Əlillər yenidən mitinqlə bağlı müraciət edib
Əlillərin 3 dekabr-beynəlxalq əlillər günündə (Nərimanov metrostansiyasının çıxışındakı parkda) mitinq çağırması barədə bilgi vermişdik. Nə yazıq ki, neçənci yol BŞİH əlillərin müraciətini “Sərbəst toplaşmaq haqqında” qanuna uyğun saymayaraq konstitusion hüquqa qadağa qoyub. BŞİH başçısı, professor Hacıbala Abutalıbov 14.11.2016 tarixli 1-42/3-003-t/2 saylı məktubla, demək olar, bütün dövlət orqanlarına mitinqin keçirilməsinə səbəb olan problemlərin həlli üçün müraciət ünvanlayıb, ictimai-siyasi və humanitar siyasət şöbəsinin müdiri Zaur Ramazanov isə parkların vətəndaşların istirahət yeri olduğundan mitinq keçirməyə yaramadığını bildirib. Əvvəllər də konstitusion hüquqlarının bu “əsasla” cavablandırılmasından və qadağa qoyulmasından bezən əlillər yenidən eyni tarixdə mitinq keçirilməsinin razılaşdırılmasını xahiş ediblər.Toplaşmaq yeri kimi isə Yasamaldakı “Məhsul” stadionu və ya AZADLIQ Meydanı təklif olunub. Nədən BŞİH-in məktub ünvanladığı qurumlar, icra hakimiyyətləri bir yol da olsun şəhər başçısının bu cür tapşırıqlarına məhəl belə qoymayıb. Başqa sözlə,”qaziyə qaç, tazıya tut” deyilir.
Əlillərin mitinq şüarlarından başlıcası “Əlil həbslərinə, intiharlarına son”, ”Qarabağ qazisi Asif Yusifliyə azadlıq” olsa da, müraciət ərəfəsində yeni həbslər baş verib. Vergi müstəntiqi bir böyrəkdən, gözdən əlil Elyar İsmayılovu həbs edib. Deyəsən, müstəntiqlər, məhkəmələr həbsdən özgə qətimkan tədbiri tanımır.
Bir sözlə, əlillər mitinq keçirmək hüquqlarından əl çəkmək fikrində deyil.Yenidən 3 dekabr əlillər günündə mitinq keçirmək barədə BŞİH başçısına müraciət edən əlillər həbslərini də gözləri önünə alıblar.
Mitinqin təşkilat komitəsi