Azərbaycan məhkəmələrində hər üç şikayətdən ikisi vətəndaşların banklarla qarşıdurmasıdı
Azərbaycan hökuməti dəfələrlə xalqın vəziyyətinin yaxşı olduğunu, tez bir zamanda kasıbçılığın aradan qalxacağını, bir neçə ilə ölkədə aşağı təbəqənin olmayacağını bəyan edib. Ancaq nə o “bir neçə il” gəlib çatır, nə də xalqın maddi rifahında hər hansı irəliləyiş hiss olunur. Əksinə vəziyyət günü-gündən qəlizləşir.
Insanlar bir qarın çörək üçün ya Rusiya çöllərinə üz tutur, ya da Bakının qul bazarlarında növbəyə durur. Artıq fəhləlik də işə yaramır. Bu sahədə də vakant yerlər dolub. Baxmayaraq ki, paytaxtın hər yeri tikinti-söküntü meydançasına çevrilib.
Hökumətin “ölkədə vəziyyət yaxşıdır” deyimini alt-üst edəcək daha bir fakt məhkəmələrdir. Istənilən məhkəmənin önünə getsəniz, qapının önündə vurulmuş elanlardan hər şeyi açıq-aydın görəcəksiniz. Baş çəkmədiyimiz elə bir məhkəmə yox idi ki, orada pulla bağlı müraciətlər, ümumi şikayətlərin 70 faizindən aşağı olsun, əksinə daha çoxdu. Kimi bankdan götürdüyü kreditlə, kimi alimentlə, kimi də işlədiyi şirkətdən almadığı məvaciblə bağlı məhkəmələrə üz tutub. Məhkəmələrdə bu cür işlərə dırnaqarası baxıb əksər hallarda cavabdehi – şikayət olunan tərəfi müdafiə edir.
Əgər insanların sosial rifahı yüksək olsaydı məhkəmələrə müraciət edərdilərmi? Pulu olan adam banka müraciət edərmi, sonra da məhkəməyə üz tutsun? Haqsızlıq, harınlıq olmasa, şirkət vətəndaşın pulu yeyərmi? Təbii ki, bu sadaladıqlarımız məhkəmələrin önündə olan elanlardan üzə çıxartdıqlarımızdı. Məhkəmələrə müraciət etməyən, vəkil tutmağa maddi imkanı çatmayan minlərlə vətəndaş çarəsiz qalıb.
Təkcə Yasamal Rayon Məhkəməsində 54 işin 38-i pulla bağlıdır. Onların içində “Bank of Baku”, “Azəriqaz bank”, “Dəmirbank”, “Nikoyl”, “Aztelekom”, “Atəşgah” bankları var ki, vətəndaşlar kreditdə onlara yaradılan maneələrlə bağlı müraciətlər edilib. Bəziləri verilən kreditlərdə bankların vəzifə səlahiyyətlərini aşdıqlarını iddia edirlər. Banklarla bağlı işdə yalnız bir şikayət var ki, orada iddiaçı tərəf bankdı. Başqa müraciətlərdə alimentlər ikinci sırada durur. Bu işdə də vəziyyət qənaətbəxş deyil. Ərindən boşanan qadın uşağının saxlanması üçün ondan aliment tələb edir.
Analoji hal Nizami və Nəsimi Rayon Məhkəmələrində var. Belə ki, sözügedən bu instansiyalarda da pulla bağlı edilən şikayətlər bütün müraciətləri ötüb keçib.
Apellyasiya Məhkəməsi isə lap qaz vurub, qazan doldurub. Bura bir növ paytaxt məhkəmələrində olan bütün işlərin statiskasını aparmaq üçün əla məkandı. Apellyasiya Məhkəməsinə cinayət işlərindən dəfələrlə çox maddi problemlərlə müraciət edənlər var. Elə burada da vəziyyət ürəkaçan deyil. Apardığımız kiçik araşdırma nəticəsində məlum oldu ki, vətəndaşların banklarla çox ciddi problemləri var. Üstəlik, o da məlum oldu ki, Azərbaycan məhkəmələrində hər üç işdən ikisi vətəndaşların pulla bağlı müraciətləridir.