Yalnız işğal altındakı torpaqlar azad ediləndən sonra şəhidlərin ruhu şad ola bilər
Ictimai Palataya daxil olan siyasi partiyalar, eləcə də digər ictimaiyyət nümayəndələri dünən Şəhidlər Xiyabanına toplaşaraq, Şuşanın işğalının 20-ci ildönümüylə əlaqədar anım mərasimi keçiriblər. Mərasimə AXCP sədri Əli Kərimli, Müsavat Partiyanın başqanı Isa Qəmbər də daxil olmaqla, Ictimai Palatanın Koordinasiya Şurasının üzvləri, tanınmış ziyalılar, siyasi fəallar, xarici qonaqlar da qatılmışdı. Ictimai Palata Şəhidlər Xiyabanında əvvəlcə 20 Yanvar şəhidlərinin, daha sonra torpaqlarımızın müdafiəsi uğrunda həlak olan Qarabağ şəhidlərinin məzarlarını ziyarət edərək, onların ruhuna dualar oxudular. Şuşanın müdafiəsi uğrunda könüllülərdən ibarət batalyonun komandiri, Şuşa uğrunda döyüşlərdə şəhid olan Ramiz Qənbərovun məzarı önündə qısa nitqlər söylənildi.
“Bu problemi gələcək nəsillərə buraxmayacağıq”
Torpaqların müdafiəsi uğrunda həlak olan bütün şəhidlərə Allahdan rəhmət diləyən Müsavat başqanı Isa Qəmbər bildirdi ki, Azərbaycanın on minlərlə övladı istiqlalımız uğrunda canını qurban verib. Bu gün Azərbaycan məhz həmin insanların hesabına müstəqildir: “Ramiz də belə qəhrəmanlardan biri idi. O, bizim hərəkat, cəbhə dostumuz idi. Təsadüfi deyil ki, onun ölümü ilə Şuşanın işğalı zaman baxımından bir-birinə yaxın oldu…”
Şuşanın hələ də işğal altında inləməsinin bu gün bütün Azərbaycan xalqı üçün utancverici olduğunu deyən Isa Qəmbər vurğuladı ki, bu, ilk növbədə 20 illik işğal müddətinin 19 ilini hakimiyyətdə olan Əliyev rejimi üçün biabırçılıqdır: “Ötən iyirmi ildə Azərbaycan torpaqlarının işğaldan azad edilməsi üçün heç bir addım atmayan, heç bir uğuru olmayanlar hansı sifətlə hakimiyyətdə qalır – bunu anlamaq mümkün deyil”.
Işğal altındakı torpaqlarımızın azad olunacağına əminliyini ifadə edən Isa Qəmbərin sözlərinə görə, bu da ölkədə haqq-ədalətin bərqərar olmasından, xalqın iradəsi ilə formalaşan hakimiyyətin mövcudluğundan keçir: “Bütün hallarda torpaqlarımız azad olunacaq, bizim nəsil bu problemi həll edəcək, bu ağır problemi gələcək nəsillərə buraxmayacağıq. Tanrıdan güc istəyirik ki, bu problemlərin öhdəsindən gəlməyi bacaraq”.
“Bu hakimiyyət torpaq uğrunda vuruşanlara qiymət vermir”
AXCP sədri Əli Kərimli 90-cı illərin əvvəllərində Azərbaycan xalqının ağır bir sınağa çəkildiyini bildirərək, o dövrdə baş verənlərdən danışdı: “Xalqımız müdafiəsiz qalmışdı. Düşmənə keçmiş sovet ordusundan ordu qurulurdu, bizdən isə ov tüfənglərini də yığırdılar. Bu, millətin əsl sınaq günü idi. O zaman qeyrətlilər, Vətən, millət üçün ölməyi özlərinə şərəf bilənlər toparlandılar və bu vətəni müdafiəsiz qoymadılar. Hər yerdə Xalq Cəbhəsinin çağırışı ilə könüllülər silaha sarıldılar və qeyri-bərabər döyüşə yollandılar. Cəbhə bölgəsindəki batalyonlar əsasən Xalq Cəbhəsinin fəallarından ibarət olurdu. Ancaq çox təəssüf ki, nankor insanlar hakimiyyətə gələndən sonra ”Cəbhə qurub” adıyla batalyonları buraxdılar”.
Ramiz Qənbərov haqda danışan AXCP sədri bildirdi ki, o, Xalq Cəbhəsinin Şuşa şöbəsinin sədri, eyni zamanda, Şuşa batalyonunun komandiri idi: “Ümumiyyətlə, əksər yerlərdə belə idi. Yerli şöbə sədrləri eyni zamanda, batalyon komandirləri idi. Öz gücləri hesabına, dişlərilə-dırnaqlarıyla batalyon qururdular, torpaqları müdafiə edirdilər. Təkcə Ramiz Qənbərovun rəhbərlik elədiyi batalyon 157 şəhid verib”.
Əli Kərimli Əliyev hakimiyyətinin torpaqların müdafiəsi uğrunda döyüşən, həlak olan şəxslərə qarşı ögey münasibətindən də danışdı: “Ramiz Qənbərov Azərbaycanın Milli Qəhrəmanıdır. Ancaq nə olsun? Adını harada eşidəcəksiniz? Heç yerdə. Çünki Azərbaycanda elə bir hakimiyyət var ki, onlar üçün nə Milli Qəhrəmanın, nə də vətən, torpaq uğrunda vuruşanların heç bir qiyməti yoxdur. Jurnalistlər sual verdilər ki, necə olur, işğalçı ermənidən qorxmayan Qarabağ döyüşçülərinin bir çoxları indi susmağa məcbur olublar? Vaxtilə əlində silah döyüşən igidlər indi geri çəkilməyə məcbur olublar. Çünki 18 il sərasər bu insanlarla öz hökumətləri savaşıb. Hərəsini bir cür bədbəxt edib. Ölkədən didərgin salıb, həbs edib və bu gün də bu insanlara qiymət verilmir. Bəlkə də bu gün Ramiz Qənbərovun tək təsəllisi odur ki, o, sevdiyi Şuşanın işğalını görmədi. O, öz igidliyilə, şücaətilə gələcək nəsillərə bir örnək qoyaraq dünyadan köçdü. Allahdan bütün şəhidlərimizə rəhmət diləyirəm”.
“Biz bir gün Şuşaya mütləq qayıdacağıq…”
Ictimai Palatanın Koordinasiya Şurasının üzvü, keçmiş baş nazir Pənah Hüseyn bildirdi ki, yalnız işğal altında olan torpaqlar azad ediləndən sonra şəhidlərin ruhu şad ola bilər: “Inşallah, o zaman burada uyuyan bütün şəhidlərimizin müqəddəs ruhu şad olacaq”.
Dini Etiqad və Vicdan Azadlığını Müdafiə Mərkəzinin sədri Hacı Ilqar Ibrahimoğlu Şuşanın işğalından 20 il keçməsinə baxmayaraq, bu cənnət məkanın azad edilməsi üçün heç bir addım atılmamasını təəssüflə bildirdi. Bununla belə, o, Şuşanın işğaldan azad ediləcəyinə əminliyini ifadə etdi: “Əminəm ki, biz bir gün Şuşaya mütləq qayıdacağıq. Şuşanı qaytaranlar da üç rəngli bayrağımızı qəlblərində yaşadan insanlar olacaq”.
Ramin DEKO