Fondun yeni binasının kvadrat metri 6538 avroya başa gələcək
Təşkilatın hər bir əməkdaşına 800 min manat pul, 120 kvadrat metr yer düşür
Dövlət Neft Fondunun inşa olunan yeni inzibati binasının tikinti xərclərinin monitorinqi dəhşətli faktları ortaya qoyub. Contact.az saytının yaydığı məlumata görə, bu nəticəyə Iqtisadi və Sosial Inkişaf Mərkəzinin apardığı araşdırma nəticəsində gəlmək olar. Məlum olub ki, binanın 1 kvadrat metri 6538 avroya başa gələcək. Hər kv. metrə qoyulan vəsaitə görə, bu, Bakıda ən bahalı layihədir, deyə ISIM-də hesab edirlər.
Ümumi sahəsi 13 min kv metr olan 23 mərtəbəli binanın 88 milyon manata (84.916 mln avro) başa gəməsi nəzərdə tutulub. Layihənin icrası üzrə baş podratçı Belçikanın “N.V. Besix S.A.” şirkətidir. Fransanın “Inter Art Etudes” şirkəti layihənin smetasının hazırlanması üçün 26 milyon avro alıb.
Monitorinq zamanı tender qanunvericiliyinin pozulması aşkarlanıb. Həmçinin məlum olub ki, 2010-cu ildə podratçı şirkət hələ seçilmədiyi halda tikinti işlərinə 25 mln manat ayrılıb və bunun 7 mln manatı naməlum məqsədlərə xərclənib. Yerdə qalan 18 milyon manatın xəzinədarlığa qaytarılıb-qaytarılmamasına dair rəsmi açıqlama yoxdur.
“Azadlıq” olaraq onu əlavə edək ki, Neft Fondu ölkədə çalışanların sayına görə ən kiçik müəssisələrdən biridir. Çünki fond üçün tikiləcək 88 milyon manatlıq bina cəmi 110 nəfərin sərəncamında olacaq. Azərbaycanın dövlət başçısının imzaladığı son sərəncamda Neft Fondunun aparatının işçilərinin sayı 110 ştat vahidi müəyyən edilib. Onu da qeyd edək ki, əvvələr bu ştat daha az idi. Bir neçə il əvvəl Neft Fondunda çalışanların sayı 80 nəfər imiş. Bütün bu rəqəmlərdən sonra kiçik bir işçi heyəti və fəaliyyəti yalnız neft pullarını yığmaq üçün nəzərdə tutulan binaya bu qədər vəsaitin xərclənməsi məntiqsiz görünür. Bina 88 milyon manata başa gələcək. Belə çıxır ki, 110 nəfərlik işçisi olan bir təşkilatın hər işçisi üçün 800 min manat pul xərclənəcək və 23 mərtəbəli binanın 13 min kvadrat metr olacağı nəzərə alınarsa, hər bir işçinin ixtiyarında orta hesabla 120 kvadrat metr ərazi olacaq.
Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlının fikrincə, istər ARDNŞ-in, istərsə də Neft Fondunun yeni binası üçün külli miqdarda vəsaitin xərclənməsi anlaşılmır: “Belə çıxır ki, Neft Fondunun əməkdaşları bu binaya çalışmağa gələcəklər, yoxsa yaşamağa. Bu cür xərcləmələr səmərəsiz yatırımlardır. Digər tərəfdən, bütün xərclənən vəsaitlərlə bağlı ictimaiyyətə dolğun məlumat verilməlidir. Bu tikinti nəyə görə bu cür baha başa gələcək və belə bir bahalı layihənin reallaşması hansı zərurətdən doğur”.
Hikmət