslam Dövləti (İD) adlandıran qrup, Türkiyənin Suriyada hərbi iştirakının əvəzi olaraq, hücumun arxasında olduğunu deyib.
Hücumçü kluba taksi ilə gəlib, avtomobilin arxasından silahı götürərək kluba girib.
O, Yeni il bayramını qeyd edən insanlara təsadüfi atəş açıb.
BBC müxbiri Mark Lowen İstanbuldan xəbər verir
Bu, polisin nəhəng axtarışlarının kulminasiya nöqtəsi idi: İstanbul yaxınlığında Esenyurt-a reyd nəticəsində Reina hücumunda şübhəli, özbək Abdulkadir Maşaripov yaxalandı.
Paylaşılan fotolarda boz mayka geyinmiş bu şəxsin boğazından tutulduğu və və üzünün ağır yaralandığı görünür.
Şübhəlinin Türkiyədən İD-in nəzarəti altında olan ərazilərə qaçmasına dair narahatlıqlar var idi.
Türkiyə hakimiyyəti onun saxlanılması ilə böyük yüngüllük hiss edəcək, hərçənd onlar üçün daha böyük mübarizə bu ölkənin təhlükəsizliyini təmin etmək və Türkiyədə terror dalğasının qarşısını almaq bir addım öncə olmaqdır.
Məlumatlara görə, polis bu şəxsi qırğız dostunun evində, 4 yaşlı oğlu ilə birgə tapıb. Media yazır ki, şübhəlinin dostu və daha 3 qadın da saxlanıb.
Hürriyet qəzeti yazır ki, polis idarəsinə aparılmazdan öncə həkim müayinəsindən keçiriləcək.
- Özbəkistandan olan şübhəli, məlumatlara görə, 2016-ci ilin əvvəllərində ailəsi ilə Konyaya gəlib
- Onun Əbu Muhammed Horasani kimi də tanındığı deyilir.
- Türkiyə mətbuatına İD üzvü kimi təsvir edilir