VHP Gənclər Təşkilatının yeni sədri Pünhan İmamlı: «Hakimiyyətin gənclər siyasəti ancaq onu dəstəkləyən, analoqsuz inkişaf nağıllarına qulaq asan gənclər üçündür»
Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) Gənclər Təşkilatına yeni sədr seçilib – Pünhan İmamlı. Onunla görüşüb yeni sədr kimi, görmək istədiyi işlər, qarşıdakı planları barədə söhbətləşdik. VHP Gənclər Təşkilatının demokratik düşərgənin bütün tədbirlərində, o cümlədən forumlarda, etiraz aksiyalarında, fləşmoblarda yaxından iştirak etdiyini, Azərbaycanda baş verən qanunsuzluqlara, özbaşınalıqlara qarşı barışmaz mövqe nümayiş etdirdiyini deyən Pünhan İmamlının sözlərinə görə, onun sədrliyi dövründə də əsas fəaliyyət istiqaməti bu yöndə olacaq: “Azərbaycanda fəaliyyət göstərən digər partiyaların gənclər təşkilatları, həmçinin müxalifyönlü, müstəqil gənclər təşkilatlarıyla birlikdə mübarizəmizi davam etdirəcəyik. Bizi tək-tək məğlub edə bilərlər, amma birlikdə olsaq, öz gücümüzü göstərəcəyik. Ona görə də VHP Gənclər Təşkilatı olaraq, Azərbaycanda dəyişiklik istəyən bütün gənclərin bir olması, bir ideya uğrunda mübarizə aparmasının tərəfdarıyıq”.
VHP bir tərəfdən Ictimai Palatada, yəni, müxalifət koalisiyasında təmsil olunur, həm də bu partiyanın hakimiyyətlə müəyyən yaxınlığı iddia olunur. Bununla belə, VHP-çi gənclər müxalif mövqedən çıxış edirlər. Bu amilin VHP Gənclər Təşkilatının fəaliyyətinə təsirilə bağlı suala cavab olaraq, Pünhan İmamlı deyir ki, VHP müxalif partiyadır: “Insanlarda belə bir fikir formalaşıb ki, əgər hansısa müxalifət partiyası Milli Məclisdə təmsil olunursa, deməli, həmin partiya YAP-ın mövqeyini dəstəkləyir. Amma bu, tamamilə yanlış fikirdir. VHP müxalif partiyadır və onun hakim partiya ilə heç bir yaxınlığı yoxdur”.
Pünhan İmamlı həm hakimiyyətin, həm də müxalifətin gənclər siyasətilə bağlı fikirlərini bölüşərək deyir ki, hakimiyyətin gənclər siyasəti ancaq onu dəstəkləyən gənclər üçün nəzərdə tutulub: “Analoqsuz inkişaf nağıllarına qulaq asıb, sonda göydən üç alma əvəzinə qızıl küpəsinin düşəcəyinə inanan gənclər hakimiyyətin gənclər siyasətindən bəhrələnirlər. Mövcud rejimlə barışmayan və bu rejimə qarşı mübarizə aparan gənclər isə bu siyasətdən tamamilə kənarda qalırlar. Müxalifətin gənclər siyasəti isə siyasi baxışından asılı olmayaraq, bütün gənclər üçün nəzərdə tutulub və ümid edirik ki, bu siyasəti tezliklə həyata keçirmək mümkün olacaq”.
Yeni sədr bizimlə söhbətində demokratik düşərgədə təmsil olunan gənclərin mübarizəsinin perspektivindən də danışdı. Onun sözlərinə görə, demokratik düşərgədə kifayət qədər savadlı və istedadlı gənclər var və onlar öz mübarizələrində yeni metodlardan istifadə edirlər: “Bu, çox yaxşı haldır. Bu gəncliyin bir parçası olan VHP Gənclər Təşkilatının gəncləri demokratik düşərgədə mübarizə aparan gənclərin mübarizəsinin perspektivini yüksək qiymətləndirir və bu yolda gənclərə uğurlar arzulayır”.