Ölkəmizdə insan haqlarının vəziyyəti İsveçdə müzakirə olunub
Milli Helsinki Komitəsi Vətəndaş Assambleyasının sədri azərbaycanlı hüquqşünas Arzu Abdullayeva İsveçin siyasi dairələri və vətəndaş cəmiyyətini Azərbaycanda demokratik dövlətə çevrilməsi prosesini dəstəkləməyə çağırıb.
“Demokratik dəyişiklikləri dəstəkləmək, inqilaba deyil, islahatlara əhəmiyyət vermək lazımdır”, deyə o, mayın 4-də Stokholmda “Eurovision müsabiqəsi fonunda Azərbaycanda vəziyyət” adlı seminarda çıxış edərkən bildirib.
“Ərəb baharının” Azərbaycanda davam etməsi mümkünlüyü haqqında suala cavabda Abdullayeva deyib ki, inqilab faktı özü deyil, Azərbaycanda islahatlar və vətəndaş cəmiyyətinin fəallaşması prosesi əhəmiyyət daşıyır.
O, beynəlxalq demokratik institutları insan hüquq və azadlıqları uğrunda mübarizənin önündə gedən qeyri-hökumət təşkilatlarına dəstək göstərməyə çağırıb.
İsveç tələbələrindən XİN nümayəndələrinə qədər seminar iştirakçılarına Azərbaycanda insan hüquqları, toplaşmaq, mətbuat azadlığı və digər fundamental demokratiya məsələləri ilə bağlı məlumat verilib.
“Jurnalist Xədicə İsmayılovanın başına gələn son hadisələr, Elmar Hüseynovun üstü açılmamış qətli, həqiqəti söyləyən jurnalistlərin, Oqtay Gülalıyevin, İdrak Abbasovun təqibi, siyasi məhbusların və vicdan məhbuslarının mövcudluğu, habelə 60 min vətəndaşın əmlak hüquqlarının pozulması haqqında danışdım”, – deyə Abdullayeva “Turan” agentliyinə bildirib.
Abdullayeva deyib ki, Qarabağ münaqişəsinin həll olunmaması seminarda ayrıca müzakirə mövzusu olub. Qaçqınların vəziyyətinə və danışıqlar prosesinə xüsusi diqqət yetirilib.
Abdullayevanın sözlərinə görə, auditoriya Azərbaycanla bağlı çox sual veririb. Xüsusən, təqaüdlər haqqında soruşublar və belə zəngin ölkədə yaşlı insanların yaşlılıq dövrünü layiqincə qarşılaya bilməmələrinə təəccübləniblər.
Arzu Abdullayeva bildirib ki, İsveçin müxtəlif dairələrinin nümayəndələri ilə, o cümlədən “Eurovision” müsabiqəsinin İsveçli iştirakçısı Lorinlə görüş keçirib. Lorin Azərbaycanda insan hüquqları sahəsində vəziyyətin yaxşılaşması üçün hansısa addımlar atmaq istədiyini bildirib.
Seminarın təşkilatçıları Ulofe Palme Mərkəzi və İsveçin Sosial-Demokrat Partiyası olub. Seminarda həmçinin Ulofe Palme Mərkəzinin baş katibi Cens Orbak, Avropa Parlamentinin İsveçdən olan deputatı Marita Uleveskoq, İsveçin Azərbaycanda keçmiş səfiri Hans Qunnar Aden, habelə məşhur İsveç jurnalisti Fredrik Laurin iştirak ediblər.