SOCAR-ın “Neftqaztikinti” trestinin 173 nəfər əməkdaşı qeyri-qanuni işdən azad edilir. Bu barədə Neftçilər Hüquqlarının Müdafiəsi təşkilatının sədri Mirvari Qəhrəmanlı öz “Facebook” hesabında bildirib.
“Nə qədər ki, əmək qanunvericiliyini pozan işəgötürən cəzalanmayıb, qeyri-qanuni işdən azad olunmalar davam edəcək. SOCAR idarə və müəssisələrində işçilərlə işəgötürən arasında müvəqqəti əmək müqavilələrinin bağlanması nəticəsində hər il çoxlu sayda insan işsiz qalır. İndi aldığım məlumata görə, SOCAR-n Neftqaztikinti trestinin 173 nəfər işçisi müqavilə vaxtının bitməsi ilə əlaqədar işdən azad edilir, hansı ki, bu işçilər uzun müddətdir ki, bu trestdə çalışırlar. Sonda deyəcəklər ki, SOCAR-da ixtisar var ki?” – deyə Mirvari Qəhrəmanlı yazıb.
SOCAR-ın İnsan resursları departamentinin rəisi Asif Bəkirli isə “APA-Economics”ə açıqlamasında deyib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir: “Mənə verilən məlumata görə, qeyd edilən say o qədər deyil və bu işçilər müvəqqəti layihələrdə işləyib, vaxtları bitənlərdir. Dəqiq məlumatı trestdən alıb, sizə təqdim edərik”.