«Azərbaycana özlərinin şəxsi biznesi, şəxsi malı kimi baxırlar»
Gözəl Bayramlı: «Azərbaycan hakimiyyəti özünü dünyaya qarşı qoyub»
Ictimai Palatanın son aksiyaları hakimiyyəti ciddi narahat edir. Görünür, məhz bu səbəbdən müxalifətin meriya qarşısında keçirdiyi sonuncu piket iştirakçılarına qarşı polis xüsusi amansızlıq göstərdi. Bütün bunlar barədə AXCP sədrinin müavini Gözəl Bayramlının fikirləri ilə tanış olduq.
– Mayın 14-də meriyanın qarşısındakı aksiyanın gedişi Sizi qane etdimi? Əvvəlki aksiyadan fərqli olaraq bu dəfə polis xüsusilə qadınlara qarşı daha aqressiv idi. Bunun səbəbi nədir?
– Ictimai Palatanın şəhərin mərkəzində baş tutan növbəti etiraz aksiyasına yüzlərlə adam qoşuldu. Insanların dəstəyi də böyük oldu. Müxalifətçilər, Ictimai Palataya daxil olan partiyaların fəalları əsl fədakarlıq nümunəsi ortaya qoydular və sübut etdilər ki, onlar Azərbaycanda azadlıq, demokratiya uğrunda mübarizəni sona qədər davam etdirəcəklər. Heç kim də buna maneçilik törədə bilməyəcək. Polislərin aksiya iştirakçılarına qarşı xüsusi aqressivliyi var idi, onlara qarşı xüsusi zorakılıq tətbiq edirdilər. Azərbaycan hakimiyyəti “Avroviziya” ərəfəsində özünü yenə saxlaya bilmədi. Azərbaycan hakimiyyəti zor aparatına söykəndiyini bir daha dünyaya sübut etdi. Bu hakimiyyət üçün demokratik prinsiplər, demokratik dəyərlər heçdir. Bir daha Azərbaycan hakimiyyəti demokratik dəyərləri ayaqlar altına atdı, mitinq iştirakçılarına qarşı zorakılıq etdi. Xanımlara qarşı da xüsusi zorakılıqlar oldu. Polislər aksiya iştirakçılarına qarşı həddən artıq aqressiv davrandılar. Bu, hakimiyyətin gücsüzlüyünün nümayişidir.
– Azərbaycan hakimiyyətinə özünün illərdir zədələnmiş imicini düzəltmək üçün imkan yaranıb. Lakin iqtidar bu fürsətdən istifadə etmədi. Doğrudan da vicdan məhbuslarını azad etmək, müxalifətə aksiya keçirmək üçün yer vermək hakimiyyətdən ötrü bu qədər həyati əhəmiyyətli işdir ki, ona getmək istəmir?
– Görünür, bu doğrudan da hakimiyyət üçün həyati əhəmiyyətli məsələdir. Çünki Azərbaycan hakimiyyəti özü də bilir ki, xalqın böyük əksəriyyəti bu iqtidardan narazıdır. Hakimiyyət neçə illərdir bu xalqa divan tutur, onun hər hansı problemini həll etməyib. Insanların güzəranı həddin artıq pisdir. Hakimiyyət Azərbaycanda demokratiyanın bərqərar olması istiqamətində bir addım da atmayıb. Bu hakimiyyət ciddi düşünmək iqtidarında olsaydı, “Avroviziya”dan istifadə edib zədələnmiş imicini bir qədər düzəldə bilərdi. Təəssüflər olsun ki, hakimiyyət bundan nəinki özünün zədələnmiş imicinin düzəldilməsi üçün istifadə etdi, əksinə, özünün, ölkənin imicinə daha da zərbələr vurdu. Demokratik dünya ayağa qalxıb Azərbaycan hakimiyyətindən vicdan məhbuslarının azad edilməsini tələb edir. Hakimiyyətsə günahsız insanları bir ildən çoxdur aksiyaya çıxdıqlarına görə həbsdə saxlayır. Azərbaycan müxalifətinə şəhərin normal meydanında öz etirazını, cəmiyyətə fikirlərini çatdırmaq üçün meydan vermir. Bu, hakimiyyətin qorxusunun təzahürüdür. Iqtidar xalqın ondan narazı olduğunu bilir. Qorxur ki, bu aksiyalar getdikcə artan xətlə davam edə bilər.
Amma bütün dünya tarixi, ölkələrin, xalqların mübarizəsi göstərir ki, xalqına qalib gələn rejim hələ dünyada tanınmayıb. Xalqına qarşı çıxan heç bir dövlət başçısı sona qədər hakimiyyətdə otura bilməyib. Bu, dünyanın qanunauyğunluğudur. Ya xalqı sayacaqsan, ona xidmət edəcəksən, ya da çəkilib gedəcəksən, xalqın seçdiyi adamlar bu ölkəni idarə edəcək.
