40 il fasilədən sonra Suriyada keçirilən çoxpartiyalı seçkilərdə seçki nəticələri məlum olub. 51% seçici iştirakının qeydə alındığı seçkidə hakim Bəəs partiyasının üzvləri deputat yerlərinin əksəriyyətini tutub. Bu seçki 2007-ci ildə keçirilən parlament seçkisindən elə də fərqlənməyib. Parlamentdəki 250 yerdən 30-da qadın millət vəkilləri təmsil olunacaq. Atışma davam edən yerlərdə keçirilən seçki nəticələri açıqlanmayıb.
Suriya müxalifəti seçkini boykot etmişdi. İtaliyanın paytaxtı Romada toplaşan suriyalı müxaliflər Burhan Qəlyunu Suriya Milli Şurasının sədri seçiblər. Annan planının imzalanmasına baxmayaraq, Suriyada qan axmaqda davam edir.
Artıq ölkədəki münaqişə region ölkələrinə də sıçramağa başlayıb. Livanın Tripoli şəhərində iki gündür sünni və ələvilər arasında atışma gedir. Suriya müxalifətini dəsətəkləyən bir gəncin həbs edilməsi ilə başlayan münaqişədə yaralananlarla bərabər, ölənlər də var.
azadliq.info