– Uzun illərdir mübarizə aparan müxalifət Qərbdən demokratiyaya dəstək vermədiyinə görə narazı idi. Ancaq indi bu istiqamətdə vəziyyət dəyişib. Artıq Qərb mətbuatı Azərbaycandakı vəziyyəti diqqətdə saxlayır. Bu nəyin görsənişidir? Azərbaycanda demokratik dəyişikliklər gündəmə gəlib, yoxsa bu, “Avroviziya” ərəfəsində Azərbaycana diqqətin nəticəsidir?
– Azərbaycanda gedən proseslər dünyanın diqqət mərkəzindədir. Dünya Azərbaycanda gedən demokratik prosesləri diqqətlə izləyir və bu prosesin önündə gedən müxalifətin güc mərkəzinə də maraq artıb. Bu güc mərkəzi Ictimai Palata, ora daxil olan qüvvələrdir. Artıq dünya Azərbaycanda demokratiyanın bərqərar olması istiqamətində öz fəaliyyətini göstərir. Bu da normaldı. Azərbaycan da demokratik dünyanın tərkib hissəsidir. Ölkəmizdə də nəhayət, demokratiya olmalıdır. Qərb uzun müddət Azərbaycanda demokratiya istiqamətində öz tənqidi fikirlərini desə də sona qədər Azərbaycan xalqının yanında olmayıb. Müəyyən maraqlar naminə demokratiya arxa plana keçib. Amma bu gün Qərb, bütün dünya göstərir ki, Azərbaycanla bağlı demokratiya məsələləsi bütün məsələlərdən daha öndədir, prioritetdir. Qərb mətbuatının Azərbaycan hakimiyyətinə qarşı münasibəti də bununla bağlıdır.
– Burada diqqət çəkən məqam Qərb mətbuatında hakim ailənin korrupsiya əməlləri ilə bağlı sənədli-sübutlu faktların dərc edilməsidir. Sivil dövlətlərdə belə faktlar ortaya çıxanda ölkə başçısı şəxsən məsələyə aydınlıq gətirir, hətta istefa verməli olur. Azərbaycanda isə buna heç əhəmiyyət də vermədilər. Belə məlumatlara məhəl qoymamaq nə ilə bağlıdır?
– Azərbaycan hakimiyyəti özünü dünyaya qarşı qoyub. Bu da ona bir sübutdür. Müstəqil jurnalistlərin araşdırmaları, bütün dünya nəşrləri Azərbaycan hakimiyyətinin, hakim ailənin biznesini, çirkli əməllərini ortaya çıxarır. Neçə şirkət, ölkənin qızıl yataqları hakim ailəyə məxsusdur. Azərbaycan hakimiyyəti bunlara aydınlıq gətirmək əvəzinə deyilənləri vecinə almır. Bunlar belə düşür ki, Azərbaycan bunların şəxsi biznesidir və ölkənin bütün yerlatı, yerüstü sərvətləri bu ailəyə məxsusdur. Sivil ölkələrdə belə hallarda ən azı dövlət başçısı açıqlama verir. Hakimiyyət heç bir açıqlama ortaya qoymayıb. Deməli, bunlar faktdır. Çünki bunu inkar edə bilmir. Amma yenə də öz əməllərini davam etdirirlər. Azərbaycana özlərinin şəxsi biznesi, şəxsi malı kimi baxırlar. Güman edirlər ki, bütün Azərbaycan sərvətləri bunlarındır və istədikləri kimi istifadə edə bilərlər. Amma xalqın düşüncələri tamam başqa istiqamətdədir.
– Sivil ölkələrdə hakimiyyət cəmiyyətin reaksiyasını bilir və belə addımlar atır. Azərbycanda isə bütün baş verənlərə rəğmən cəmiyyətdə süstlük var. Bu süstlük nə ilə bağlıdır?
– Iqtidarın xalqın rəyini nəzərə almaması onunla bağlıdır ki, Azərbaycan hakimiyyəti xalqın səsi ilə formalaşmayıb. Illərdir ki, Azərbaycan xalqı bütün seçkilərdə bu hakimiyyətə etimad göstərməyib. Amma Azərbaycan hakimiyyəti, Məzahir Pənahovun saxta seçkilərinin hesabına istər prezident kürsüsünə, istər parlamentə yiyələnib. Azərbaycan cəmiyyətinin süstlüyü onunla əlaqədar ki, uzun illərdir hakimiyyət insanlarda xof yaradıb. Indi müxalifət olaraq biz bu xofun çıxarılması üçün əlimizdən gələni edirik. Azərbaycanda televiziyalar, mətbuat bu hakimiyyətə xidmət edir. Imkan verilmir ki, insanlar hər hansı mənbədən həqiqətləri alsınlar. Cəmiyyətin süstlüyü həm də onunla bağlıdır ki, Azərbaycan hakimiyyəti insanları neçə ildir ancaq ailələrinin problemləri barədə düşünmək zorunda qoyub. Hər gün evdən çıxanda bu gün ailələrinə pul gətirə biləcəyini düşünür. Regionlara səfər edirik, insanların içində oluruq. Onlar baş verənlərin fərqindədirlər. Əminəm ki, Azərbaycan cəmiyyəti uzun illərdir içəridə yığılan qəzəbi, o hissləri yaxın vaxtlarda büruzə verəcək və hakimiyyətə öz layiq olduğu yeri göstərəcək. Bunun başqa yolu da yoxdur. Cəmiyyətin reaksiyasından da görürük. Artıq püskürmə məqamıdır. Bu bir zaman məsələsidir və bu zaman tezliklə olacaq. Azərbaycan xalqı özünə layiq hakimiyyət formalaşdıracaq. Ölkədə demokratiya bərqərar olacaq, ədalətli cəmiyyət qurulacaq. Xalq layiq olduğu bir cəmiyyətdə yaşayacaq. Layiq olduğu cəmiyyəti də xalq öz iştirakı ilə qura biləcək.
– Dünyanın diqqəti Azərbaycanda olduğu dönəmdə aksiyalara qatılmayan insanlara çağırışınız nədir?
– Mübarizə elədir ki, hamıdan eyni formada qəhrəmanlıq tələb olunmur. Həmişə fədakar, cəsarətli insanlar önə çıxır. Mübarizənin qaydası budur. Amma getdikcə xeyli insanlar da buna qoşulur. Bu qədər biganəlik yetər. AXCP illərdir bu millət üçün mübarizə aparır, millətin önündə gedir. Azərbaycan cəmiyyətinin tam diktaturaya sürüklənməməsinin əsas səbəbi də məhz bu fədakar insanların hesabınadır. Insanlar öz taleyinə biganə qaldıqca, bu proses uzun müddət davam edə bilər. Insanlar artıq görsünlər ki, bu fədakarlıq nümunəsini ortaya qoyanlar var və gəlib onlara dəstək verməlidirlər. Burda heç birimiz nə şəxsi dava, nə şəxsi mübarizə aparırıq. Biz də o insanlardan biri kimi proseslərə biganə qala bilərdik. Ancaq prinsiplərimiz belədir ki, bu xalq yaxşı yaşamağa layiqdir. Azərbaycan xalqı demokratik cumhuriyyəti quranda dünyada cəmi 25 demokratik ölkə var idi. Xalq şərəfli tarixini, keçmişini yada salsın və bu günki gününə baxsın. Onda xalqın qürur hissi baş qaldıracaq və onlar da gəlib onun üçün çalışan insanların mübarizəsinə dəstək verəcəklər.
– Son dövrlər ölkənin tanınmış ziyalıları da baş verənlərlə bağlı ortaya mövqe qoyur. Bunun hansı effekti olacaq və proses artan xətlə davam edəcəkmi?
– Bu artan xətlə davam edəcək. Ziyalıların xalqın sözünü deməyə daha çox haqqı var. Xalqın fikrinin ifaçısı kimi ziyalılar öndə olmalıdır. Təəssüflər olsun ki, xeyli vaxtdır ziyalıların süstlüyünün şahidi olmuşuq. Amma bu gün ziyalıların çəkinmədən öz fikrini ifadə etməsi, artıq ziyalıların bir təşkilatda formalaşması, cəmiyyətə müəyyən mənada impuls verməsi artan xətlə davam edəcək. Xeyli sayda ziyalılarımız bu prosesə qoşulacaq. Ziyalı əslində xalqa yol göstərən olmalıdır. Fürsətdən istifadə edib ziyalılarımızı ölkədə baş verən acınacaqlı idarəçiliyə, korrupsiya, rüşvətxorluğa qarşı mübarizə aparmağa səsləyirəm. Ziyalılar sıravi vətəndaşlardan daha gözəl anlayırlar ki, bu ölkədə nələr baş verir. Azərbaycan xalqını ona layiq olmayan hakimiyyət idarə edir. Ziyalı bunu başa düşür. Ancaq ziyalının susmasını başa düşə bilmirik. Bu gün mübarizə aparan ziyalıların sırası getdikcə artmalıdır.
– Hakimiyyət ənənəvi olaraq Ictimai Palatanı, aksiyaya qatılan insanları Azərbaycanı istəməməkdə, sifariş yerinə yetirməkdə ittiham edir. Əslində Azərbaycanı istəməyən kimlərdir?
– Azərbaycanı istəməyənlər göz qabağındadır. Bunu cəmiyyət, bütün dünya bilir. Azərbaycanın dünyadakı imicinə zərbə vuran bu hakimiyyətdir. Azərbaycanı istəməyən öz övladlarını əsgərliyə getməyə layiq bilməyən bu hakimiyyətdir. Ölkənin bütün sərvətlərini talayıb, xaricdə özlərinə, övladlarına bahalı, dəyəri milyonlarla ölçülən villalar alan bu hakimiyyətdir. Bizim həyatımız şəxsi nümunədir ki, Azərbaycanı istəyənlər kimlərdir. Azərbaycanı istəməməkdə bizi günahlandıran adamlar bu sözü deyərkən ehtiyatlı olmalıdır. Bütün dünya bilir ki, Azərbaycanı kim istəyir, kim yox. Bu ittihamlar absurddur.
Fizzə